Məhkəmə qərarları › İş №2(011)-2068/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2068/2024

18.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2068/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı və Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi imzalanmış və xx.xx.2018-ci il tarixində iddiaçının yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. İddiaçı qeyd olunan ünvanda yaşayır. Avqust ayında Qaz İstismar İdarəsinin işçiləri həmin ünvanda (yaşayış yox idi) iddiaçının iştirakı olmadan, xəbərdarlıq etmədən qaz sayğacına gedən turbanın təmiri zamanı qaz sayğacının yerini təxminən 10 sm dəyişmişlər. İddiaçı ailəsi ilə birlikdə həmin ünvana sentyabrda köçmüşdür və abunəçi koduna 20 manat pul köçürərək kartı sayğaca tanıtmışdır. Qaz turbasının təmirindən sonra iddiaçı sayğacdan qaz sızması barədə qaz idarəsinin qaynar xəttinə 3-4 dəfə məlumat vermişdir ki, sayğac küçədədir, həmin ərazidə uşaqlar oynayır, kimsə bilməz nəsə yandırar partlayış baş verər və tez bir zamanda tədbir görülməlidir. Qaz idarəsinin işçiləri 2-3 dəfə gəlib düzəltdiklərini bildirib getmişlər. Lakin sızma yenə də var idi. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvana yeni qaz sayğacının quraşdırılması təmin edilməmiş, iddiaçı dəfələrlə müraciət etsə də, sayğacın quraşdırılması təmin edilməmişdir. Sonra oktyabr ayının sonunda iddiaçı sayğaca baxdıqda zaman limitinin bitmədiyini görmüş, yenə qaynar xəttə bu barədə məlumat vermişdir ki, sayğacda nasazlıq var. İddiaçı Qİİ-nə zəng edərək problemi bildirmiş və onlar bir neçə vaxtdan sonra gələrək qaz sayğacını dəyişdirmişlər. 23 dekabr 2022-ci ildə sayğac dəyişilmişdir. Daha sonra iddiaçını Babək prospektində yerləşən sayğacların baxılması idarəsinə dəvət etmişlər. Sayğac bir yerdə açılmış və içini iddiaçıya göstərmişlər ki, sayğacın içi qırılıb və təbii ki, iddiaçı bununla razılaşmayaraq imza da atmamışdır. Çünki sayğac həm küçədə yerləşir, kim istəsə müdaxilə edə bilər, həm də iddiaçının iştirakı olmadan təmir zamanı sayğacın yeri dəyişdirilib. Əgər iddiaçı müdaxilə etsə idi, qaynar xəttə zəng vurub sızma barədə 3-4 dəfə məlumat verməzdi, bundan da narahat olmazdı. İddiaçı sayğacın işləmədiyi barədə də məlumat vermişdir. Bu halda bir ildən sonra iddiaçıya deyilir ki, 1017 manat cəriməsi var. İddiaçının heç bir müdaxiləsi olmadan dəyişilən sayğaca niyə cərimə yazılır? İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin baş direktorunun əsaslı tikinti üzrə müavini R. İsgəndərova yazılı surətdə ərizə ilə müraciət etmişdir. İddiaçı qeyd etmişdir ki, o, heç vaxt özbaşına təbii qazdan istifadə etməmiş və qaz xəttinə müdaxilə etməmişdir. İddiaçının adına xx.xx.2022-ci il tarixində ******* nömrəli akt tərtib edilmiş və ona cərimə hesablanmışdır. Həmin sənədlərdən məlum olmuşdur ki, iddiaçının yaşadığı ünvanla bağlı xx.xx.2022-ci il tarixində ******* nömrəli akt tərtib edilmiş və iddiaçının guya təbii qazdan qeydiyyatsız istifadə etməsi əsas götürülməklə akt tərtib edilmiş və cərimə hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixində ******* nömrəli akt və ******* nömrəli akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə 8640 m3 itirilmiş qaz və həmin itirilmiş qaza görə 1017,80 manat borc hesablamışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərlə iddiaçının qanunsuz hərəkət və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqə olmasını və onun təqsirli olmağını sübut etməlidir. İddiaçının 1017 manat məbləğində təbii qazdan istifadə etməyini təsdiq edən hər hansı mötəbər sübutlar cavabdeh tərəfindən ona təqdim edilməmişdir. Bütün bunlar təsdiq edir ki, Cavabdeh İB tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt heç bir qanuni əsas olmadan və formal olaraq tərtib edilmiş, iddiaçının təbii qazdan istifadə etməyi nəticəsində ona 1017 manat məbləğində borc hesablanması qanunsuzdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsində (abonent kodu: **********21461) təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və ******* nömrəli akt əsasında ona təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1017,80 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********21461) 2022-ci il üçün 1036,80 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğaca baxış keçirildi, sayğacın plastmas borusu deşilib” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında qaz sayğacının maksimal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan “4x24x90=8640 m3” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktın surətində “sayğaca baxış keçirildi, sayğacın plastmas borusu deşilib” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış iddiaçının silinməsini tələb etdiyi 1017 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İBsi tərəfindən tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli, ******* saylı akt ləğv edilməli, iddiaçının silinməsini tələb etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********21461) dair hesablanmış 1017 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30.17 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanına (abonent kodu: **********21461) hesablanmış 1017 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30.17 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar