Məhkəmə qərarları › İş №2(011)-1940/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1940/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1940/2021 27.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyun 2018-ci il tarixli müqaviləyə əsasən Gorenje markalı tozsoran, Braun markalı ütü, Vitek markalı tozsoran üçün 124 manat ödənilməmiş hissə, 12 manat cərimə, 23 avqust 2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı ətçəkən üçün 82 manat ödənilməmiş hissə, 8 manat cərimə, 06 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən məhsulun qaytarılmasından sonra 330 manat ödənilməmiş hissə, 0 manat cərimə olmaqla, ümumilikdə 556 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 586 manat pulun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “xxxx” MMC-nin arasında bağlanmış 16 iyun 2018-ci il, 23 avqust 2018-ci il və 06 dekabr 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh Gorenje markalı tozsoran, Braun markalı ütü, Vitek markalı tozsoran, Hoffmann markalı ətçəkən almış və məhsulun qaytarılmasından sonra 556 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 16 iyun 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 702 manat olan Gorenje markalı tozsoran, Braun markalı ütü, Vitek markalı tozsoran üçün ümumilikdə 136 manat olmaqla, 124 manat ödənilməmiş hissə, 12 manat cərimə pulu borcu, 23 avqust 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 252 manat olan Hoffmann markalı ətçəkən üçün ümumilikdə 90 manat olmaqla, 82 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu borcu, 06 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 364 manat olan məhsulun qaytarılmasından sonra ümumilikdə 330 manat olmaqla, 330 manat ödənilməmiş hissə yaranmışdır. Cavabdeh 16 iyun 2018-ci il tarixli müqaviləyə əsasən, Vitek markalı tozsoranı 08 avqust 2018-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 144 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 782 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 16 iyun 2018-ci il, 23 avqust 2018-ci il və 06 dekabr 2019-cu il tarixli müqavilələr bağlanmış, cavabdeh Gorenje markalı tozsoran, Braun markalı ütü, Vitek markalı tozsoran, Hoffmann markalı ətçəkən almış və məhsulun qaytarılmasından sonra 556 manat borc yaranmışdır. Cavabdeh 16 iyun 2018-ci il tarixli müqaviləyə əsasən, Vitek markalı tozsoranı 08 avqust 2018-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 144 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 25 noyabr 2020-ci il tarixə cəmi 556 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, 16 iyun 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 124 manat əsas, 12 manat dəbbə pulu, 23 avqust 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 82 manat əsas, 8 manat dəbbə pulu, 06 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 330 manat ödənilməmiş hissə, ümumilikdə 556 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 16 iyun 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 124 (yüz iyirmi dörd) manat əsas, 12 (on iki) manat dəbbə pulu, 23 avqust 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 82 (səksən iki) manat əsas, 8 (səkkiz) manat dəbbə pulu, 06 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən məhsulun qaytarılmasından sonra 330 (üç yüz otuz) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 556 (beş yüz əlli altı) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar