Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2023/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə cərimə kimi yazılmış 4571,40 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən guta onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək, 2018-ci ilin yanvar, fevral, aprel və may aylarında akt tərtib edərək ümumilikdə ona 1069,20 manat məbləğində əsassız borc yazmışlar. Bundan sobra 2020-ci ilin dekabr ayında sayğacın mənfiyə işləməsini əsas gətirərək ona 1111,92 manat borc yazmışlar. 2021-ci ilin may ayında ona məxsus ünvanda qaz sayğacını yenisi ilə əvəz etmişlər, sayğac çıxarıldıqdan sonra Cavabdeh İB-nə məxsus laborotoriyada müayinə olunmuş, sayğacda müəyyən nasazlıqların olduğu müəyyən edilmiş, bu əsasla 2021-ci ilin may ayı üçün 216 manat məbləğində ona borc yazılmışdır, xx.xx.2024-cü il tarixdə Birliyin əməkdaşları guya onun qazdan qeyr-qanuni istifadəsini aşkarlayaraq əkt tərtib edərək ona 2177,28 manat məbləğində əsassız borc yazmışlar. Həmin aktlar hər biri iddiaçının iştirakı olmadan tərtib edilmişdir, akta əlavə edilmiş fotoşəkil həmin ünvana aid deyildir, ona məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadəyə yol verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdaiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndədi X4 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, abonent istifadə etdiyi təbii qaza görə cəmi üç dəfə ödəniş etmişdir. Hesablanmış məbləğin bir hissəsi istifadəçinin debitor borcudur, həmçinin sayğacdan kənar təbii qazdan istifadə edilmişdir, ona görə də iddia tələbinin əsassız hesab edilərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 0132981, 0156636, 0167726, 0299871, ******* saylı aktlardan görünür ki, Cavabdeh İB tərəfindən X3nın pozulması barədə aktlar tərtib edilmiş, aktlarda sayğacsız qeyri-qanuni təbii qazdan istifadə, ******* saylı aktda isə sayğacın klapanın işlək olmaması barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 1839 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 1814 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 595 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2160 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 18144 m3 olması müəyyən edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, iddiaçıya 2018-ci ilin yanvar ayından 2024-cü ilin aprel ayı daxil olmaqla, ümumilikdə, 3462,48 manat məbləğində akt borcu hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/237 saylı, 25 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”: 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: “X3”nın 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin iddiaçı iddia ərizəsində aktların cavabdehin nümayəndələri tərəfindən tərtib olunduğunu, onun tərəfindən sayğacdan kənar istifadə halı olmadığını qeyd etmişdir. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Lakin iddiaçı aktların tərtib olunmasından xəbərinin olmamasını, akt tərtib edilərkən onun iştirakı hər hansı formada cavabdeh tətəfindən təmin olunmamasını bildirmiş, cavabdeh isə bu halın təkzib edilməsini sübuta yetirə bilməmişdir. “X3”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/237 saylı, 25 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonent saldosuna əsasən iddiaçıya hesablanmış 3462,48 manat məbləğində akt borcu silinməlidir. Belə ki, iddia ərizəsində iddiaçı məhz 2018-cü ilin yanvar ayından 2024-ci ilin aprel ayı daxil olmaqla hesablanmış akt borcunun silinməsini xahiş etmişdir ki, həmin tarixlərdə iddiaçıya 3462,48 manat akt borcu hesablanmışdır. İş materiallarında iddiaçının adına tərtib edilmiş 0132981, 0156636, 0167726, 0299871, ******* saylı aktlar aşkar edilmişdir. Borcun hesablandığı digər akt isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Abonentə hesablanmış akt borclarının mövcudluğunu, onların hansı pozuntuya və akta əsasən hesablandığını sübut etmək cavabdehin vəzifəsidir. Lakin abonent saldosunda 2018-cü ilin yanvar ayından 2024-ci ilin aprel ayı daxil olmaqla 3462,48 manat məbləğində akt borcu olmasına baxmayaraq, həmin məbləği əhatə edən bütün aktlar məhkəməyə təqdim edilməmiş, eləcə də mövcud aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Odur ki, məhkəmə ekspert rəyi ilə qaz sayğacından kənar xəttin mövcudluğunun sübut olunmadığını da nəzərə alaraq, hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 3462,48 manat məbləğində akt borcunun iddiaçının təqsirindən yaranması sübut olunmur və həmin borc silinməlidir. Məhkəmə iddia ərizəsinin 2020-ci ilin dekabr ayında sayğacın mənfiyə işləməsini əsas gətirərək iddiaçıya 1111,92 manat məbləğində borc yazılması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının ünvanı üzrə sayğacın mənfiyə işləməsi ilə bağlı akt tərtib edilməmiş və bu əsasla borc hesablanmamışdır. Həmin borc məbləği isə iddiaçıya akta görə hesablanmış yeni borc olmamış, GASREP saldosundan Abonentin saldosuna köçürülən əvvəlki borc məbləği olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, silinməsi tələb edilən 4571,40 manat borcdan 1108,92 manat borc (4571,40 - 3462,48 = 1108,92) sərfiyyat borcu olmaqla, təbii qazdan istifadəyə görə hesablanmışdır və sərfiyyat borcunun silinməsinə əsas ola biləcək sübutlar iş materiallarında aşkarlanmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 3462,48 manat məbləğində akt borcu hissəsində təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00002) hesablanmış 3462,48 manat məbləğində borc silinsin. 54,62 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. 110 manat ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-2023/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2023/2025
05.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver