Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1848/2024 21.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə dəyişdirilmiş, xx.xx.2022-ci il tarixdə isə iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacdan kənar qeyri-qanuni xətdən istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 22896 m3 olması müəyyən edilmişdir.
3. Həmçinin, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2022-ci ilin sentyabr ayı üzrə 2747,52 manat məbləğində, xx.xx.2023cü il tarixdə verilmiş ödəniş qəbzində isə 3060,02 manat borcunun olması əks olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı ona məxsus fərdi yaşayış evinə (abonent kodu: **********00000) qanunsuz hesablanmış 3060 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, məlum hadisələrlə bağlı 1993-cü il tarixdən Cəbrayıl rayonundan məcburi köçkün düşərək ünvan 1 ünvanında məskunlaşmışlar. Eyni zamanda, Bakı şəhərində digər ünvanlarda məskulaşan oğlu, qızı, nəvə və nəticələri var. Yaşadıqları evin mətbəxində iki gözü də işləməyən qaz sobası və qazla su qızıdırıcı vardır. Həmin evə gəldikdə nadir hallarda qazdan istifaə edirlər. Düzgün işləməsə də, qanuni tariflə hesablanmasa da, naməlum borclar yazılıb sonra silinsə də, borcunu hər ayın əvvəli qoyulan qəbzlərə görə qaz sayğacına uyğun ödəyir. Bir müddət əvvəl isə heç bir əsas olmadan çöldə quraşdırılmış qaz sayğacına uyğun olmayan ödəniş qəbzi gətirilmiş və həmin qəbzdə 3060 manat ödəməli olduğu göstərilmişdir. Cavabdehə qeyri-rəsmi müraciət oluns da, heç bir nəticəsi olmamışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmin edilmsini məhkəmədən xahiş etdi.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında mütəxəssis qismində dəvət olunmuş AR Energetika Nazirliyi Enerji X1 Bakı filialının nümayəndəsi X4 bildirdi ki, cavabdeh tərəfindən aktın tərtib edilməsi qaydası pozulmuşdur. Sayğacdan kənar xətt aşkar edildiyi halda belə xətt kəsilməli və bununla bağlı kəsim aktı tərtib edilməlidir, lakin kəsim aktı yoxdur. Həmçinin, hesabat 180 gün üzrə aparılmışdır ki, bu da doğru deyil. Bəzi qaz işlədiciləri var ki, məsələn kombi kimi qaz işlədicilərinin yaz-yay aylarında sərfiyyatı 24 saat hesabı ilə aparılmamalıdır. Abonent saldosunda qeyd edilmiş 30,10 manat borc iddiaçı tərəfindən artıq ödənilmiş pul vəsaiti, 9,68 manat borc isə limitlər arasındakı fərqlər əsasında, məsələn müəyyən edilmiş 1200 m3 limit bitdikdən sonra növbəti limitə keçərkən hesablanmış borcdur.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
12. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
13. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
14. 4.8-ci bəndinə bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
15. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
16. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
17. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
22. Məhkəmə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı aktla bağlı qeyd edir ki, yuxarıda qeyd edilən qazdan istifadə ilə bağlı qanunvercilik müddəları istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər.
23. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur.
24. Lakin cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir.
25. Şərh edilənlərdən əlavə, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir.
26. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olubolmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər.
27. Lakin işdən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.
28. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, xx.xx.2022-ci il tarixli aktda qeyd edilən qazdan istifadə qaydalarının ehtimal edilən pozumasında iddiaçının təqsiri müəyyən edilmədiyindən cavabdehin həmin akt əsasında hesabladığı 2790,72 manat pulu iddiaçıdan tələb etməsi əsassızdır.
29. Bundan başqa, iddiaçının adına olan abonent saldosunun “o cümlədən qeyriödənişlər” bölməsində 09.2021-ci il tarixinə iddiaçıya 30,10 manat borcun hesablanması da əks olunmuşdur. Lakin həmin borcun hansı əsasla tətbiq edilməsi, bununla bağlı sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, məhkəmə baxışı zamanı da həmin borcun yaranma əsaslarını izah edə bilməmişdir. Məhkəmə baxışı zamanı mütəxəsis qismində dəvət olunmuş X4 isə məhkəmə iclasında bildirdi ki, abonent saldosunun “o cümlədən qeyri-ödənişlər” bölməsində 09.2021-ci il tarixinə göstərilən 30,10 manat borcun qarşısında mənfi işarəsi olduğundan, əslində həmin pul iddiaçı tərəfindən sayğacın göstəriciləri əsasında hüsablanmış sərfiyyatdan artıq ödəmədir ki, bu vəsait cavabdeh tərəfindən iddiaçının ödənişlərinə aid edilməli idi. Odur ki, məhkəmə hesab edir ki, abonent saldosunun “o cümlədən qeyri-ödənişlər” bölməsində 09.2021-ci il tarixinə iddiaçıya borc olaraq göstərilmiş 30,10 manat pul da iddiaçının abonent hesabından silinməlidir.
30. Lakin məhkəmə hesab edir ki, qalan hissədə, yəni 239,68 manat hissədə (3060 manat – 2820,32 manat = 239,68 manat) təmin edilməməlidir. Belə ki, həmin borcun silinməsinə əsas olan sübutları iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının abonent saldosunun müqayisəli təhlilindən görünü ki, sayğac göstəriciləri əsasında istifadə edilmiş qazın sərfiyyatı iddiaçı tərəfindən bəzi illər üzrə tam ödənilməmişdir. Məsələn, 2022-ci ilin sonuna sayğac əsasında istifadə edilmiş təbii qaz sərfiyyatı 71,52 manat olduğu halda, iddiaçı tərəfindən ödəniş 45 manat olmuşdur. Yaxud, 2023-cü ilin sonuna sayğac əsasında istifadə edilmiş təbii qazın sərfiyyatı 313,32 manat olduğu halda, iddiaçı tərəfindən ödəniş 80 manat olmuşdur. Aparılan müqayisə onu deməyə əsas verir ki, iddiaçı sayğacla istifadə edilmiş, lakin ödənilməmiş təbii qazın dəyərinin silinməsini tələb edir. Lakin sayğac əsasında istifadə edilmiş qazın dəyərini, müəyyən edilmiş tairf qiymətləri əsasında ödəmək, hər bir istehlakçının qanunvericiliklə müəyyən edilmiş öhdəliyidir. Belliklə, şərh edilnlər əsasında məhkəmə hesab edir ki, iddiaçının silinməsini tələb etdiyi 239,68 manat borc təbii qazdan sayğacla istifadə nəticəsində yarandığından, iddia həmin hissədə təmin edilə bilməz.
31. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
32. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 48,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair İddiaçı hesablanmış 2820,32 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 48,20 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı