Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-194/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia ərizəsi üzrə cavabdehin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – Cavabdeh MMC-dən 48840 manat icarə haqqı, müqavilənin birtərəfli qaydada vaxtından əvvəl pozulmasına görə təzminat olaraq 48840 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 97710 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 450 kv.metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və onun həmin əmlaka dair xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (qeydiyyat № **********, reyestr № **********97- 05301-083011). İddiaçı Cavabdeh MMC ilə bağladığı, xx.xx.2020-ci ildə Bakı şəhəri 23 saylı Notariat Ofisində reyestrdə 3M-259 № ilə qeyd olunmaqla təsdiq olunmuş icarə müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan qeyri-yaşayış sahəsini (215 kv.metr birinci mərtəbə və 235 kv.metr zirzəmi) cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə sahəsini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən icarənin müddəti xx.xx.2025-ci ilədək, aylıq icarə haqqı 8140 manat müəyyən olunmuşdur (icarə müqaviləsinin 4.1 və 5.1-ci bəndi). İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarə sahəsi icarəçiyə təmirsiz vəziyyətdə verilmişdir. Ona görə də razılaşmaya əsasən icarəçi müqavilənin qüvvəyə mindiyi tarixdən ilk 6 ayın haqqını ödəmişdir və sonrakı 6 ay isə icarə sahəsinin icarəçi tərəfindən təyinatı üzrə hazırlanması üçün ayrılmış və bu müddət hesabat dövrünə daxil edilməmiş, yəni sonrakı 6 ay üçün icarə haqqı hesablanmamışdır (müqavilənin 3.2 və 5.5-ci bəndləri). Cavabdeh icarə müddətinin ilk 6 ayının icarə haqqını ödəsə də, lakin icarə sahəsinin təmirini həyata keçirməmiş, icarə sahəsini iddiaçıya lazımı qaydada təhvil vermədən müqaviləni faktiki olaraq vaxtından əvvəl pozmuşdur. Halbuki, müqaviləyə görə icarəçi öz hesabına icarə sahəsini təmir etmək öhdəliyi götürdüyü üçün sonrakı 6 ayın icarə haqqından azad edilmişdir. İddiaçı bu öhdəliyini icra etmədiyi üçün xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan 6 ay üçün 48840 manat (8140x6) icarə haqqını iddiaçıya ödəməlidir. Bundan başqa, müqavilənin 6.3.15-ci bəndinə görə müqavilə icarəçi tərəfindən birtərəfli qaydada vaxtından əvvəl pozulduğu halda təzminat olaraq 6 ayın icarə haqqını icarəyəverənə ödəməlidir. Müqavilənin 6.2.3-cü bəndinə görə icarəyəverən icarəçi tərəfindən bu müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini icarəçidən tələb edə bilər. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan 6 ay üçün 48840 manat icarə haqqını və müqaviləni birtərəfli qaydada vaxtından əvvəl pozduğu üçün təzminat olaraq 48840 manat pulu iddiaçıya ödəməlidir. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı – İddiaçı Cavabdeh MMC-nə qarşı iddiasının rədd edilməsi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv olunması və İddiaçı icarə haqqı qismində ödənilmiş 42000 Azərbaycan manatı və ilkin təmir üçün xərclənmiş 7500 Azərbaycan manatının və məhkəmə rüsumu kimi ödənilmiş 30 manat olmaqla, ümumilikdə 49530 Azərbaycan manatı həcmində pul vəsaitinin tutularaq Cavabdeh MMC-nə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq 6 aylıq icarə haqqı (42000 Azərbaycan manatı) dəyərində pul vəsaiti cavabdehin bank hesabına köçürülmüşdür. İcarə müqaviləsi bağlamaqda Cavabdeh MMC olaraq iddiaçının məqsədi müvafiq qeyri-yaşayış sahəsinin təmir edilməsi olmayıb, həmin qeyri-yaşayış sahəsini öz biznes konseptinə uyğun şəkildə təmir etməklə və zəruri mal-material, avadanlıqlar almaqla biznes konseptinə uyğun olaraq kommersiya fəaliyyətini həyata keçirərək gəlir əldə etmək olmuşdur. Bu məqsədlə icarə müqaviləsi bağlandıqdan dərhal sonra qeyri-yaşayış sahəsinin interyer dizaynının hazırlanması və təmirinin həyata keçirilməsi üzrə fəaliyyətə başlanılmışdır. İcarə müqaviləsi bağlandıqdan cəmi iki həftə sonra (xx.xx.2020-ci il tarixində) Azərbaycan Respublikasında Covid-19 virusuna ilk yoluxma faktı qeydə alınmışdır. Keçən ilin mart ayından etibarən isə bütün ölkə miqyasında Covid-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə məhdudiyyətlər tətbiq olunmağa başlanılmışdır. Eləcə də, “X6” tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhərində yerləşən bütün qeyri-yaşayış sahələrində həyata keçirilən bütün təmir işlərinin dayandırılması ilə bağlı tapşırıq verilmiş və bu tapşırıq ötən ilin may ayına qədər qüvvədə qalmışdır. Pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin zaman etibarilə daha da sərtləşdirilməsi və əlavə məhdudiyyətlərin tətbiqi (sosial məsafə, ictimai iaşə obyektlərinin iş qrafiki ilə bağlı məhdudiyyətlər, biznes konseptinin əsas hissəsi olan qəlyan xidmətləri ilə bağlı nəzərdə tutulmuş əlavə məhdudiyyətlər) və sonradan müharibənin başlanması nəticəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, mövcud şəraitlə bağlı yaranmış maliyyə itkiləri, eləcə də mövcud şərait daxilində biznesin müvafiq layihə üzrə gəlir əldə etmə perspektivinin olmaması səbəbindən tərəfindən müvafiq layihənin icrasının ağlabatan olmaması qənaətinə gəlinmiş və bununla bağlı İddiaçı məlumat verilmişdir. İlkin iddia üzrə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin 6.2.3 və 6.3.15 bəndlərini rəhbər tutmaqla öz tələblərini AR Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələri ilə əsaslandırmışdır. Mülki Məcəllənin sözügedən maddələrində müvafiq olaraq qeyd olunmuşdur: “Zərərin əvəzinin tələb edilməsi hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Cari münasibətlər çərçivəsində İddiaçı MM-in 21.2-ci maddəsinə əsaslanaraq hər hansı pul vəsaitinin onlardan tələb etməsi ilə bağlı iddiası tamamilə əsassızdır. Belə ki, həmin maddəyə bir daha diqqət etdikdə aydın olur ki, İddiaçı heç bir real zərər dəyməmişdir (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi). Onun əmlakı zədələnməmiş, əldən çıxmamış və yaxud da real maliyyə itkisi ilə üzləşməmişdir. Buradan məlum ola bilər ki, İddiaçı tələbi real zərərlə bağlı olmayıb, əldən çıxmış fayda ilə bağlıdır. Mülki Məcəllənin müvafiq maddəsinə bir daha diqqət yetirərək “Əldən çıxmış fayda” anlayışı ilə bağlı verilmiş açıqlamaya baxdıqda Mülki Məcəllənin müvafiq maddəsində qeyd olunur ki, “Əldən çıxmış fayda dedikdə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər basa düşülür”. Yəni şəxs adi mülki-iqtisadi münasibətlər çərçivəsində əldə edəcəyini ehtimal etdiyi gəliri onlardan tələb edir. Ancaq burada əsas nüanslardan biri unudulur. Keçən ilin mart ayından etibarən bu günədək davam etməkdə olan pandemiya adi mülki dövriyyə münasibətlərinə nə dərəcədə təsir edib? Ümumiyyətlə şəxs müqavilə münasibətlərinə daxil olduqdan sonra bu günədək adi mülki-iqtisadi münasibətlər faktiki olaraq mövcud olubmu? Təbii ki, COVİD-19 virusunun yayılması, bununla bağlı tətbiq olunan və hələ də davam edən məhdudiyyətlər iddiaçıya deməyə əsas verir ki, sözügedən müqavilə bağlanan zaman mövcud olan münasibətlər adi mülki münasibətlər olsa da, dərhal sonra cari pandemiyanın yayılması bu münasibətlərin adi mülki münasibətlər olmaması ilə nəticələnmişdir. Bu baxımdan, İddiaçı adi mülki münasibətlərə əsaslanmaqla iddiaçıya qarşı hər hansı pul tələbinin olması tamamilə əsassızdır. İlkin iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qismən qəbul edərək, qarşılıqlı iddianı icarə müqaviləsinin ləğv edilməsi hissəsində qəbul edərək, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdehin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etdi və məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsassızdır, qarşılıqlı iddia isə qismən əsaslıdır. Buna görə də ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh MMC adından X3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, X3 (Cavabdeh MMC-nin təsisçisi) tərəfindən İddiaçı hesabına ümumilikdə 42000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nə icarə haqqının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № CL-02 saylı məktubun surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı icarə müqaviləsinin qarşılqılı razılıq əsasında ləğv olunması və pul vəsaitinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli № CL-003 saylı məktubun surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı icarə müqaviləsinin qarşılqılı razılıq əsasında ləğv olunması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli № CL-005 saylı məktubun surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı icarə müqaviləsinin qarşılqılı razılıq əsasında ləğv olunması və pul vəsaitinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5945 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 450 kv.metr olan qeyri-yaşayış sahəsinin daxilində əlavə tikinti işləri aparılaraq ilkin vəziyyəti saxlanılmamışdır. Lakin mülki iş materiallarından olan və baxış zamanı təqdim olunmuş foto şəkillərdən görünür ki, qeyri-yaşayış sahəsinin birinci və zirzəmi mərtəbəsinin divarlarına şpaklyovka çəkilmişdir. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2020-ci il fevral ayı üçün mövcud olan bazar qiymətləri nəzərə alaraq ümumi dəyəri təqribən 2486 manat məbləğində müəyyən olunur. Aparılmış təmir işlərinə çəkilmiş xərclərin amortizasiya (köhnəlmə) əmsalı tədbiq olunmaqla dəyərini müəyyən olunmasına dair metodika olmadığı üçün, təmir işlərinə amortizasiya (köhnəlmə) əmsalı tədbiq olunmaqla dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işlərinin nədən ibarət olması, həmin tikinti işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyin tədqiqat hissəsində göstərilən smetada ətraflı göstərilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən İddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nə icarəyə verilmiş, müqavilə təsdiq edildiyi andan xx.xx.2025-ci il tarixədək qüvvədə olmasına dair tərəflər razılaşmış və 6 aylıq icarə haqqı əvvəlcədən icarəçi tərəfindən ödənilmiş, növbəti 6 təqvim ayı üzrə icarə haqqı icarəçi tərəfindən icarə obyektinin təyinatı üzrə hazırlanması üçün ayrılmışdır və bu müddət hesabat dövrünə daxil olmamışdır. Müqavilədə aylıq icarə haqqı 8140 manat müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı həmçinin mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası ərazisində Covid-19 virusu ilə bağlı məhdudlaşdırılmalar başlanmış, bununla bağlı icarəçi Cavabdeh MMC tərəfindən göstərilən ünvanda təmir işləri tam aparılmamış, həmçinin icarə obyektindən təyinatı üzrə istifadə edilməmişdir. Digər tərəfdən, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, X3 (Cavabdeh MMC-nin təsisçisi) tərəfindən İddiaçı hesabına ümumilikdə 42000 manat pul vəsaiti (icarə haqqı) köçürülmüşdür. Məhkəmə ölkə ərazisində baş vermiş pandemiya şəraiti ilə əlaqədar hesab edir ki, icarə müqaviləsi üzrə götürülən öhdəliklər tərəflərin iradəsindən aslı olmayan səbəblərdən icra edilməmişdir. Hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan göründüyü kimi, tərəflər aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə qarşılıqlı razıdırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Qeyd edilən Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə ilk növbədə “icarə müqaviləsinin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, hər iki tərəf müqavilənin ləğv edilməsinə qarşılıqlı şəkildə razı olduqlarından, tərəflər arasında bağlanmış icarə müqaviləsi Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, ləğv edilməli və qarşılıqlı iddia göstərilən hissədə təmin edilməlidir. Məhkəmə həm ilk iddia tələblərinə, həm də qarşılıqlı iddia tələbinin pulun tutulması ilə bağlı hissələrinə hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin onun tərəfləri olan icarəyə verən İddiaçı və ya icarəçi Cavabdeh MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulması müəyyən edilmədiyindən, onlar müqavilə üzrə icra etdiklərini Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən geri ödənilməsini tələb edə bilməzlər. Odur ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia göstərilən hissələrdə əsassız olduğundan, təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumu ödəyən tərəflərin özlərinə aid edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilmədiyindən və qarşılıqlı iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə daxil olan ekspertiza tədqiqatının dəyəri olan 100 manat ilk Cavabdeh MMC-dən tutularaq, dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – Cavabdeh MMC-dən 48840 manat icarə haqqı, müqavilənin birtərəfli qaydada vaxtından əvvəl pozulmasına görə təzminat olaraq 48840 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 97710 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14 fevral 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-194/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-194/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver