Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2051/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X4 onun övladıdır. Qızının “kvadroplegik spastik serebral iflic, yataq” xəstəliyi vardır. Qızının bu xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa, yardıma ehtiyacı vardır. Uzun illərdir ki, qızı bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. Belə ki, xx.xx.2005-ci il təvəllüdlü X4 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna, nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Qızı bu xəstəliyə görə müalicə olunsa da, lakin heç bir nəticə verməmişdir, çünki bu, müalicəsi olmayan bir xəstəlikdir. Belə ki, xx.xx.2023-cü il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan aşkar olduğu kimi övladına “kvadroplegik spastik serebral iflic” xəstəliyi diaqnozu, əsas xəstəliyin ağırlaşması üzrə “spastik tetraplegiya” diaqnozu, yanaşı xəstəlik üzrə “əqli geriliyin digər forması” diaqnozu qoyulmuş, bunun əsasında stasionar müalicə olunmuşdur. Bundan savayı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqların İcbari Dispanzeriyası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə vərəqəsindən də göründüyü kimi qızı uzun müddət stasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi, xx.xx.2005-ci il təvəllüdlü X4 əmək qabiliyyətsizdir. Halhazırda qızım, xx.xx.2005-ci il təvəllüdlü X4 İ dərəcəli əlildir. Belə olan təqdirdə qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunmam üçün zərurət yaranmışdır. Bütün yuxarıda qeyd etdiyi xüsusatlara əsaslanaraq, ərizəçi xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini tam qanuni və məqsədə uyğun hesab etmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 28 noyabr 2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 noyabr 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X6, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, 28 noyabr 2005-ci il təvəllüdlü X3 birinci dərəcəli əlilliyi olmaqla, ona G80.0 kvadroplegik spastik serebral iflic, yataq xəstəsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, 28 noyabr 2005-ci il təvəllüdlü X3 G80.0 kvadroplegik spastik serebral iflic, yataq xəstəsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X8 Məhkəmə Psixiatrik Ekspertizasının 25 aprel 2024-cü il tarixli, 1750 saylı rəyi ilə təsdiq olunur ki, X2 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilmiş, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir, onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 28 noyabr 2005-ci il təvəllüdlü X1 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyi ilə sübut olunduğundan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 28 noyabr 2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2051/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2051/2024
05.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver