Məhkəmə qərarları › İş №2(011)-2052/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2052/2024

11.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2052/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə Ərizəçi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Ərizəçinin oğlu xx.xx.2005-ci il təvəllüdlü X6 hal-hazırda xəstədir və onun 1-ci qrup əlilliyi müəyyən edilmişdir. Hazırda oğlu ərizəçinin himayəsindədir, daimi olaraq ona ərizəçi tərəfindən qulluq və nəzarət edilir.

2. Ərizəçi məhkəmə qətnaməsi olmadığından onun adından rəsmi hərəkətlər edə bilmir və qəyyum kimi çıxış edə bilmir.

Ərizəçinin tələbi:

3. xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Ərizəçi məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək oğlunun onun himayəsində olduğunu və ona daimi nəzarət etmək lazım olduğunu nəzərə alaraq məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab etməyi və onun iştirakı olmadan ərizəyə baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. AZ-İ 706536 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X3 atası X4, anası Ərizəçidır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi xx.xx.2005-ci il təvəllüdlü X5 orqanizmin funksiyaların pozuntusu 85% olmaqla o, ağır kəmağıllıq uşaq autizmi, kanner sindromu (qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə (iq-22) ünsiyyətə girmir, diqqəti yayınıqdır və intellekti kəskin aşağıdır. Müddətsiz İ dərəcəli əlillik müəyyən edilmişdir.

9. AR İcbari Sığorta üzrə X9 Ərazi Bölmələri İdarəetmə X10 şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 1 nömrəli uşaq poliklinikasından verilmiş xx.xx.2022-ci il tarixli tibbi arayışa əsasən X1 sindromu, uşaq autizmi, kəmağıllıq, qulluq və müalicə tələb edən, ciddi nitq və davranış pozuntuları ilə müşahidə olunur.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 893 saylı rəyinə əsasən, İ Motivləşdirici hissə: Yoxlanılan şəxs X5 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq. Uşaq autizmi. Kanner sendromu. Qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə. Ünsiyyətə girmir, diqqəti yayınıqdır. Yaddaş və intellekt kəskin aşağıdır.” Birinci dərəcəli əlil olduğunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X2 “Uşaq autizmi. Kanner sindromu. Yüngül kəmağıllıq.” diaqnozu ilə qeydiyyatda olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2005-ci il təvəllüdlü X6 ağıl zəifliyindən və ya ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Yoxlanılan şəxs X5 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. 2-ci sual: xx.xx.2005-ci il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq X11 şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 740 nömrəli arayışa əsasən X6 xx.xx.2024-cü il tarixdə mərkəzin direktor müavini t.ü.f.d Gülnarə Musabəyova tərəfindən müayinə olunmuşdur. Ona Tipik autizmi F 84.0, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F.72.1 diaqnozu qoyulmuşdur.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

15. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2005-ci il təvəllüdlü X3 anasıdır və oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.

16. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X3 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§10), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X6 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.

17. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

Məhkəmə xərcləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. xx.xx.2005-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.

3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X3 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.

4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar