Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1936/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2020-ci il tarixli MAS-2755 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1220-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, SVAW01HHFLE220669 ban nömrəli, ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 sentyabr 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2704.50 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 29 iyul 2020-ci il tarixli MAS-2755 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və stifadə edilməsinə görə 05 sentyabr 2022-ci il tarixə ümumilikdə 1068.90 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödəniş məbləğinə gündəlik 0.3% hesablanmaqla cərimə ödəyir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1, 552.2, 747.1, 748-1.8, 748-1.12, 748-7.11 və 748-7.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 29 iyul 2020-ci il tarixli MAS-2755 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 sentyabr 2022-ci il tarixə 533.49 manat gecikdirilmiş əsas, 253.94 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 281.47 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2704.50 manat, ümumilikdə 3773.40 manat borc və ödənilmiş 57.74 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, avtomobil hazırda onda deyil. Övladı vəfat etdiyindən başı qarışıq olmuşdur. Avtomobilin ancaq ön hissəsi xarab olmuşdur. Avtomobili ustaya vermiş, iddiaçı tərəfindən avtomobil götürülmüşdür. Cavabdeh hazırda ödəniş üçün yeni qrafik açılmasını istəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2020-ci il tarixli MAS-2577 nömrəli “Daxili lizinq” müqaviləsinə və 1 nömrəli Əlavədən görünür ki, “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, 2020-ci il buraxılışlı, NVAW01HHFLE220669 ban, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və 13300 manat məbləğinə Lizinq alanın Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 29 iyul 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 29 iyul 2020-ci il tarixli MAS-2577 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə 05 sentyabr 2022-ci il tarixə 533.49 manat əsas, 253.94 manat mükafat borcu, 281.47 manat cərimə borcu olmaqla, cəmi 1068.90 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC (Servis) tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli Qüsur Aktından görünür ki, “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2704,50 manat maddi zərər hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6810 saylı, 04 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı MMC servisin tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2575 manat müəyyən edilmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, 9/6810 saylı, 04 noyabr 2023-cü il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4077 saylı, 04 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan (lizinq müqaviləsinin şərtləri İddiaçı MMC tərəfindən tərtib olunmuş ödənişləri və borcu əks etdirən cədvəl məlumatları) sənədlərə əsasən 29 iyul 2020-ci il tarixli, MAS-2577 saylı Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə (arayış tarixi) İddiaçı MMCyə olan borcunun məbləği aşağıdakı kimi müəyyən edilmişdir: əsas borc 533.49 manat (5683,83 manat - 5150,34 manat), lizinq şirkətiin gəliri üzrə (faiz) borcu – 192,33 manat (4257,99 manat – 4065,66 manat) İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, 9/4077 saylı, 04 iyul 2023-cü il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-nin 748-1.12-ci maddəsinə görə Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.3. Lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq və mükafat məbləğlərinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə mülki işdə olan sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən Cavabdeh 29 iyul 2020-ci il tarixli, MAS-2577 saylı Daxili Lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 533.49 manat əsas borc alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 253.94 manat gecikdirilmiş mükafat borcunun tutulmasını hissəsində hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4077 saylı, 04 iyul 2023-cü il tarixli ekspert rəyi ilə mükafat (faiz) borcu 192,33 manat (4257,99 manat – 4065,66 manat) müəyyən edildiyindən, iddia tələbi həmin hissədə qismən təmin edilərək, Cavabdeh 192,33 manat mükafat borcu alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil (lizinq obyekti) Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olduğu müddətdə həmin avtomobilə zərərin dəyməsi və həmin zərərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6810 saylı, 04 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə 2575 manat müəyyən edilməsi nəzərə alınaraq, həmin həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği azaldılaraq cavabdehdən 53 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 533.49 manat əsas, 192.33 manat mükafat, 53 manat dəbbə pulu və 2575 manat dəymiş zərər olmaqla, cəmi 3353,82 manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 57.74 (əlli yeddi manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun 89%, yəni 51,30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 11 %, yəni 6.44 manat iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1936/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1936/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver