Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1912/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 1127.10 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2020-ci tarixli akta əsasən, “mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu”ğu göstərilmişdir. Buna görə də mərhum anası X2 adına ümumilikdə 1127.10 (min yüz iyirmi yeddi manat on qəpik) manat məbləğində cərimə yazılmışdır. O qəti şəkildə cərimə pulunun və əsassız şəkildə tərtib edilmiş aktı qəbul etmir. Həmçinin anası X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə isə Təbii qazdan istifadə qaydalırının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktı qəbul edib imzalamaqdan guya anası imtina etmişdir. Halbuki heç xəbəri belə olmamışdır. Ona görə ki, anası həmin evdə tək yaşayırdı. Xəstə olduğu üçün onun yanına yerləşmişdi və həmin cərimə yazılan evdə daim yaşayış olmamışdır. xx.xx.2023-cü il tarixdə həmin cərimə pulundan və mərhum anasının adına tərtib edilmiş aktdan xəbəri olmuşdur. Həmçinin iddia ərizəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də əlavə edilmişdir. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktdan onun xx.xx.2023-cü il tarixdə xəbəri olmuşdur. Bu günə kimi bircə dəfə də olsun onlara bu barədə nə rəsmi, nə də ki şifahi şəkildi məlumat verilməmişdir. Həmin evdən 2 ev aralıda aşkar edilmiş qeyri-qanuni təbii qazın istifadəsinə görə onun mərhum anası cərimə edilmişdir. Halbuki həmin əraziyə yaxın iki ev var. O iddia ərizəsinə fotoşəkilləri əlavə edib mərhum anasının yaşadığı evdən xeyli aralıda aşkar edilmiş qeyri-qanuni təbii qaza görə mərhum anası nə açan cərimə edilməlidir. Hələ üstəlik 3 il müddət keçdikdən sonra onlardan pul tələb olunur. Belə ki, smart tipli qaz sayğacı quraşdırılmış və smart tipli kart bərpa olunmur. Çünki pulun tam ödənilməsi tələb olunur. O isə həmin işin məhkəmə vasitəsi ilə əsaslı araşdırılmasını tələb edir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən iclasında iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları X1 barəsində ünvan 1i ünvanı üzrə 30 aprel 2020-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktda mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacda kənar qeyri qanuni təbii qazdan istifadə edildiyi aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən iddiaçıya 1144,80 manat məbləğində borc hesablanmışdır. X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür (AZ-İİ saylı, 123965 saylı Ölüm haqqında şəhadətnamə). ünvan 1i ünvanında yerləşən 0,04 ha olan torpaq sahəsi vərəsəlik qaydasında İddiaçı keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-3/1469 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil etmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1444.80 manat məbləğində borc hesab edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı abonent tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qaz paylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1217,10 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 31,27 manat məbləğində dövlət rüsumu, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 65 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1i ünvanı üzrə (abonent kodu **********22200) 30 aprel 2020-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən hesablanmış 1127,10 manat (min yüz iyirmi yeddi manat on qəpik) məbləğində borc silinsin. Cavabdehndən 31,27 (otuz bir manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova