Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1878/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 389, 389a, 389b ünvanında yerləşən bağ evi üçün (abonent kodu **********06549) əsassız olaraq borc kimi yazılmış olan 1.037 manat məbləğinin silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 389, 389a, 389b ünvanında yerləşən bağ evi, abonent kodu **********06549 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Həmişə iddiaçı tərəfindən vaxtaşırı ödənişlər olur. O qeyd edir ki, o və ailə üzvləri həmin ünvanda yerləşən bağ evində ilin yalnız yay fəslində (iyunun ortalarından sentyabrın ortalarınadək) yaşayırlar. 2021-ci ilin dekabr ayında cavabdeh qurum tərəfindən həmin ərazidə aparılmış təmirbərpa işlər zamanı evinin istilik sistemi (2 ədəd kombi) zədələnmiş və nəticədə evinin isitmə sistemi çökmüşdür. Həmin nasazlığın aradan qaldırılması məqsədilə çağırdığı təmirçilər problemin təmir-bərpa işləri zamanı təzyiqlə qaz verilməsi nəticəsində borularda olan çöküntülərin (qaynaq qırıntıları və pas çöküntüləri) istilik sisteminin (2 ədəd kombi) zədələnməsinə səbəb olduğunu bildirmişdilər. Ümumilikdə təmir işlərinə təxminən 300-350 manata yaxın pul vəsaiti xərcləmişdir. Daha sonra (2022-ci ilin iyun ayında) istifadəsində olan qaz sayğacının (qaz sayğacı evinin xaricində - küçədə quraşdırılıb və quraşdırmada həm giriş, həm çıxış borusu kimi yalnız dəmir borulardan istifadə olunub) normal işləmədiyini aşkarlamış və bu barədə aidiyyəti qurumun qaynar xəttinə (104) məlumat vermişdir. Qurumun nümayəndələri sıradan çıxmış qaz sayğacını yenisi ilə əvəzləyərək köhnə sayğacı özləri ilə götürmüşlər. Sonra o, ümumi qaydada yeni sayğacda yazılmış borcu ödəmişdir. “G4” tipli qaz sayğacı Metrologiya departamentinə baxış keçirilməsi üçün göndərilmişdir. Aparılmış baxış zamanı tərtib olunmuş aktda qeyd olunmuşdur ki, sayğacın membranı kənar təsir nəticəsində sınıb, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Nəticədə, 8.640 kub metr təbii qaz istehlakçı hesabına əlavə olunmuşdur. Azəriqaz tərəfindən tərtib olunmuş aktda (xx.xx.2022-ci il tarixli, ******* nömrəli) kənar təsir nəticəsində sayğacın zədələndiyi göstərilir. Sayğac dəyişdirilərkən heç bir protokol tərtib edilməmiş, güya kənar müdaxilənin maddi sübutu qismində heç bir foto çəkilməmiş, hər hansı komissiya tərtib edilməmişdir. Eyni zamanda tərtib olunmuş akta tərəfindən imza atılmamışdır. Sayğacın sıradan çıxmasına Cavabdeh İBnin işçilərinin səhlənkar davranışı səbəb olsa da, aktda 8.640 kub metr qaz sərfıyyatı qeyd edilmiş və əsassız “borc” kimi hesablanmışdır. 2023-cü ilin oktyabrında, yəni sayğacın dəyişdirilməsindən 1 il 2 ay (14 ay) sonra yenidən borcunu ödəmək istədikdə ona 1.037 manat (8.640 kub metr təbii qaz) borcun gəldiyini öyrənmişdir. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. 1.037 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. O hesab edir ki, əsassız olaraq borc kimi həm qaz itkisinə, həm də sayğacın qiymətinə görə yazılmış 1.037 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 29\1710-02290-1 nömrəli rəyə əsasən **********3 zavod nömrəli sayğacın membranı kənar təsir nəticəsində sınıb. İş materiallarında olan İddiaçı məxsus **********06549 saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin iyun ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1036,80 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.640 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə MSK – 29\1710- 02290-1 saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, sayğacın membranı kənar təsir nəticəsində sınıb sayğacdan qaz keçir. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş 8.640 m3 qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyan olaraq 1.036,80 manat məbləğində borc hesablanmışdır. Həmçinin dövlət yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, ünvanda qurşadırılmış qaz sayğacı istismara yarasız olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, istismara yararsız qaz sayğacının düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1.036,80 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən şübhədən kənar olan mötəbər sübutlar təqdim edilmədiyindən və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablanmalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə iddiaçıya yazılmış 1036,80 manat məbləğində borc məbləği silinməlidir. İddiaçı öz iddia tələblərində 1.037 manat borcun silinməsini xahiş etməsinə baxmayaraq, 1036,80 manat məbləğindən artıq məbləğdə borcun hesablanması iş materialları ilə müəyyən edilmir. Buna görə də iddia tələbləri 1036,80 manat məbləğində borcun silinməsi hissəsində qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən bağ evi üçün (abonent kodu: **********06549) üzrə İddiaçı 2022-ci ilin iyun ayı üçün hesablanmış 1.036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30,37 (otuz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva