Məhkəmə qərarları › İş №2(011)-1997/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1997/2023

06.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1997/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yerləşən cavabdeh "xxxx" ASC tərəfindən inşa edilmiş çoxmərtəbəli və çoxmənzilli binanın qarşısında qeyri-qanuni inşa edilmiş hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində əlavə tikilinin layihə sənədlərinə uyğun olaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yerləşən cavabdeh "xxxx" ASC tərəfindən inşa edilmiş çoxmərtəbəli və çoxmənzilli binadan mənzil sahəsi almışdır. Mənzili almazdan əvvəl tikinti şirkəti yeni tikilən binanın qarşısında olan boş sahədə istirahət mərkəzi tikiləcəyini və park salınacağını bildirmişdir. Lakin sonradan iddiaçının aldığı evin qarşısında təxminən 10 metr məsafədə hündür mərtəbəli bina tikilmiş, həmin bina onun mənzilinin tam qarşısını kəsmişdir. Mənzilin havalanması çətinləşmiş və mənzilə gün işığı demək olar ki düşməmişdir. İddiaçı mənzilin qarşısının tam kəsilməsi, havalanma getməməsi və gün işığının düşməməsi səbəbindən mənzildə yaşaya bilmir. Binanın tikilməsi azmış kimi, cavabdeh həmin binanın üstündə əlavə tikili də inşa etmişdir. İddiaçı həmin binanın və onun üstündə tikilmiş hasarın layihə-eskiz sənədlərinə baxmaq və həmin sənədlərin hansı orqanlarda və kim tərəfindən təsdiq edildiyini bilmək istədikdə, cavabdeh ona həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Hündürmərtəbəli binanın üstündə əlavə tikilmiş 10 metr hündürlükdə olan hasarın da hansı məqsədlə tikildiyi sualına da aydınlıq gətirilməmişdir. Ona görə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhəri İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək onlardan mənzilin qarşısını kəsən tikilinin qanuni və əsaslı olubolmamasını aydınlaşdırmalarını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 21 dekabr 2022-ci il tarixli S-10s/2-012 nömrəli məktubu ilə iddiaçıya cavab verilmişdir ki, “mövcud qanunvericiliyə uyğun olaraq Açıq Səhmdar Cəmiyyəti və payçılar arasında imzalanmış müqavilə şərtlərinə əsasən tərəflərin öhdəliklərinə əməl olunmadığı təqdirdə və hüquqazidd hərəkətlər baş verdikdə hüquqmühafizə və məhkəmə orqanlarına müraciət olunmalıdır”. Cavabdeh tərəfindən qanunsuz tikililərin inşa edilməsi Azərbaycan Respublikasının Mənzil və Mülki Məcəlləsinin tələblərinə uyğun deyil və çoxmənzilli binanın mülkiyyətçilərinin hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Mənzilin qarşısının tam kəsilməsi, mənzilə gün işığı və havanın daxil olmaması səbəbindən iddiaçı 2010-cu ildə aldığı mənzildə indiyə qədər bir gün belə yaşamamış, həmin mənzili sata da bilməmişdir. Bu neçə illərdə mənzili ola-ola o, kirayədə yaşamışdır. Bu da onun əsəb sarsıntısı keçirməsinə səbəb olmuşdur. Respublika daxilində və xarici ölkələrdə saysız-hesabsız xəstəxanalarda müayinə olunmuş, müalicələr almışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İddiaçı ona məxsus evin qarşısındakı binanın yuxarı (mansar) hissəsində inşa edilmiş ekran tipli tikilinin onun evinə düşən işığın və gələn havanın qarşısını alması səbəbindən istinad olunan tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarının araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli rəydən görünür ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yerləşən çoxmərtəbəli binanın qarşısındakı hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikili inşa edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2. bəndinin tələblərinə riayət olunmadığı müəyyən edilir. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yerləşən çoxmərtəbəli binanın qarşısındakı hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikilinin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında İddiaçı mülkiyyətində olan mənzilin təbii havalandırma və işıqlandırılmasına maneələr yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmayıb, həmin sahə üzrə müvafiq qurumlardan (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarəti Baş İdarəsi) xüsusi biliyə malik mütəxəssis cəlb edilməklə müəyyən edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya- Epidemioloji Nəzarəti Baş İdarəsinin məktubundan görünür ki, mənzillə bağlı işıqlandırma və havalandırma üzrə müayinələr aparılmışdır. Eyni qurumun təqdim etdiyi “Bağlı yerlərdə havanın müayinəsi” protokolundan görünür ki, müayinələrin nəticəsi protokolda qeyd edilən normalar daxilindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə qeyd edir ki, sözügedən hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikilinin tikilməsi üçün müvafiq dövlət orqanlarından icazənin alınması zəruri sayılsa da və cavabdeh tərəfindən tikilmiş əlavə tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2. bəndinin tələblərinə riayət olunmayaraq tikilsə də, həmin tikili iddiaçıya məxsus ünvanın havalandırma və işıqlandırmasına maneə yaratmadığı üçün onun sökülməsini tələb etməkdə haqlı deyil. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsaslanaraq belə qənaətə gəlir ki, İddiaçı heç bir subyektiv hüququ olmadan cavabdeh tərəfindən hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının belə subyektiv hüquqa malik olması və onun hüququnun cavabdeh tərəfindən pozulması faktı məhkəmə tərəfindən aşkar olunmamışdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar