Məhkəmə qərarları › İş №2(011)-2062/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2062/2022

03.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2062/2022 03.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh Tərtər X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və hesablanmış 72 manat məbləğində cərimənin və sərfə görə hesablanmış 239,90 manat məbləğin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Laçın rayon Qarakeçdi kəndindən məcburi köçkün kimi hazırda Ağcabədi rayon Taxta-körpü qəsəbəsi 552 saylı qəsəbə ev 189-da ailəsi ilə birlikdə məskunlaşmışdır. Həmin ünvanda quraşdırılmış əvvəlki və hazırkı qaz sayğacları iddiaçının adına qeydə alınmışdır. Cavabdeh Tərtər X4 İdarəsi akt əsasında iddiaçını, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli 29/1710-02857-1 №-li aktına əsasən G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi ilə bağlı 72 manat məbləğində cərimə etmişdir. Həmçinin sərfıyyata görə abonent saldosuna 239,90 manat daxil etmişdir. Lakin iddiaçı barəsində cərimə tərtib edilməsi barədə akt tərtib edilərkən iddiaçıya məlumat verilməmişdir. Daha sonradan X5 Sahəsinin əməkdaşları iddiaçı barəsində cərimə aktı olması ilə bağlı iddiaçını məlumatlandırmışlar. Bundan sonra iddiaçı X5 Sahəsinə gedərək aktı oradan əldə etmiş və iddiaçı barəsində haqsız yerə cərimə aktı tərtib edildiyi üçün X5 Sahəsinin əməkdaşlarından həmin cərimənin silinməsini və aktın ləğv edilməsini tələb etsə də onlar aktın mərkəzdən tərtib edildiyi üçün ləğv edə bilmədiklərini, yalnız məhkəmə yolu ilə ləğv ediləcəyini bildirmişlər. Bundan başqa onlar iddiaçının heç bir borcu olmasa da hansı səbəbdən sərfıyyata görə 139,90 manat qeyd edilməsinə də aydınlıq gətirməmişlər. Bununla əlaqədar olaraq 2021-ci ilin iyul ayında X3 sahəsinin işçiləri tərəfindən iddiaçının yaşadığı Taxta-körpü 552 saylı qəsəbədə istismar müddəti başa çatmış qaz sayğacları dəyişdirilən zaman iddiaçının da qaz sayğacı dəyişdirilmişdir. Qaz sayğacı dəyişənədək olan dövr ərzində işlək vəziyyətdə olmuşdur. Sayğac keçən yükü qəbul etmiş və sərfiyyatı da qeyd etmişdir. İddiaçı hər ay vaxtı-vaxtında sərfıyyata görə pul ödəmişdir. Sərfıyyata görə də iddiaçının heç bir borcu qalmamışdır. Yəni göründüyü kimi həmin cərimə və sərfıyyata görə məbləğ əsassız olaraq iddiaçının üzərinə qoyulmuşdur. İddiaçı hesab edir ki, cərimə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozmaqla qanunsuz olaraq iddiaçının üzərinə qoyulduğu üçün və qanunsuz sərf məbləği üzərindən silinməlidir. Ona görə də iddiaçı qeyd edilən aktın ləğv edilməsi və cərimənin silinməsini istəyir. İddiaçı yaşlı və yataq xəstəsi olan həyat yoldaşı ilə birlikdə yaşayır. İddiaçının aylıq qaza olan ehtiyacı ən çoxu 20 manat ola bilər ki, həmin pulu da hər ay ödəmişdir. Həmin borcun necə və hansı şəkildə yaranması iddiaçıya məlum deyildir. İddiaçının maddi imkanı da yoxdur ki, həmin qanunsuz pulları ödəsin. Ona görə də iddiaçıya kömək edilməyini istəyir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 72 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 72 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericiliyinin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, əsassız olaraq yazılmış xx.xx.2021-ci il tarixli ******* saylı akt ləğv edilməli və iddiaçıya hesablanmış 72 manat məbləğində cərimə silinməlidir. Məhkəmə iddiaçının “239,90 manat sərfə görə hesablanmış borcun silinməsi” barədə iddia tələbini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçının adına abonent saldosundan müəyyən edilir ki, 239,90 manat iddiaçının qazdan istifadəyə görə sərfiyyat üzrə hesablanmış borcdur. Məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə qazın dəyəri istehlakçı tərəfindən ödənilməli olduğundan, həmin məbləğin silinməsi əsassızdır. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı akt ləğv edilsin. ünvan 1 ünvanı (Abonent kodu: **********01890) üzrə İddiaçı hesablanmış 72 (yetmiş iki) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar