Məhkəmə qərarları › İş №2(011)-182/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-182/2024

09.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-182/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13, 2 nömrəli evin divarına bitişik Cavabdeh məxsus tikinti-norma və qaydalarına əməl edilmədən, habelə müvafiq orqanlardan icazə və sərəncam almadan qanunsuz inşa edilmiş tikilinin sökülməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13, 2 nömrəli mənzili iddiaçıya keçmiş Lenin adına toxuculuq kombinatı, indiki Tağıyev adına kombinatda işlədiyinə görə mənzil növbəsi əsasında əldə etmişdir. Həmin mənzil ƏMDK yanında DƏDRX-nin seriya nömrəsi 0214927, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında iddiaçının adına qeydiyyatdan keçmişdir. Qeyd edir ki, iddiaçıya məxsus olan mənzildə iddiaçı, oğlu X6, gəlini X3, nəvəsi X5 qeydiyyatda olmaqla yaşayırlar. Lakin qızı X4 uzun illərdir ki, yəni ən azı 25 ildən də çox müddətdir ki, iddiaçıya məxsus olan bu mənzildən ailə həyatı quraraq köçüb getmişdir. Uzun illərdir hazırki mənzildə yaşamır. Həmçinin qeyd edir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mənzilə bitişik qanunsuz şəkildə inşa edilmiş tikili mövcuddur ki, qızı X4 tərəfindən qanunsuz olaraq kənar şəxslərə kirayə verilmişdir. Həmin qanunsuz tikili həm iddiaçıya məxsus pəncərə və qapını kəsməklə mənzilin otaqlarının havalandırılması kəsmiş və tikinti norma qaydalarına riayət edilməməklə inşa edilmişdir. Bu da iddiaçının və mənzildə yaşayan digər ailə üzvlərinin hüquqlarını pozmaqla mənzilə təhlükə və maneə yaradır. Buna görə də, onların evin divarına qanunsuz, tikinti norma və qaydalarına əməl edilmədən, habelə müvafiq orqanlardan icazə və sərəncam almadan inşa edilmiş, ona evə məxsus pəncərənin qarşısını kəsən qanunsuz tikili sökülməlidir. Tərəflərin izahatları: İddiaçı (onun nümayəndəsi və vəkilinə) məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 isə məhkəmə iclasında mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmiş, iddiaya etiraz edərək, məhkəmədən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlətreyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 364/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Elbrus qızının cavabdeh X2 qarşı Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 nömrəli mənzilindən istifadı hüququnun itirlməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 8055/2022 saylı qərarından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında Cavabdeh pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh BAkı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4616/2023 saylı xx.xx.2023-cü il tarixi qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6786 saylı ekspert rəyindən görünür ki, -qərardadın birinci sualı üzrə tədqiqatın nəticəsi o olmuşdur ki, X1 inşa etdiyi fərdi yaşayış evinin, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 saylı mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədində 5 saylı tikili kimi göstərilən yaşayış otağı tikilisinin küçə tərəfdən divarına bitişik inşa edildiyi müəyyən edilmişdir -qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqatı nəticəsi o olmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 saylı mənzilə küçə və pilləkan meydançasından giriş-çıxış qapısının olduğunu nəzərə alaraq, cavabdeh X1 inşa etdiyi fərdi yaşayış evinin iddiaçıya məxsus mənzilə hər hansı maneə yaratmadığı, eləcə də, həmin mənzilə gün işığının düşməsinin və havalandırılmasının məhdudlaşdırmadığı müəyyən edilmişdir. - qərardadın dördüncü sualı üzrə tədqiqatı nəticəsi o olmuşdur ki, mülki iş materiallarında, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinə dair hər hansı texniki sənədinin (tikintiyə icazə, təsdiq olunmuş layihə və s.) olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. - qərardadın beşinci sualı üzrə tədqiqatı nəticəsi o olmuşdur ki, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin (arakəsmə,pəncərə qoyulması və s) İddiaçı məxsus 2 saylı mənzilin yerləşdiyi binanın yan fasad divarına bitişik inşa edildiyini nəzərə alaraq həmin tikilinin iddiaçıya məxsus mənzilin sərhədlərinə daxil olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 saylı mənzil cavabdehin yaşadığı ünvan ilə birbaşa əlaqəli deyildir. Belə ki, həmin mənzilin qarşısında dayanan zaman ardıcıl olaraq ard-arda bir-birlərinə bitişik tikilməklə ilk olaraq iddiaçının mənzili, daha sonra digər qonşunun yaşadığı fərdi yaşayış evi, daha sonra isə cavabdehin yaşadığı fərdi yaşayış evi inşa edilmişdir. İddiaçının mənzili ilə cavabdehin yaşadığı fərdi yaşayış evinin girişləri fərqlidir. İddiaçının mülkiyyətində olan mənzilin sadəcə bir yataq otağında yerləşən (hazırda üst hissəsinə qapılar qoyulmaqla şkaf kimi istifadə edilən) pəncərə öz dediyinə görə cavabdehin yaşadığı fərdi yaşayış evinə açılır, lakin yerli müayinə keçirilən zaman həmin pəncərənin qarşısına yorğanlar yığıldığından bu hal müəyyən edilməmişdir. Həmin yataq otağında başqa pəncərə mövcud deyildir. Məhkəmə hesab edir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda sözügedən ünvanda cavabdeh tərəfindən inşa edilmiş və hazırda yaşadığı özbaşına tikili iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaratmır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyindən də bəlli olur ki, X1 inşa etdiyi fərdi yaşayış evinin, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 saylı mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədində 5 saylı tikili kimi göstərilən yaşayış otağı tikilisinin küçə tərəfdən divarına bitişik inşa edildiyi, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 saylı mənzilə küçə və pilləkan meydançasından girişçıxış qapısının olduğunu nəzərə alaraq, cavabdeh X1 inşa etdiyi fərdi yaşayış evinin iddiaçıya məxsus mənzilə hər hansı maneə yaratmadığı, eləcə də, həmin mənzilə gün işığının düşməsinin və havalandırılmasının məhdudlaşdırmadığı, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinə dair hər hansı texniki sənədinin (tikintiyə icazə, təsdiq olunmuş layihə və s.) olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümurr qaydaları) tələblərinə uyğun inşa edilmədiyi, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin (arakəsmə,pəncərə qoyulması və s) İddiaçı məxsus 2 saylı mənzilin yerləşdiyi binanın yan fasad divarına bitişik inşa edildiyini nəzərə alaraq həmin tikilinin iddiaçıya məxsus mənzilin sərhədlərinə daxil olmadığı müəyyən edilməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı cavabdehin yaşadığı özbaşına tikilinin ona məxsus olan pəncərə və qapını kəsməklə, otaqların havalandırılmasına mane yaratdığını əsas gətirmişdir. Bu halın müəyyən edilməsi xüsusi bilik tələb edən sahə olduğundan, məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Bundan başqa məhkəmə qeyd edir ki, həmin özbaşına tikilinin inşasında cavabdehin mənafeyi vardır, hazırkı vəziyyətdə cavabdeh həmin tikilidə yaşayır. Buna görə də məhkəmə iddiaçının müvafiq iddia tələbi üzrə düzgün nəticəyə gəlinməsi üçün, həmin mənafe ilə iddiaçının mülkiyyət hüququ arasında ədalətli balansın uzlaşıb-uzlaşmadığının müəyyənləşdirilməsi zəruri hesab edir. Cavabdehin mənafeyi ilə iddiaçının mülkiyyət hüququnun qorunması mənafeyi arasında ədalətli balans mövcuddur və özbaşına tikilinin orada olması cavabdehin digər şəxslərlə birgə mühitdə yaşamaq hüququnun pozuntusu kimi qəbul edilə bilməz. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar