Məhkəmə qərarları › İş №2(011)-1965/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1965/2023

31.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1965/2023 31.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Abşeron rayonu, Müşviq qəsəbəsi, 28 May yaşayış massivində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Hazırda həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, qaz sayğacı isə xeyli müddətdir ki, quraşdırılmışdır. Ünvana məxsus qaz kartına pul yüklədikdə kartın blokda olduğunu öyrənmiş, bununla bağlı cavabdeh təşkilata müraciət etmiş və oradan ona bildirmişlər ki, onun evinə aid qaz sayğacında problem olmuş və bununla bağlı cərimə ödəməlidir. Məlumat üçün bildirmişdir ki, qaz sayğacı aparılarkən qaz sayğacına tərəfindən hər hansı müdaxilə edilməmişdir. Ümumiyyətlə akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş, akt onun tərəfindən imzalanmamışdır. Qaz İdarəsinin əməkdaşları ona bu səbəbdən 553 manat sərfiyyat haqqı, dəymiş ziyan kimi borcun ödənilməli olduğunu bildirmişdir. Bununla yanaşı, 235.88 manat sayğacın dəyəri də ondan tələb olunmuşdur. Tərəfindən 118 manat sayğacın dəyərindən ödənildikdən sonra qaz sayğacı müvəqqəti blokdan açılmışdır. Həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmiş və qaz xəttinə hər hansı kənar müdaxilə edilməmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Çünki o, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmişdir. Bundan başqa onun və ya ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Müşviq qəsəbəsi, 28 May yaşayış massivində yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********07920) əsassız olaraq hesablanmış 553 manat borcun və sayğacın dəyəri olaraq tələb olunan 235.88 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən silinməsi və eyni zamanda tərəfindən ödənilmiş 118 manat pulun geri qaytarılması barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2018-ci il üçün 553 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 mart 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Müşviq qəsəbəsi, 28 May yaşayış massivində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent qanunsuz olaraq qeyri-qanuni sayğacdan istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/779 saylı, 16 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Abşeron rayonu, Müşviq qəsəbəsi, 28 may yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında və ona bərkidilmiş giriş-çıxış boruda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, qaynaq izi aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş “Gasrep” hesabdan çıxarışdan məlum olur ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Müşviq qəsəbəsi, 28 May yaşayış massivində yerləşən fərdi yaşayış evi ilə bağlı 139.41 manat məbləğində borca görə tutulma həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 mart 2018-ci il tarixli, ******* nömrəli aktın surətində “abonent qanunsuz olaraq qeyri-qanuni sayğacdan istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış sayğacın dəyəri olaraq 235.88 manat məbləğində borcun və 553 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/779 saylı, 16 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Abşeron rayonu, Müşviq qəsəbəsi, 28 may yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında və ona bərkidilmiş giriş-çıxış boruda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, qaynaq izi aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı evə dair hesablanmış 553 manat məbləğində borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 118 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Müşviq qəsəbəsi, 28 May yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********07920) dair sayğacın dəyəri olaraq hesablanmış 235.88 manat pul vəsaiti və əsassız hesablanmış 553 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 118 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar