Məhkəmə qərarları › İş №2(011)-1945/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1945/2023

02.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1945/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı X2 Rasim Faiq oğlunun “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlə aralarında bağlanmış “xx.xx.2019-cu il tarixli, 03/0067/DLİZ №-li daxili lizinq müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə Cavabdeh MMC İddiaçı, X1 və X3 qarşı daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və borc tələbi barədə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-173/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0067/DLİZ nömrəli müqavilə ləğv edilmiş, həmin müqaviləyə əsasən yaranmış 25576,98 manat əsas borc, 7843,61 manat mükafat borcu, 111,83 manat gecikdirilmiş cərimə məbləği, cəmi 33532,42 manat lizinq borcu, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi və Cavabdeh MMC-yə məxsus “HOWO Yük” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-173/2022 saylı qətnaməsindən tərəflər apelyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvəsini almışdır. Hazırkı iddia ərizəsi ilə də İddiaçı Cavabdeh MMC-yə qarşı iddia irəli sürərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0067/DLİZ №-li daxiili lizinq müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı eyni iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq, hazırki iş üzrə cavabdehə qarşı, eyni müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həçminin, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərrdadında qeyd edilir ki, ....əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir.... İşdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır. Prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi müqavilə Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi ilə ləğv edildiyindən, ləğv edilmiş müqavilənin etibarsız hesab edilməsi mümkün olmadığından, habelə həmin müqavilə üzrə tərəflər arasındakı mübahisə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə artıq başa çatdığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərrdadında qeyd edilir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar