Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2089/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Şamaxı şəhəri, Çuxuryurd kəndində yerləşən ev onun mülkiyyətindədir. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh İB tərəfindən qaz xətti çəkilmiş və “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanında mexaniki sayğac quraşdırılmışdır. Onlar hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yoxlamaya aparılmış. Bundan sonra o, öz sayğaclarının hara aparılmasını bilməmiş, bu barədə onlara hər hansı bir məlumat verilməmişdir. Lakin onlara məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh İB-nin əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən onlara 432 manat zərər hesablanmışdır. Bundan sonra o, cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablanmasını soruşanda, cavabdeh ona kartı təqdim edərək, kənar təsir nəticəsində onlara məxsus Smart kart tipli sayğacın xarab olmasını bildirmiş və bu əsasla onlara qeyd edilən borcun hesablanmasını demişlər. O, qeyd etmişdir ki, onlara məxsus Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plomb cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh iddiaçını sayğacın kənar təsir nəticəsində xarab olmasında təqsirləndirərək, ona əsassız borc hesablasa da, onu nəzərə almamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilməsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyil. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ona hesablanmış 432 manat məbləğində debitor borcun və sayğac pulunun 95 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh İB-nə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2021-ci il üçün 432 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Şamaxı şəhəri, Çuxuryurd kəndində yerləşən evə baxış keçirilərkən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” aşkar olunmuşdur. İş materiallarında olan sayğaclarının yoxlaması laboratoriyasının MSK-29/1710-05406-1 nömrəli Aktın surətindən məlum olur ki, İddiaçı məxsus Şamaxı şəhəri, Çuxuryurd kəndində yerləşən evə aid qaz sayğacı laboratoriyaya göndərilmiş və“sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” müəyyən edilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqısatqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.” “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli Aktın surətində iddiaçının mənzilindən çıxarılmış “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış sayğacın dəyəri olaraq 95 manat məbləğində borcun və 432 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış sayğacın dəyəri olaraq 95 manat məbləğində pul vəsaiti və 432 manat borc məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Şamaxı şəhəri, Çuxuryurd kəndində yerləşən evlə bağlı hesablanmış sayğacın dəyəri olaraq 95 manat pul vəsaiti və 432 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2089/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2089/2022
21.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver