Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-194/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Bakı şəhər 18 saylı Notariat Ofisi, Bakı şəhəri 30 saylı Notariat Ofisi , Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh5 qarşı əqdlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Bakı şəhəri 18 saylı Notariat Ofisi, Bakı şəhəri 30 saylı Notariat Ofisi, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən, Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, 8i-2135 və xx.xx.2020-ci il tarixli 8i-2136 saylı reyestrlə qeydə alınmış ərizələrin, Bakı şəhəri 30 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, 7E-1711 reyestr nömrəli və xx.xx.2010-cu il tarixli, 7E-1727 reyestr nömrəli etibarnamələrin və Cavabdeh1 MTK ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda 3M-214 saylı reyestrlə qeydə alınaraq bağlanmış barışıq razılaşmasının etibarsız hesab edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlədən Cavabdeh1 MTK-nın sədri ilə xx.xx.2009-cu il tarixdə podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı öz riski hesabına ünvan 1 ünvanında yerləşən 0,66 ha torpaq sahəsi üzərində 16 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək barədə öhdəlik götürmüşdür. Həmin MTK ilə arasında olan anlaşılmazlıq məhkəməyə daşınmış və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli 2(103)-1385/2015 saylı qətnaməsi ilə ünvan 2 ünvanında inşa edilən “ Cavabdeh1” MTK-ya məxsus yaşayış binasından 1777,8 kv metr ölçüdə mənzil sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi verilmiş və son günlərədək icra olunmamışdır. İddiaçı Cavabdeh1 MTK ilə mübahisəni öz aralarında qarşılıqlı razılıq əsasında həll etdiyini düşündüyündən, vacib əhəmiyyətli yanılmanın təsiri altında xx.xx.2020-ci il tarixli, 3M-214 saylı reyestrlə qeydə alınmış barışıq sazişinə imza atmışdır. Bundan sonra cavabdeh və vəkilləri tərəfindən AR Ali Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 8i-2136 reyestr nömrəli kassasiya şikayətinin geri qaytarılmasına və eyni zamanda Xətai rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış icra sənədinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli , 8i-2136 reyestr nömrəli ərizələrin verilməsinə və həmin notariat orqanında təsdiq etdirilməsinə nail olmuşlar. Sonra məlum olmuşdur ki, Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri və hüquqşünasları iddiaçının qaynı Cavabdeh5 şirnikləşdirməklə ələ aldıqan və iddiaçının tərəfindən bütün səlahiyyətlərin ona verilməsini ehtiva edən Bakı şəhəri 30 saylı Notariat Ofisində rəsmiləşdirilən xx.xx.2020-ci il tarixli, 7E-1711 reyestr nömrəli və xx.xx.2010-cu il tarixli, 7E-1727 reyestr nömrəli etibarnamələr verməyinə səbəb olduqdan sonra iddiaçının hüquqi savadsızlığından istifadə edərək aldanmağına səbəb olmuşdur. İddiaçı xx.xx.2020-cil tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisinə gedərək xx.xx.2020-cil tarixli, 7E-1711 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 7E- 1727 reyestr nömrəli etibarnamələrə xitam verdirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Bakı şəhər 18 saylı Notariat Ofisi, Bakı şəhəri 30 saylı Notariat Ofisi məhkəməyə müraciət edərək mülki işə onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmağını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin və vəkillərinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx xxxxx 2020-ci il İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış barışıq sazişinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1385/2015 nömrəli xx.xx.2015-cil tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu N.tusi küçəsi 2992 B məhəlləsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasından 1777,8 kv.m ölçüdə mənzil sahəsi Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Yaranmış mübahisə ilə bağlı tərəflər sazişdə göstərilən şərtlərlə razılaşaraq barışıq sazişi bağlamışdılar. Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu N.tusi küçəsi 2992 B məhəlləsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasında mənzillər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1385/2015 nömrəli xx.xx.2015-cil tarixli icra sənədi verilənə qədər başqa-başqa şəxslərə satıldığından, icra sənədinin icrasının təmin olunması məqsədilə Cavabdeh1 MTK İddiaçı kompensasiya təklif etmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1385/2015 nömrəli xx.xx.2015-cil tarixli icra sənədinini təmin olunması üçün Cavabdeh1 MTK tərəfindən təklif olunan kompensasiyanı qəbul etmişdir və bildirmişdir ki, bununla da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1385/2015 nömrəli xx.xx.2015-cil tarixli icra sənədi Cavabdeh1 MTK tərəfindən icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasıının 2(103)1385/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi Cavabdeh1 MTK-ya qarşı inşası baş tutmayan binada 177.8 kv.m sahədə mənzil və ya 739.51 manat məbləğində pul tələbinin rədd olunmasına dair hissədə ləvğ edilmiş və həmin hissədə iddia təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi 2992 B məhəlləsində inşa edilən Cavabdeh1 MTK ya məxsus yaşayış binasından 1777.8 kv.m ölçüdə mənzil sahəsi Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmişdir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlandığı 18 saylı Notariat Ofisinin xüsusi X7 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 14249/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən tərəfindən kassasiya şikayəti verilmişdir. Cavabdeh1 MTK ilə qarşılıqlı razılığa gəldiyindən və mübahisə predmeti aradan qalxdığından yazıb xahiş edir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 14249/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayətini geri qaytarsınlar. İş materiallarında olan İddiaçı Bakı şəhəri 18 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1385/2015 nömrəli 14.04.215-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2992B məhəlləsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasında 1777,8 kv.m. ölmüdə mənzil sahəsi Cavabdeh1 MTK tərəfindən iddiaçı X3 təhvil verilməlidir. Bununla əlaqədar bildirir ki, artıq Cavabdeh1 MTK ilə aralarında razılaşma əldə olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2992B məhəlləsində inşa edilən və Cavabdeh1 MTK-ya məxsus yaşayış binasından 1777,8 kv.m. ölçüdə mənzillər olmadığından, həmin mənzillərin əvəzinə ona müəyyən kompensasiya ödənilmişdir. Həmin kompensasiya tərəfindən qəbul olunmuşdur. Bu səbəbdən də həmin icra sənədi tam olaraq icra olunmuşdur. Odur ki, “İcra haqqında” Azəbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsini rəhbət tuturaq Bakı Apelyasiya Məhkəməsinin 2(103)1385/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə xitam verilməsini xahiş edir. Bundan əlavə bildirir ki, icra sənədinin icrası ilə əlaqədar heç bir iddia və tələbi, şikayəti yoxdur və gələcəkdə olmayacaq. İş materiallarından müəyyən olunur ki, x xxxxx 2020-ci il İddiaçı tərəfindən Cavabdeh5 verilmiş AR-İİ seriyalı 021724 nömrəli Etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq etibar edənin bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan, teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesabatlardan istifadə etməyi, onların üzərində sərəncam verməyi, bütün bank əməliyyatlarını aparmağı, həmçinin plastik kartları sifariş etməyi və almağı poçt teleqraf qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri-dövlət orqanlarında, idarələrdə, kooperativ və ictimai təşkilatlarda, notariat ofisində, Asan xidmət mərkəzlərində nümayəndəsi olmağı, şəxsin adından ərizə verməyi və onları imzalamağı, notariusa müraciət etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı və bu tapşırığın yerinə yetiriliməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir . xx xxxxx 2020-ci il tarixində İddiaçı tərəfindən Cavabdeh5 AR-İİ seriyalı 050951 nömrəli eyni məzmunlu növbəti etibarnamə verilmişdir. İş materiallarından məlum olur ki, İddiaçı Bakı şəhəri, 30 saylı notariat ofisinə verdiyi ərizələrə əsasən Cavabdeh5 bütün əmlak və hüquqlar üzərində sərəncam verilməsinə dair verilmiş xx.xx.2020-cil tarixli reyestrde 7E-1711 nömrə ilə qeyd edilmiş və xx.xx.2020-ci il tarixli reyestrde 7E-1726 nömrə ilə qeyd edilmiş etibarnamələrə xitam verilmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin Bakı Apelyasiya Məhkəməsi, İddiaçı və Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında məlumatın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1385/2015 nömrəli xx.xx.2015-cil tarixli icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı məlumat üçün göndərilmişdir. Həmin məlumatı İddiaçı nümayəndəsi Cavabdeh5 İddiaçı təqdim etmək üçün xx.xx.2020-ci il tarixdə almışdır. İş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o Cavabdeh1 MTK-ya materialları vermiş, iddiaçını oradan tanıyır. Razılaşmışlar ki, ona beton verəcək, MTK da ona 2 mənzil verəcəkdir. Bir müddətdən sonra demişdirlər ki, verilmiş müqavilələr saxtadır. Ofisə getdiyi vaxt Vidadi ona demişdir ki, Bəhruz ona saxta mənzil verib. O isə şikayət edəcəyini bildirdikdə, demişdirlər ki, şikayət etməsin, onun mənzilləri veriləcək. Ona Ali Məhkəmənin qərarını göstərdiklərinə görə inanmışdır. Buna görə də şikayət etməmiş, amma bir çox şəxs şikayət etmişdir. Bəhruzdan niyə icra olunmadığını soruşduqda, o, İcra şöbəsinin 70-ci maddəni tədbiq edib, icra işindən imtina edərək Apelyasiya məhkəməsinə qaytardığını bildirmişdir. Daha sonra Bəhruz həbs olunmuşdur. Şikayətçilər Bəhruzun azadlıqdan çıxdıqdan sonra mənzilin qaytarılması şərtilə ərizə ilə müraciət edərək şikayətdən imtina etdiklərinə görə Bəhruz azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra eşitmişdir ki, qaynına etibarnamə verib. Qaynı da onun xəbəri olmadan MTK ilə barışıq sazişi bağlayıb. İş üzrə şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Bəhruzun qaynatası Fuad ilə müqavilə bağlanılıb. 21550 manat – 16000 manat bəri başdan, 5000 manat 1 həftəyə verilmişdir. MTK tərəfindən onlara verilmiş sənəddə MTK-ya heç bir borcunun olmadığı göstərilmişdir. 2013-cü ildə xəbər verilmişdir ki, Fuad ilə Akifi tutublar. Qaynatası ofisə getdiyi vaxt ona demişdirlər ki, onların adına sistemdə ev yoxdur. Sonra İddiaçı da tutmuşlar. Bəhruzun azadlıqdan çıxdıqdan sonra mənzilin qaytarılması şərtilə ərizə ilə müraiət edərək şikayətdən imtina etdiyini bildirmişdir. Bəhruz azadlığa çıxandan sonra demişdir ki, qaynına etibarnamə vermişdir, onların pulunu qaytaracaqdır. Bu günədək də nə pul nə də mənzil qaytarılmayıb. Bəhruzun qardaşından eşitdiyinə görə MTK ilə Bəhruzun qaynı Rafiq birləşərək Bəhruzu aldadıblar. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, 2011-ci ildə rəhmətlik qardaşı ilə birlikdə ev almaq üçün Cavabdeh1 MTK-nın ofisinə getmiş, alqı-satqı olmuş, 34800 dollar pul vermişdir. Müqavilə bağlanaraq, Cavabdeh1 MTK-dan ev almışdır. Lakin indi evsiz qalmışdır. 7-8 ildir ki məhkəmə prosesləri gedir. Ona məsələnin həll olunacağı vəd edildiyinə görə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, İddiaçı Cavabdeh1 MTK-nın ofisindən tanıyır. Bəhruza pul vermiş, arvadının adına ev almışdır. Ondan sonra öyrənmişdir ki, mənzil ilə bağlı sənədlər saxtadır. Bəhruzun həbsdə qalmağının mənasız olduğunu düşündüyü üçün şikayət etməmişdir. Həmin vaxt Fuad demişdir ki, hər şey düzələcək. Mülki mübahisənin hüquqi əsasını təşkil edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 339.1-ci maddəsinə əsaəsn hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən məcəllənin 347-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istədiyi; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etdiyi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmadığı hallarda vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün yuxarıda istinad edilən qanunvericilik normalarında müəyyən edilmiş şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış Barışıq Sazişin, etibarnamələrin və notarial qaydada təsdiq edilmiş ərizələrin etibarlılığını şübhə altına alan yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəfindən istinad edilən faktiki halları təsdiq edəcək kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Bakı şəhər 18 saylı Notariat Ofisi, Bakı şəhəri 03 saylı Notariat Ofisi, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh5 qarşı Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli , 8-i 2135 və xx.xx.2020-ci il tarixli 8i-2136 saylı reyestrlə qeydə alınmış ərizələrin, Bakı şəhəri 30 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli , 7E-1711 reyestr nömrəli və xx.xx.2010-cu il tarixli , 7E-1727 reyestr nömrəli etibarnamələrin və cavabdeh “ Cavabdeh1” MTK ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri ,18 saylı Notariat Kontorunda 3M-214 saylı reyestrlə qeydə alınaraq bağlanmış barışıq razılaşmasının etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-194/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-194/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver