Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-188/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı İzaməddin oğlunun iştirakı ilə, İddiaçı İzaməddin oğlunun Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İzaməddin oğlu Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, təqribən 2005-ci illərdən həmin əraziyə qaz xətti çəkilmiş, evlər qazlaşdırılmış və onların ünvanına da qaz xətti quraşdırılmış, qaz sayğacı qoyulmuş və abonent kodu verilmişdir. Dəfələrlə 2010, 2012, 2013, 2020-ci illərdə heç bir əsas olmadan, abonent kimi onlara məlumat verilmədən, qanunsuz, özbaşına həmin ünvandakı qaz sayğacı dəyişdirilmiş və yüzlərlə, minlərlə abonentlər kimi onlara da süni borclar sıranmağa cəhdlər edilmişdir. Hətta 2012-ci ildə həmin ünvanda yaşayış olmasa da, qaz sayğacından evə qaz xətti çəkilməsə də, onlara 300 manat borc da sıramağa çalışmışlar. Daha sonra isə bunun səhvən edildiyi bildirilmiş və akt tərtib edilərək guya silinmişdir. Qaz sayğacı quraşdırılan tarixdən sayğacın göstəricisinə uyğun olaraq qazın haqqı, dəyəri qəpiyinə kimi vaxtında tərəflərindən ödənilmişdir. 2013-cü ildə quraşdırılmış elektron sayğac da kartla olduğundan işləri də asanlaşmış və pulu karta yükləməklə lazım olduqda qazdan istifadə edilmişdir. Daha sonra karta pul vurmaq mümkün olmamış, müraciət etdikdə isə müqavilə müddətinin bitdiyi, müddətin artırılması üçün ASAN xidmətlə müqavilə bağlamaq lazım olduğu bildirilmişdir. Onlar isə ASAN xidmətə gedərək müqavilə bağladıqdan sonra yenə də həmin kart açılmış və lazım gəldikdə pul vurub istifadə etmək mümkün olmuşdur. Sonradan ənənəvi olaraq heç bir əsas olmadan, məlumat verilmədən, qanunsuz şəkildə reketlər tərəfindən növbəti dəfə həmin ünvanda yerləşən qaz sayğacı dəyişdirilmiş, elektron sayğac çıxardılaraq yerinə 3-5 dəfə sərfiyyatdan artıq yazan mexaniki sayğac qoyulmuşdur. Bir müddət sayğac özbaşına dəyişdirildikdən 24 gün sonra xx.xx.2020-ci il tarixdə onlara ödəniş qəbzi təqdim edilmiş, 24.40 manat borclarının olduğu diqqətlərinə çatdırılmışdır. İki ay sonra, 10 iyun 2020-ci il tarixdə onlara növbəti ödəniş qəbzi təqdim edilərək yeni quraşdırılmış sayğacın göstəricisindən 100 dəfə artıq borc olduğu bildirilmişdir. Yəni sayğacın göstəricisinin (sərfiyyat) 204 kub metr olduğu halda, bunun dəyərinin 20.40 manat olduğu halda, onlara guya 386.20 manat ödəməli olduqları bildirilmişdir. Onlar buna haqlı olaraq etiraz etdikdə isə onlar özbaşına olaraq onların qaz xəttini kəsmişlər. Daha sonra isə ötür-ötür oyunu başlamış, Sabunçu qaz idarəsinə gəldikdə onlara borcun haradan peyda olduğunu izah edə bilməmiş, gah elektron sayğacın düz işləmədiyini, gah da 2012-ci ildən (on il əvvəldən) onların borclarının olduğu bildirilmiş, məsələnin araşdırılması və borcun silinməsinin Departamentlik səviyyəsində mümkünlüyü bildirilmişdir. Departamentə rəsmi qaydada müraciət edilmiş, orada sənədlərə baxılmış və qısa bir vaxtda borcun silinəcəyi söylənmişdir. Həmin tarixdən təqribən dörd aya yaxın vaxt keçmiş, onlara heç bir məlumat verilməmişdir. Təkrarən rəsmi qaydada həmin Departamentə müraciət edildikdə isə sənədlərin Cavabdeh İB-yə göndərildiyi və heç bir tədbir görülmədiyi bildirilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, onun adına olan ünvan 1 ünvanında yerləşən **********00010 abonent kodlu abonentin hesabındakı 580 manat qaz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İzaməddin oğlu iddia tələbini müdafiə etməklə yanaşı, Cavabdeh İB tərəfindən hesablanmış 580 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş Abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il üçün 652.39 manat cərimə borcu vardır. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş 05 aprel 2020-ci il tarixli Bildiriş-Xəbərdarlıqdan görünür ki, X1 24.40 manat borcu vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən məhkəməyə heç bir sübut yaxud etiraz təqdim edilməmiş, eyni zamanda iddiaçının evinə dair hesablanmış 580 manat cərimə borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış 580 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı İzaməddin oğluna məxsus ünvan 1 ünvanına (Abonent kodu: **********00010 olan) dair hesablanmış 580 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-188/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-188/2023
14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver