Məhkəmə qərarları › İş №2(011)-1877/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1877/2024

11.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1877/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ərazisində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə dair qanunsuz və əsassız hesablanmış 2.928,96 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ünvanı kimi qeyd edilən ünvanında yerləşən iddiaçıya məxsus yeni tikilmiş fərdi yaşayış evinə 2022-ci ilin noyabr ayında qaz sayğacı quraşdırılması üçün iddiaçı cavabdehə müraciət etmişdir. İddiaçıya bildirmişlər ki, qaz xəttinin və qaz sayğacının quraşdırıması üçün podrat şirkətləri ilə danışıq edərək qaz sayğacı quraşdırılmasına nail ola bilər. İddiaçı podrat şirkəti ilə 300 manat məbləğinə razılaşmış və xətt çəkilərək fərdi yaşayış evinin çölündə qaz sayğacı quraşdırılmışdır. Lakin iddiaçının cavabdehlə müqaviləsi olmadığı üçün çöldə yerləşən qaz sayğacının yalnız birləşmə xətti bağlanmış, çıxış xətti isə bağlanmamışdır. Evin tikintisi başa çatdığından evin içini təmir etdirdiyi üçün və yaşayış olmadığı səbəbindən qaz sayğacından evə gələn xət çəkilməmişdir. 2023-cü ilin iyul ayında qaz sayğacı naməlum şəkildə yoxa çıxmışdır. Bu barədə iddiaçı cavabdehə məlumat vermiş və bildirilmişdir ki, onların bu haqda məlumatları yoxdur. Ola bilər ki, qaz sayğacı oğurlanmışdır. Oğurluq barədə də iddiaçının hüquq-mühafizə orqanlarına şikayəti əsasında Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırma aparılmış, 02 iyul 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda İddiaçı məxsus evin qaz sayğacı oğurlamış şəxsin əməlində cinayət tərkibi yaradacaq əsas və səbəblər olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilsin kimi qərara alınmışdır. Bundan sonra evin təmiri başa çatdığından və artıq qazdan istifadə ediləməsinə zərurət yarandığı üçün iddiaçı cavabdehlə müqavilə bağlamış və evə yenidən akt əsasında qaz sayğacı quraşdırılmışdır. Amma yenə də qaz xətti sayğacın giriş hissəsinə qədər quraşdırılmışdır. Sayğacdan evə tərəf çıxış isə quraşdırılmamış və cavabdeh bildirmişdir ki, iddiaçının 2.928,96 manat Cavabdeh İB-yə borcu var. Bu səbəbdən qaz sayğacına dair nə kart verilməmiş, nə də ki, evə tərəf xətt çəkilməmişdir. Hazırda isə qaz xəttinin çəkilməsi üçün və qaz kartının verilməsi üçün iddiaçıdan cərimə etdikləri məbləğin ən azı yarısını ödəməyini tələb edirlər. İddiaçı isə qazdan istifadə etmədiyini, hətta qaz sayğacı olduğu zaman evə giriş xəttinin çəkilmədiyini söyləsə də heç bir fayda verməmişdir. Bu barədə iddiaçı cavabdehə əməkdaşlarının qanunsuz hərkətləri barədə məlumat vermişdir və yalnız qanunsuz olaraq, heç bir borcu olmadığı halda 2.928,96 manat məbləği ödəməyini bildirmişlər və yarı pul ödənildikdən sonra qaz kartının verilməsini bildirmişlər. Bu borcun yaranma səbəbləri şübhəlidir. İddiaçının evinə tərəf heç vaxt qaz xətti çəkilməmişdir. Qeyd olunan borc həqiqətə uyğun deyil. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, bildirmişdir ki, həmin ünvanda qazdan istifadə etməmiş, elektrik enerjisindən istifadə edərək ehtiyaclarını qarşılamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evində təmir işləri aparılan zaman həmin ünvana sayğac quraşdırılmış, iddiaçının orada yaşamadığı və təmir aparıldığı vaxtda həmin ünvana verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac oğurlanmış, iddiaçı faktla bağlı 22 iyun 2023-cü il tarixdə hüquqmühafizə orqanlarına müraciət etmişdir. Xəzər RPİ-nin 3-cü PŞ tərəfindən 02 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra iddiaçı rəsmi müraciət edərək yeni sayğacın quraşdırılmasını xahiş etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 31 oktyabr 2023-cü il tarixdə akt tərtib olunaraq oğurlanmış sayğacın yerinə yeni sayğac quraşdırılmışdır. İddiaçı həmin vaxt abonent hesabında cərimə borcunun olduğunu bilmiş və cərimənin silinməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2.928,96 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin sentyabr ayına abonentin 2.928,96 manat borcu mövcuddur. İddiaçı izahatında qeyd etdiyi halı sübuta yetirmək üçün elektrik enerjisindən istifadə ilə bağlı "xxxx" ASC-dən hesabdan çıxarış təqdim etmişdir. Hesabdan çıxarışdan görünür ki, iddiaçının yaşadığı ünvanda 2022-ci ilin sentyabr ayından 2024-cü ilin mart ayına qədər elektrik enerjisindən istifadə edilmişdir və hazırda iddiaçının "xxxx" ASC-yə 168.62 manat borcu var. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac oğurlandığı üçün yenisi ilə əvəzlənmişdir. Cavabdeh iddiaçıdan sayğacın yerində olmadığı vaxtda cərimə hesablamış və həmin məbləği iddiaçıdan tələb etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının abonent hesabına 2.928,96 manat borcun hansı səbəbdən yaranmasını və hansı əsasla iddiaçının abonent koduna hesablanmasını müəyyən etmək mümkün olmamış, qeyd edilən halları təsdiq edən hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının elektrik enerjisindən istifadə etməsi ilə bağlı təqdim etdiyi dəlilə münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutlardan görünür ki, iddiaçı qaz sayğacının evdə olmadığı müddətdə elektrik enerjisindən istifadə etməklə tələbatlarını ödəmişdir. Odur ki, hazırkı məbləğin cavabdeh tərəfindən iddiaçıdan tələb edilməsi qanunsuz və əsassızdır. Məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 2.928,96 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00249 saylı abunə koduna hesablanmış 2.928,96 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 49.29 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00249 saylı abunə koduna hesablanmış 2.928,96 (iki min doqquz yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 49.29 (qırx doqquz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar