Məhkəmə qərarları › İş №2(011)-2099/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2099/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2099/2024 22.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Xəzər rayonu, Qala qəsəbəsi, X8 ünvanında yerləşən yaşayış evinə (kod: **********05840) əsassız olaraq hesablanmış 777,60 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xəzər rayonu, Qala qəsəbəsi, Hovsan südçülük sovxozu ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan uzun bir müddət istifadə etdikdən sonra ona bildirdilər ki, güya tərəfindən çıxarılmış qaz sayğacına müdaxilə olunduğu üçün ona 777,60 manat məbləğində cərimə hesablanmışdır. Sayğaca müdaxilə dedikdə ona bildirdilər ki çıxarılmış sayğac yoxlamadan keçirilmiş, yoxlama zamanı qaz sayğacının çıxış plastmas borusunun deşik olması müəyyən edilmişdir və buna görə ona 777,60 manat cərimə hesablanmışdır. Abonent saldosuna baxdıqda açıq aydın görünür ki, o istifadə etdiyi qazın dəyərini daima vaxtında ödəmişdir. Buradan da cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür. Bundan başqa saxta aktlar xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X1 adına yazılmışdır. Göründüyü kimi cavabdeh saxta aktları tərtib edərkən istehlakçıya məlumat belə vermir. Qaz sayğacı yaşayış evindən kənarda onun mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. Digər tərəfdən sayğacın çıxarılması haqqında tərtib edilmiş ******* saylı aktdan da göründüyü kimi qaz sayğacı çıxarılarkən sayğacın plombları üzərində olmuşdur. Belə olan halda sayğaca müdaxilə etmək qeyri-mümkündür. O, istifadəsində olan qaz sayğacına müdaxilə etməmiş və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməyinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları onun bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2099/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi əsaslıdır. Buna görə də həmin iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, X4 barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.480 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, sayğacın çıxarılmasına səbəb növbəti dövlət yoxlanılması olmuşdur. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə AKT № MSK – 14-2- 2/3-5-5210-Q001 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Xətalar normadan artıqdır. Sayğac minimal səyfiyyatda -100% nisbi xətayla işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. İş materiallarında olan X2 məxsus **********05840 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin iyul ayı üçün cədvəlin “qalıq və aktlar” bölməsində 777,60 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1530 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ağayev X3 rayonu, Hövsan qəsəbəsi, X8 yaşayış sahəsində nömrəsiz evdə qeyiyyatsız yaşayır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası qrafasında “X4” qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayonu X8 üzrə xx.xx.2000-ci il tarixli 16 saylı əmrdən çıxarışın surətindən görünür ki, X2 0.03 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçının mərhum atası X2 onun vəfatından sonra dəymiş ziyan olaraq 777,60 manat məbləğində borc hesablanmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, istismara yararsız qaz sayğacının düzgün işləmədiyi halda, abonentin ölümündən sonra ona ödəniləcək məbləğin 777,60 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, sayğacın istismara yararsız olmasının iddiaçının və ya onun ailə üzvlərinin hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən şübhədən kənar olan mötəbər sübutlar təqdim edilmədiyindən və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablanmalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə hesablanmış 777,60 manat məbləğində borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia tələbləri təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X8 ünvanında yerləşən fərdi yaşayış evi üzrə X2 (abonent kodu: **********05840) 2023-cü ilin iyul ayı üçün hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar