Məhkəmə qərarları › İş №2(011)-2091/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2091/2022

26.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2091/2022 26.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB tərəfindən hesablanmış 377,82 (üç yüz yetmiş yeddi manat, səkən iki qəpik) manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi, ev 12, mənzil 11 ünvanındakı yaşayış evində iddiaçının bibisi X1 yaşayıb. Bibisi xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. 2020-ci iln sentyabr ayında Cavabdeh nümayəndələri tərəfində akt tərtib edilmişdir ki, divar peçinin pulu ödənilməlidir. Peç 10-15 ildir ki, işlədilmir və qaz pulu ödənilməməinə baxmayaraq yoxlayıcı akt tərtib edib ki, 377,82 manat borc var. X4 imza atmayıb, imtina edib. Evi 2018-ci ildən iddiaçıya qardaşı oğluna, yəni İddiaçı reyetrlə vermişdir. X2 uzun müddət yataq xəstəsi olub, xəstəxnalarda olub, peçdən istifadə etməyib, 85 yaşında vəfat edib. Ona görə də əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 1əşən yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktda “sayğacdan kənar qazdan istifadə edilmişdir” sözləri qeyd edilmiş və həmin akt əsasında abonentə 377,82 (üç yüz yetmiş yeddi manat, səkən iki qəpik) borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ №244113 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. İş materillarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli şıxarışın surətindən Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi, ev 12, 11 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Məhkəmə tərəfindən 16 avqust 2022-ci il tarixində həmin ünvana - ünvan 1əşən fərdi yaşayış evinə (abonent kodu: **********00110) yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, Azəriqaz” İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktda əlavə edilmiş fotoşəkillər iddiaçıya məxsus yaşayış evinə aiddir. Lakin, ünvanda sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və sairə) aşkar edilməmişdir. Paylayıcı qaz xəttindən mübahisə predmeti olan ünvana ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış, evə qazın ötürülməsi həmin sayğac vasitəsi ilə təmin edilir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 377,82 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia hesablanmış borcun silinməsi hissəsində qismən təmin edilərək, itirilmiş qazın dəyəri kimi görə iddiaçıya hesablanmış 377,82 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, stehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı (Abonent kodu: **********00110) hesablanmış 377,82 (üç yüz yetmiş yeddi manat, səkən iki qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar