Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1939/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. xx.xx.2021-ci il tarixdə tərəflər arasında MAS-4167 saylı, daxili lizinqi müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı mülkiyyətində olan “Khazar LX” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) illik 24.5 % olmaqla, aylıq 389,61 manat ödəmək şərti ilə, 48 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Müqavilənin qiyməti 21 802 manat müəyyən edilmişdir. Avtomobil xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
2. İddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli, MAS-4167 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 372,63 manat gecikdirilmiş əsas, 402,61 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 272,19 manat dəbbə pulu, həmçinin Avtomobilin təmir-bərpası üçün tələb edilən 1258 manat, ümumilikdə 2305,43 manat borc və ödənilmiş 43,06 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında bağlanmış “Daxili lizinq” müqaviləsinə əsasən Avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödənişləri cədvəlinə əsasən cavabdeh illik 24,5% hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ümumilikdə ödənilməli olan 21802 manatın pulun 14950 manatı əsas məbləği təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş Avtomobil xx.xx.2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1258 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda, cavabdehin "Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə, ümumilikdə 1047.43 manat məbləğində gecikmə borcu yaranmışdır.
Məhkəmə iclasında verilən izahatlar:
4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasnı və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
6. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
7. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
8. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
9. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
12. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
İşə baxan məhkəmənin mövqeyi:
15. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
16. Yuxarıda qeyd olunan maddi hüquq normalarında lizinq müqaviləsinin tərəflərinin öhdəlikləri konkret olaraq göstərilmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh lizinq obyekti olan Avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, lakin müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini vaxtında qaytarmaq vəzifəsini pozaraq öhdəliyini tam yerinə yetirməmişdir.
17. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin 4.4.3cü bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizin obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək vəzifəsini daşıyır.
18. İddiaçının verdiyi xx.xx.2023-cü il tarixli Maliyyə arayışında xx.xx.2022-ci il tarixə cavabdehin 372,63 manat əsas, 402,61 mükafat, 272,19 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1047,43 manat məbləğində borcunun olması göstərilmişdir.
19. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də, müqavilə ilə müəyyən edilmiş lizinq məbləğin tam qaytarmayaraq öhdəliyini pozmuşdur.
20. Lakin məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş əsas və gecikdirilmiş mükafatın məbləğinə dair hissədə qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq espertizasının xx.xx.2023-cü il tarixli, 9/5797 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya 368,57 manat məbləğində əsas borcu, 287,13 manat mükafat borcu vardır.
21. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
22. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dəbbə pulu hissəsində qismən təmin edilməlidir.
23. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
24. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 279,19 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Eləcə də, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesabılanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 20 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
25. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi avtomobilə dəymiş zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin edilməlidir.
26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində Avtomobilə zərər vurulmuş və bunun nəticəsində avtomobilin müəyyən ehtiyyat hissələri dəyişdirilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktına əsasən ehtiyyat hissələrinə və görülmüş işlərə görə ümumilikdə 1258 manat məbləğində ödəniş edilməlidir. Lakin iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq espertizasının xx.xx.2023-cü il tarixli, 9/5789-8/2235 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla Avtomobilin qeydiyyat nişanları avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 899 manat müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərin əvəzi olaraq 899 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə hesab edir ki, 43,06 manat məbləğində dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 150 manat məbləğində pul iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 68%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, MAS-4167 saylı "Daxili lizinq” müqaviləsinə görə 368,57 manat əsas, 287,13 manat mükafat, 20 manat dəbbə pulu və 899 manat dəymiş maddi zərər olmaqla, cəmi 1574,70 manat məbləğində pul və 29,28 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 13,78 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 150 manat məbləğində pul vəsaitinin 102 manat hissəsi Cavabdeh, 48 manat hissəsi İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı