Məhkəmə qərarları › İş №2(011)-1889/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1889/2024

13.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1889/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evinə yazılmış (abonent kodu: **********00000) 1.555,20 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. İddiaçı həmin ünvana aid qaz sayğacından qanuna uyğun şəkildə istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı iddiaçının mərhum atası X1 adına olmuşdur. 28 mart 2023-cü il tarixində Cavabdeh nümayəndələri iddiaçının xəbəri olmadan yaşadığı ünvana gələrək, qaz sayğacını yenisi ilə əvəz etmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh 01 oktyabr 2019-cu ildə vəfat etmiş mərhum atası X1 adına ******* saylı saxta akt tərtib etmiş və akta görə 1.555,20 manat cərimə hesablamışlar. İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən iddiaçının hər hansı məlumatı yoxdur. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən sübutların tam şəkildə iş materiallarına əlavə edilmədiyini bildirərək işin iddia icraatına keçirilməsini xahiş etsə də, məhkəmə etirazı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki işin iddia icraatına keçirilməsi üçün əsaslar mövcud deyildir. Sübutlar tam şəkildə təqdim edildiyindən, məhkəmə, işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan saldodan görünür ki, ünvan 1 ünvanında yerləşən **********00000 saylı abonent kodu X1 adına rəsmiləşdirilmişdir. Həmçinin, təqdim edilmiş şəhadətnamələrdən görünür ki, X2 iddiaçının atasıdır və o, 07 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. 28 mart 2023-cü il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2023-cü ilin mart ayı üzrə 1.555,20 manat məbləğində borcunun olması əks olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Məhkəmə belə qənaətə gəlir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən məhkəmədə işə baxılması ilə əlaqədar 35.56 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 1.555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 35.56 (otuz beş manat əlli altı qəpik) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar