Məhkəmə qərarları › İş №2(011)-1875/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1875/2024

13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1875/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ünvanında yerləşən yaşayış evinə “Azəri-Qaz“ İstehsalat Birliyi tərəfindən əsassız olaraq köhnə qaz sayğacının dəyəri olaraq hesablanmış 159 manat cərimənin silinməsini və cərimə tətbiq olunan gündən qanunsuz olaraq ondan tutulan məbləğin geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası adlanan ərazidə yerləşən fərdi yaşayış evi İddiaçı istifadəsindədir. Həmin evdə o və onun ailə üzvləri yaşayırlar. xx.xx.2021-ci il tarixində yaşadıqları ünvana quraşdırılan smart kart tipli qaz sayğacının oğurlandığının şahidi olmuşdur. Elə həmin gün o, bununla bağlı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yazılı ərizə ilə müraciət etmişdir. xx.xx.2021 -ci il tarixdə polisdən aldığı arayış əsasında “ASAN” kommunal mərkəzinə müraciət etmişdir. Ona bildirilmişdir ki, yaşadıqları evə bir neçə gündən sonra müvəqqəti olaraq qaz sayğacı quraşdırılacaq, lakin 3 (üç) ay müddətində köhnə qaz sayğacı tapılmazsa sayğacın dəyəri olaraq 159 manat məbləğini ödəməlidir. Bununla bağlı o, öz iradını bildirmişdir. Lakin ona yenə də bildirilmişdir ki, köhnə qaz sayğacı tapılmazsa həmin məbləği ödəməlidir. O, razılaşmayaraq müqavilə bağlamaqdan boyun qaçırdı. Hal-hazırda yaşadıqları evə quraşdırılan qaz sayğacına ödənilən məbləğdən pul tutulur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və iddiaçının izahatını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi əsaslıdır. Buna görə də həmin iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdehnə ünvanlanmış ərizədən görünür ki, İddiaçı **********5 saylı qaz sayğacı oğurlandığına görə baxışın keçirilməsini xahiş edilmişdir. İş materiallarında olan Bakı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin 749 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus, onun yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacı oğurlanmışdır. Hadisə ilə bağlı vətəndaş İddiaçı şikayət ərizəsi hadisələr kitabı 1 749 sayda qeydə alınmış və hal-hazırda araşdırma davam etdirilir. İş materiallarında olan İddiaçı məxsus **********00990 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin iyun ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 159,96 manat borcu mövcud olmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya dəymiş ziyan olaraq 159 manat məbləğində borc hesablanmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasını cavabdeh təşkilat həyata keçirdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, sayğac oğurlandığı halda, sayğacın dəyərinin iddiaçıya hesablanmış borc kimi sonuncudan tələb olunması ağlabatan deyildir. Belə ki, sayğacın oğurlanmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən şübhədən kənar olan mötəbər sübutlar təqdim edilmədiyindən və sayğacın quraşdırılması cavabdehin hesabına həyata keçirilməli olduğundan, sayğacın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, sayğacın dəyəri olaraq iddiaçıdan tələb olunan 159 manat məbləğində borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia tələbləri təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasındə yerləşən yaşayış evində qaz təchizatına görə İddiaçı (abonent kodu: **********00990) 2023-cü ilin avqust ayı üçün hesablanmış 159 (bir yüz əlli doqquz) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar