Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1874/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu: **********00001) sayğacla bağlı 6480 m3 əsassız borcun hesab kodundan (kod: **********00001) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Bağ massivi ünvanındakı (abonent kodu: **********00001) sayğacla bağlı 777.60 manat əsassız borc məbləğinin hesab kodundan (kod: **********00001) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Ramana qəsəbəsi, 2-ci sahədə ona məxsus fərdi evin İTRON tipli G-4 markalı 1302AZ**********10 nömrəli qaz sayğacını Azəriqaz İBnin əməkdaşları sayğacın istismar müddəti bitdiyinə, buna görə də klapanının daima açıq vəziyyətdə qalaraq, işlək vəziyyətdə olmamasına görə Zenner tipli G-4 markalı **********976 nömrəli qaz sayğacı ilə əvəzləmişlər. Çıxarılan sayğacın klapanı daima açıq qaldığından balans bitsə də qaz gəlirdi, lakin qaz sayğacı keçən qaz sərfini ölçürdü. Sayğac çıxarılarkən üzərində -472 m3 dəyəri ödənilməmiş qaz sərfi olub, bu ******* nömrəli AKT-a əksini tapıb və həmin qazın dəyərini ödəmişdir. Sayğac çıxarılarkən onda heç bir kənar müdaxilə halı olmayıb və qaz idarəsinin əməkdaşları sayğacı çıxararkən ******* nömrəli AKT-a onun sadəcə klapanının işlək olmadığını açıq-aydın göstərmişlər. Bu isə sayğacın istismar müddətini başa vurmasına görə onda yaranmış təbii nasazlıqdır. Əgər həqiqətən də sayğacda müdaxilə halı olsaydı qaz idarəsinin əməkdaşları bu barədə AKT-a qeyd etməli, sayğacı qutuya qoyaraq möhürlənməli və dövlət yoxlaması üçün Azəriqaz İ.B-nin Metrologiya Departamentində yalnız onun iştirakı ilə açılıb yoxlanılmalı idi. Lakin Azəriqaz İB əməkdaşları qanunun tələblərini pozaraq sayğacı qutuya qoymamış və onun iştirakı olmadan qaz sayğacını Azəriqaz İB-nin Metrologiya Departamentində birtərəfli qaydada yoxlayaraq özlərindən rəy vermişdilər ki, guya ki, sayğacda müxtəlif müdaxilə elementləri var. Əgər həqiqətən də belə olsaydı o zaman Azəriqaz İ.B-nin əməkdaşları sayğacı çıxararkən bunu mütləq ******* nömrəli AKT-da qeyd edərdilər. Aradan üç ay keçdikdən sonra 29 Sentyabr 2023-cü ildə Azəriqaz İB-nin Bakı Regional Qazın Satışı Departamentin nümayəndələri ona məxsus **********00001 nömrəli abonent hesabına heç bir ciddi araşdırma aparılmadan, labaratoriyada onun iştirakı olmadan aparılmış saxta yoxlamanın rəyi əsasında 6480 m3 cərimə yazmışlar. Onlar bu cərimə məbləğini evdə qazdan istifadə etdiyi qaz cihazlarını inventar etmədən, heç bir məhkəmə qərarı olmadan, qeyri-qanuni şəkildə, birtərəfli qaydada yazmışlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli “Qazdan istifadə qaydaları” haqqında 80 saylı qərarının 4.3-cü bəndinə əsasən əhali qaz sayğacları 5 ildən bir dövlət hesabına yenisi ilə əvəzlənməlidirlər. Qaz idarəsinin əməkdaşları isə 2013-cü ildə quraşdırılmış 1302AZ**********10 nömrəli qaz sayğacını 10 il sonra yəni 2023-cü ildə sayğac istismar müddətini başa vurduqdan, buna görə də sayğacın klapanında nasazlıq yaranandan sonra dəyişiblər. Yəni qanunun tələbini 5 il gecikdirərək, klapanda nasazlıq yaranandan sonra icra ediblər. Habelə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli “Qazdan istifadə qaydaları” haqqında 80 saylı qərarını 4.8-ci bəndində göstərilmişdir – fiziki şəxs olan istehlakçıların, qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qazpaylayıcı həyata keçirir. Yəni onun bilavasitə nəzarət etmədiyi ərazidə, küçədə quraşdırılmız qaz saşğacına onun heç bir cavabdehliyi yoxdur. Yuxarıda qeyd olunan qanunun tələbinə əsasən əhali qaz sayğaclarının işlək vəziyyətdə qalmasına görə cavabdehliyi birbaşa Azəriqaz İB özü daşıyır. X1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00001 abonent kodlu ünvan üzrə “...Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korrozoiyaya uğrayıb” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsinin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00001) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 6480 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK – 14-2-2/3-5-5894/Q001 nömrəli Aktdan görünür ki, G-4 markalı 1302AZ**********10 zavod nömrəli sayğacın yoxlama nəticəsi kimi “Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğac mənfiyə işləyib. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2023, xx.xx.2020, xx.xx.2023-cü il tarixlərində ALARM-1 rejimi aşkar olunub. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır” göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********00001 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 09/2023-cü il tarixi üzrə 777,60 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında quraşdırılmış **********00001 abonent kodlu qaz sayğacı İddiaçının adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, İddiaçı yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “...Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korrozoiyaya uğrayıb” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********00001 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 09/2023-cü il tarixi üzrə 777,60 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir, iddiaçı həmin borcun silinməsini xahiş edir. Bununla belə, iddiaçı və onun ailə üzvləri tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onların təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 777.60 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00001) itirilmiş qazın bərpası məqsədilə yazılmış 777,60 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00001 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1874/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1874/2024
15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver