Məhkəmə qərarları › İş №2(011)-206/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-206/2022

16.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-206/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstəmişdir ki, iddiaçı ilə cavabdeh ''Evimiz Olsun" MMC arasında bağlanmış tikinti və təmir xidmətlərinin göstərilməsi barədə 0010 saylı müqavilə 24 fevral 2021-ci il tarixdə bağlamışdır. İddiaçı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, bağlar massivi olan 40kv.m sahəsi olan mənzilin tikintisinə va təmirinə "xxxx" MMC icraçı kimi öz öhdəliyinə götürmüşdür. Müqaviləyə əsasən şirkətə - 8800 dollar (14960 azn) pul ödəmiş və əlavə olaraq 2750 azn məbləğində tikinti materialları almışdır, lakin şirkət işləri yarimçıq görmüş, vaxtında və keyfiyyətli görməmişlər. Nəticədə tikinti va təmir xidmətlərin göstərilməsinə dair müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri tam yerinə yetirməmişlər (işləri yarımçıq qoymuşdurlar). Dəfələrlə şirkətə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən yayınmaqla, bir çox bəhanələr gətirməklə, şirkətin maddi problemləri olduğundan tikintini davam etdirə bilmədiklərini bildirmişdirlər və bununla ona ciddi ziyan vurmuşdurlar. Bu günkü gün də işlər tam dayanıb və tikinti yarımçıq qalıb və işin təxminən 35 %-i görülüb. İddiaçı tikinti və təmir zamanı hər gün evə gedirdi, təmir necə və nə yerdə olduğu ilə maraqlanırdı. O, müəyyən etmişdir ki, materialların yalnız az bir qismi ordadı, yəni yarımçıq iş gördüklərini vəd etdikləri kimi təmir olmadığını görmüşdür. Şirkətə bunu dəfələrlə bildimişdir, onların göstərdiyi xidmətlərdən narazı olduğundan və işi yarımçıq gördüklərindən ödədiyi 17710 manatdan 10000 manatı geri qaytarmalarını tələb etmişdir. Onlar isə bunu edə bilməyəcəklərini, bütün pulları təmir zamanı xərclədiklərini bildirmişlər. İddiaçı nəzərdə tutmuşdur ki, 3 ay ərzində tikinti va təmir işləri tam bitəcək və yay aylarında bağa köçüb istirahət edəcək. Sözü gedən şirkət onu aldatmış, boş yerə vaxtını almış və onun cavabdehə olan etibarından sui- istifadə etmişdir. Onun başqa yolu olmadığı üçün artıq qanuni şəkildə məhkəmə yolu ilə pulunu tələb edir. Həmin ərəfələrdə o, əsəbləşərək çox böyük stres altında olmuş və nəticədə mənəvi sarsıntı keçirmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh MMC-dən onun xeyrinə 10000 manat pulu, vurulmuş mənəvi ziyana görə 3000 manat və 30 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanan təmir xidmətlərinin göstərilməsinə dair № 0010 nömrəli xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqavilənin predmeti olaraq İcraçı Cavabdeh MMC-si Bakı şəhəri Sabunçu rayonu Pirşağı kəndi bağlar massivi olan 40 kv.m sahəsi olan mənzilin tikintisi və təmiri öhdəliyini üzərinə götürmüş və Sifarişçi İddiaçı tərəfindən müqaviləyə görə bu iş həcminin əsası olan təhvil-təslim aktına uyğun olaraq hesablanmaqla 18000 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan 04 mart 2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 900 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-nin kassasına ödənilmişdir. İş materiallarında olan 16 mart 2021-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhər Sabunçu rayonu Pirşağı bağ evinin tikintisi üçün 1500 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh MMC-nin kassasına ödənilmişdir. İş materiallarında olan 28 mart 2021-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhər Sabunçu rayonu Pirşağı bağ evinin tikintisi üçün 1500 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh MMC-nin kassasına ödənilmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhər Sabunçu rayonu Pirşağı bağ evinin tikintisi üçün 4100 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh MMC-nin kassasına ödənilmişdir. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhər Sabunçu rayonu Pirşağı bağ evinin tikintisi üçün 800 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh MMC-nin kassasına ödənilmişdir. İş materiallarında olan Qaimə-Fakturadan görünür ki, müxtəlif tikinti materialları üçün Nəsib tərəfindən Abbasov Rövşən adlı şəxsə cəmi 2750 manat məbləğində pul vəsaiti ödənilib. İş materiallarında məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X1 xx.xx.2021-ci il tarixdə ona vurulmuş maddi və mənəvi ziyan tələbinə dair və müqavilənin xitam olunması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il 10/7202 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, bağlar massivində yerləşən natamam fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 5777,3 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəyə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 24 fevral 2021-ci il tarixli müqavilə bağlanaraq, müqaviləyə əsasən 18000 manat müqabilində Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, bağlar massivi olan 40 kv.m sahəsi olan mənzilin tikintisi va təmiri öhdəliyi qəbul edilmişdir. Həmin müqavilə üzrə iddiaçı öhdəliklərini icra etsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, bağlar massivində yerləşən natamam fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 5777,3 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iş materiallasında olan sübutlarla təsdiq edilir ki, İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılması üçün Cavabdeh MMC–yə 10 000 manatdan artıq olan məbləğdə vəsait ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyinin icra edilməsi, cavabdeh tərəfindən müqavilə öhdəliyinin tam icra edilməməsi sübut edildiyindən, iddiaçı ona vurulan maddi zərəri tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh MMC-dən 10 000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh MMC-dən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. AR MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş məhkəmə xərcləri iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10 000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar