Məhkəmə qərarları › İş №2(011)-1966/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1966/2021

19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1966/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı oğlunun «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Maştağa qəsəbəsi, X2, Xanlar küçəsi ev 107 ünvanında yerləşən yaşayış evinə dair hesablanmış 836.10 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2, Xanlar küçəsi ev 107 ünvanında yaşayır, cavabdehlə olan müqaviləyə əsasən yaşayış evi qazla təchiz edilmiş, ünvana smart tipli qaz sayğacı quraşdırılmışdır.2019-cu il tarixdə sayğac çıxarılmış, yeni sayğacla əvəzləşdirilmişdir. «Azəriqaz» İB tərəfindən ona əsassız borc hesablanmışdır. Bu barədə «Azəriqaz» İB-yə müraciət etdikdə ona məxsus yaşayış evində sayğacdan kənar qanunsuz xəttin aşkar edilməsi və buna görə də akt tərtib edildiyi bildirilmişdir. İddiaçı bildirmişdir ki, həmin ünvanda qazdan istifadə etmiş və istifadə etdiyi qazın pulunu vaxtvaxtında ödəmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 02.12.2016-cı il tarixli ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda olan “SMART G-4” markalı 1102AQ**********1 nömrəli qaz sayğacı çıxarılaraq, yeni “SMART G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olunması qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin 30.04.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30.04.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə aparılmış hesabat üzrə 7992 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin 21.12.2020-ci il tarixli SOCAR**********30560046X02277 saylı məktubundan görünür ki, 18.12.2020-ci il tarixdə hesabında 836.10 manat məbləğdə borc mövcuddur və tərəfindən ödənilməli olması qeyd edilmişdir. İş materiallarında olan İddiaçı Abonent saldo sənədindən görünür ki, onun **********20000 saylı abonent hesabına 831,60 manat borc hesablanmışdır. İş materiallarında olan “Azəriqaz” İB-nin 10.12.2020-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar Aktından görünür ki, mənzilə baxış zamanı İddiaçı mənzilinə yazılmış cərimə aktının səhvən yazıldığını, bu cərimə aktının qonşuluqda yaşayan Afiq Kazımovun **********60000 saylı abonent koduna keçirilməsi məqsədə uyğundur. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə baxış keçrilərəkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə akt tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə 831,60 manat borc hesablanmışdır, həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. İddia tələbinin qalan hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçının abonent saldosunda borcu iddia ərizəsində göstərilən 836.10 manat deyil, 831,60 manat həcmindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən iddiaçının qazdan qeyri-qanuni istifadə etmə halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi qismən təmin edilməli, «Azəriqaz» İB tərəfindən İddiaçı Əlisahib oğlunun **********20000 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 831,60 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı **********20000 saylı abonent koduna itirilmiş qaz sərfiyyatının bərpası üzrə hesablanmış 831 (səkkiz yüz otuz bir) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar