Məhkəmə qərarları › İş №2(011)-210/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-210/2022

11.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-210/2022 11.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7i Xidməti 3-cü ərazi X7 İdarəsinin nümayəndələri X1, X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7i Xidməti 3-cü Ərazi X7 İdarəsi və Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində cəlb edilməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşadığı 7 a nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdeh "xxxx" MMMC-nin hesabına sökülərək ilkin vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 27 sentyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMMC-nin "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşadığı 7a nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdeh "xxxx" MMC-nin hesabına sökülərək ilkin vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 yanvar 2014cü il tarixli alqı-satqı müqaviləsi imzalanmış və Xətai rayonu, ünvan 1 ünvanında 12 mərtəbəli yaşayış evinin 7 nömrəli mənzili iddiaçının adına rəsmiləşdirilmişdir, həmin mənzilin pəncərəsinin qarşısında "xxxx" MMC tərəfindən qeyri-qanuni tikili inşa edilmişdir, nəticədə iddiaçının iki övladı ilə yaşadığı mənzildə neçə illərdir ki, təbii işıqlanmanın qarşısı kəsilmiş, havanın gəlməsinin qarşısı alınmış, ara məsafə saxlanmamış, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmamışdır, əgər evdə yanğın baş verərəsə, evə keçmə ehtimalı böyükdür, bütün bu narahatçılıqlarla əlaqədar olaraq inşa edilmiş qeyri-qanuni tikilinin sökülməsi barədə köməklik göstərilməsi üçün müvafiq qurumlara müraciət edilmişdir, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7i Xidməti 3-cü ərazi X7 İdarəsinin 21 yanvar 2020-ci il tarixli Qərarı ilə Gəncə prospekti 29/35 A ünvanda yerləşən "xxxx" MMMC yə məxsus 12 mərtəbəli yaşayış binasının arxa hissəsində qeyri-qanuni tikili olduğu müəyyən olunmuşdur, qeyd olunan tikili evə işıq, hava gəlməsinə maneə olur, onun tikinti işlərinin həyata keçirilməsi zamanı iddiaçının heçnədən xəbəri olmamışdır, ümumiyyətlə iddiaçıya bu barədə məlumat verilməmişdir, özbaşına hərəkət edilmişdir, ekspert rəyində də bu təsbit olunmuşdur, 2018-ci ilin hesabatından görünür ki, onun pəncərəsi olmayıb, sonradan qoyulub, iddiaçıya məxsus 51 kv.m 74 kv.m sahənin daxilindədir, qeyri-qanuni tikiliyə doğru nə zaman pəncərə açıldığını bilmir, bu barədə onda məlumat yoxdur, bunu cavabdeh bilər, pəncərə sonradan yəqin ki, təxminən 2019-da açılıb, çünki 2018-ci ilin hesabatında yoxdur. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya məxsus 51,74 kv.m. sahə qeyri-yaşayış sahəsi olan 74.28 kv.m-in bir hissəsidir, ondan ayrılaraq iddiaçıya satılmışdır, iddiaçı alan zaman orada pəncərə olmamışdır, həmin sahə binanın layihəsi üzrə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur, iddiaçı həmin sahəni alandan sonra onu 2 otaqlı mənzil etmiş, pəncərə açmışdır, qeyri-yaşayış sahənin yaşayış sahəsinə çevirilməsi barədə sərəncam yoxdur, pəncərə "xxxx" MMC-nin dövründə açılıb, mənzildə ön tərəfdə pəncərə yoxdur, mənzilin yerləşdiyi mərtəbə 1A-dır, lakin belə bir mərtəbə ola bilməz, qeyri-qanuni tikilinin də həmin sahəyə aidiyyəti yoxdur, qeyri-qanuni tikili 2014-cü ildə "xxxx" MMC-nin direktoru Əkbər Cəfərov tərəfindən tikilmişdir, tikintinin sənədi yoxdur, yəni qanunsuz tikilidir, bu ərazi layihədə də nəzərdə tutulmayıb, lakin buna baxmayaraq "xxxx" MMC bu ərazini sataraq mənfəət əldə etmişdir, bu "xxxx" MMC tərəfindən də qəbul edilmişdir ki, o vətəndaşları aldadıb, bu barədə hökm də var, 2019-cu ildə "xxxx" MMC-nin rəhbəri özü seçilmişdir, AENT dövründə cəmi 2 dəfə oraya getmişdir, qeyri-qanuni sahənin "xxxx" MMC ilə bir əlaqəsi yoxdur, ekspert rəyində ekspert layihəyə deyil, öz fikirlərinə istinad etmişdir, çünki mənzilin layihəsindən də – birinci səhifəsindən görünür ki, 391.96 kv.m sahəsi 1-ci mərtəbədə qeyri—yaşayış sahəsidir, burdan da görünür ki, birinci mərtəbədə 4 ədəd qeyri-yaşayış sahəsi var, iddiaçı özü də "xxxx" MMC-nin işçisi olmuşdur, həmin dövrdə qanunsuz tikinti tikilirdisə, tikinti zamanı o məhkəməyə müraciət edə bilərdi, lakin indi müraciət edib, iddiaçı indi qərəzli şəkildə bunları edir, həmin sahəni alarkən iddiaçıya ayrılan hissədə pəncərə olmamışdır, iddiaçı özü sonradan layihədən kənar pəncərə yeri açmışdır ki, bu da qanuni deyil. Sonda cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi M.E.Xəlilzadə bildirdi ki, təmsil etdiyi müəssisədə böyük mühəndis inspektoru, rütbəsi daxili xidmət mayorudur, mülki iş üzrə qeyd olunan mənzilin ön hissəsi Gəncə prospekti tərəf, arxa hissəsi isə qanunsuz tikiliyə baxan hissədir, layihədə qeyri-qanuni sahə nəzərdə tutulmamışdır, həmin il qeyriqanuni tikiliyə baxan pəncərə olmamışdır, layihəyə əsasən 74 kv m. sahənin qapısı qeyriqanuni tikiliyə açılır, iddiaçının yaşadığı ev qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur, hazırda onun giriş qapısı başqa istiqamətdəndir. Məhkəmə iclasında İİİ şəxsin nümayəndəsi A.R.İsmayılov M.E.Xəlilzadənin izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, təmsil etdiyi müəssisədə daxili xidmət kapitanıdır, iddiaçının yaşadığı ev qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur, lakin daha sonra onun tərəfindən alınaraq mənzil kimi istifadə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 09 yanvar 2014-cü il tarixli 107 saylı Müqavilənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Gəncə prospekti 29/35A ünvanında 12 mərtəbəli yaşayış evinin 1ci blok, 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan mənzil izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi cəmi 31000 manata payçı - İddiaçı verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 11 yanvar 2014-cü il tarixli 4 №-li Müqavilənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı, Bakı şəhəri, Gəncə prospekti 29/35A ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan mənzilin təmir işlərinin görülməsini icraçı "xxxx" MMC-yə həvalə etmişdir. İş materiallarından görünür ki, ünvan 5 ünvanı üzrə xx.xx.2017-ci il tarixdə Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə Müqavilə bağlanmışdır. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-1378/2018 saylı 13 aprel 2018-ci il tarixli Qətnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2935 A ünvanında tikilən yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən sahəsi 51 kv.m olan mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 107 saylı müqavilə etibarsız hesab edilmiş, İddiaçı həmin mənzili boşaldaraq sahədən çıxarılması, sahənin X3 təhvil verilməsi, ou faktiki sahibliyi həyata keçirməsini və ondan istifadə etməsini məhdudlaşdıran manelər aradan qaldırılması və həmin sahəni 2 hissəyə ayıran divarların sökülməsi vəzifəsinin "xxxx" MMC və İddiaçı üzərinə qoyulması, sahənin ətrafında tikilmiş layihədə nəzərdə tutulmayan qanunsuz tikililərin "xxxx" MMC və "xxxx" MMC-nin hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)271/2019 saylı 12 mart 2019-cu il tarixli Qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-1378/2018 saylı 13 aprel 2018-ci il tarixli Qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Həmin Qətnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsində izahat vermiş ekspert Şükür Hüseynov bildirmişdir ki, iddiaçının müqaviləsində göstərilmiş sahəsi 74,28 kv.m olan 2 otaqlı məzil yaşayış binasının layihəsində 1-ci mərtəbədə ümumiyyətlə nəzərdə tutulmamışdır. O ekspertiza tədqiqatı zamanı binaya yerində baxış zamanı da belə bir mənzilin yerində də mövcud olmamasını müəyyə etmişdir. İş materiallarından görünür ki, iddiaçıya mənzil adı ilə faktiki olaraq qeyri-yaşayış sahəsi satılmışdır. Lakin həmin sahənin harada yerləşməsi (koordinatları) konkret olaraq müqavilədə göstərilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ilkin rəydə ümumi olaraq layihə sənədlərində 1-ci mərtbədə qeyri-yaşayış sahəsinin mövcudluğuna əsaslanmışdır. Birinci mərtəbədə başqa qeyri-yaşayış sahələri də vardır. O, təxmini olaraq rəydə yazmışdır ki, layihədə göstərilən 74,28 kv.m qeyri-yaşayış sahəsində cavabdehə məxsus 51 kv.m yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)271/2019 saylı 12 mart 2019-cu il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-718/2019 saylı 12 fevral 2019-cu il tarixli Qətnamədən görünür ki, iddiaçı X4 cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş coxmərtəbəli yaşayış binasının 1 blok, 1A mərtəbəsində yerləşən ümumi sahəsi 58 kv.m olan 1 otaqlı mənzilinə sahiblik və istifadə hüquqları tanınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7i Xidməti 3-cü Ərazi X7i İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21 yanvar 2020-ci il tarixli 37/C-00016 saylı məktubun surətindən görünür ki, araşdırma zamanı Gəncə prospekti 29/35A ünvanında yerləşən "xxxx" MMMC-yə məxsus 12 mərtəbli yaşayış binasının arxa hissəsində qeyri yaşayış obyektinin üzərinə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan qeyri-qanuni tikintinin mövcud olduğu müəyyən olunmuş, nöqsanın aradan qaldırılması məqsədilə Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyinə məktub ünvanlandığı bildirilmişdir. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli C-3-012 saylı Məktubun surətindən görünür ki, Xətai rayonu, Gəncə prospekti 2935 "xxxx" məhəllədə Texniki Proqress MTK-nin təsisçisi Kazım Kazımzadə 2012-ci ildə müvafiq məhkəmə qərarı ilə həbs edilmişdir, hazırda həmin bina "xxxx" MMMC tərəfindən idarə olunur, binanın istismara qəbulu ilə bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tədbirlər görülür, "xxxx" MMMC-nin 11/2020 saylı 12 fevral 2020-ci il tarixli arayışda 09 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Gəncə prospekti 2935 a məhəllədə inşa olunmuş binada layihə üzrə 1-ci mərtəbədə, 1-ci girişdə 74,28 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirildiyi və Baş planda göstərilən texniki xidmət sahəsinə təbii qazın verilməsinin layihədə nəzərdə tutulmadığı qeyd olunur, “Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845 nömrəli Qərarı ilə təsdiq edilmiş Mənzil Məcəlləsinə əsasən MTK-nin yaradılması, idarə edilməsi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir, müqavilə şərtlərinə əsasən tərəflərin öhdəliklərinə əməl olunmadığı təqdirdə bu barədə hüquqların bərpa olunması üçün qanunvericiliyə uyğun olaraq məhkəmə orqanlarına müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2022-ci il tarixli 10/5340 saylı Ekspert rəyindən görünür ki, ünvan 13 ünvanında yerləşən 7a nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş tikiliyə dair yuxarıda qeyd edilən müvafiq icazə verici sənədlərin olmadığını nəzərə alaraq həmin tikilinin icrası zamanı Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq olunmuş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” tələblərinə riayət olunmadığı müəyyən edilir, tədqiq olunan mənzilin faktiki olaraq yaşayış və yardımçı otaqlardan ibarət olduğunu, elektrik, su, kanalizasiya xətləri ilə təchiz olunduğunu, tikililərdə təyinatı üzrə müvafiq avadanlıqlar quraşdırıldığını, həmçinin tikililərin təmirli vəziyyətdə olduğunu nəzərə alaraq, həmin mənzilin texniki cəhətdən yaşayış üçün yararlı vəziyyətdə yerləşdiyi müəyyən olunmuşdur, lakin mənzilin qonaq otağının pəncərəsinin qarşısından iddiaçıya məxsus mənzilin divarına bitişik şəkildə, uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv.m təşkil edən əlavə bir tikili inşa edildiyindən, həmin mənzilə düşən təbii işığın və havaalmanın qarşısının tamamilə kəsildiyi müəyyən edilmişdir, mənzilin pəncərəsinin qarşısında inşa edilmiş tikili hazırki vəziyyətdə, həmçinin onun istifadəyə veriləcəyi təqdirdə, həmin mənzilə təbii işığının düşməsinə və hava axının keçməsinə maneələr yaratdığı müəyyən edilmişdir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 10/3642 saylı Ekspert rəyindən görünür ki, ünvan 13 ünvanında yerləşən 7a nömrəli mənzilin yerləşdiyi sahənin iş materiallarında olan Bakı şəhəri Şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsində nəzərdə tutulduğu müəyyən olunmuşdur, lakin layihədə sahəsi 74,28 kv.metr kimi göstərilən tikilinin təyinatı qeyd olunmadığından, həmin sahənin təyinatını müəyyən etmək mümkün olmamışdır, layihədə ünvan 13 ünvanında yerləşən 7a nömrəli sahənin giriş qapısının nəzərdə tutulmadığı, lakin binanın ön fasad tərəfə olan hissəsində pəncərənin nəzərdə tutulduğu və həmin 7a nömrəli sahənin, həmçinin pəncərənin layihə üzrə sahəsi 74,28 kv.m kimi göstərilən tikilinin yerləşdiyi sahəyə düşdüyü müəyyən olunmuşdur. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil 1 yataq otağı və 1 qonaq otağı olmaqla 2 otaqdan ibarətdir, mənzildə mətbəx, dəhliz, sanitar qovşağı kimi istfadə olunan yardımçı tikililər var, mənzilin yataq otağının pəncərəsi 8A nömrəli mənzilin qapısı ilə üzbəüzdür, mənzilin yataq otağının pəncərəsi və onunla üzbəüz olan digər mənzilin qapısının arasından qanunsuz tikilinin olduğu əraziyə keçid vardır, 7A nömrəli mənzilin qonaq otağının pəncərəsi tikilinin olduğu yerə açılır, qanunsuz tikilinin üstü boşdur, orada yaşayış yoxdur, binanın önü yol hissədən - Gəncə prospektindən keçir, arxa hissə qanunsuz tikiliyə doğru baxır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC və iddiaçı arasında bağlanmış 09 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Gəncə prospekti 29/35A, 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 1A mərtəbəsində yerləşən 7a nömrəli, ümumi sahəsi 51 kv.m olan 1 otaqlı sahə sonuncuya satılmışdır, həmin sahə binanın eskiz layihəsində nəzərdə tutulmuş ümumi sahəsi 74,28 kv.metr olan qeyriyaşayış sahəsindən izole olunmuşdur, mənzil hazırda iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə edilir, qeyd olunan binanın ön hissəsi Gəncə prospektinə, arxa fasad isə iddiaçının mənzilinə bitişik olan uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv.metr olan müvafiq icazə verici sənədləri olmayan əlavə (qeyri-qanuni) tikiliyə baxır, həmin yaşayış sahəsindən qanunsuz tikiliyə tərəf açılmış pəncərə binanın layihəsində nəzərdə tutulmamışdır, binanın Bakı şəhəri Şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilmiş layihəsinə əsasən, iddiaçıya məxsus 7a nömrəli sahənin ön fasad tərəfə olan hissəsində pəncərə olması nəzərdə tutulmuşdur, hazırki mübahisə, iddiaçıya məxsus mənzilin arxa hissəsində layihədə nəzərdə tutulmayan pəncərənin önündə yerləşən əlavə tikilinin sökülməsi barədədir, iddiaçı iddia tələbinin faktiki əsası kimi ona məxsus yaşayış sahəsində olan pəncərənin qarşısının qanunsuz tikili ilə tutulması və bununla da onun qanuni mənafeyinin cavabdeh tərəfindən gözlənilməməsi və hüquqlarının pozulmasıdır. Bununla belə, binanın arxa fasad hissəsində yerləşən əlavə tikilinin, iddiaçıya öz sahəsindən istifadə etməkdə maneçilik törətməsinə (hədsiz təsirinə), habelə onun əmlak hüquqlarını əhəmiyyətsiz dərəcədə pozmasına əsas verə hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, mülki iş üzrə 08 aprel 2022-ci il və 10 oktyabr 2022-ci il ekspert rəylərinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəylər sübut kimi məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın eskiz layihəsində iddiaçıya məxsus sahənin arxa hissəsində pəncərənin olması nəzərdə tutulmadığı, habelə alqı-satqı zamanı mənzilin həmin hissəsində pəncərə mövcud olmadığı (1 otaqlı sahə iddiaçı tərəfindən alındıqdan sonra yaşayış sahəsi kimi istifadə edilməklə arxa hissəyə pəncərə açılmışdır) halda iddiaçı həmin sahəni müqavilə əsasında almaqla oranı yaşayış yeri kimi seçməsi ilə razılaşmışdır və onun sonradan yaşayış sahəsində açdığı pəncərə layihədən kənardır, həmçinin ona dair heç bir icazə sənədi yoxdur (açılmış pəncərə qeyri-qanunidir). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmlak əldə edərkən mövcud olmayan və sonradan qeyri-qanuni olaraq yaşayış sahəsində pəncərə açmaqla yaratdığı əlverişsiz vəziyyət (mənzilə təbii işıqlanma, havanın qarşısının kəsilməsi və s.), onun mənafeləri və hüquqlarına təsir etməməklə, mübahisələndirilən qeyri-qanuni tikintinin sökülməsi üçün də əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (və ya onun hissəsi) sökülməsi barədə qərarın qəbul edilməsi, qanunvericiliklə, onun hallarından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanları və onların müraciəti əsasında məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli tikili, iddiaçının maraqlarına toxunmadığından, onun tələbi ilə sökülə bilməz və ona görə də İddiaçı hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirilməsi hüquqdan sui-istifadədəir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə (95.1.1); bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda (95.1.2); bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda (95.1.3);. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda (95.1.3-1); sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə (95.1.4) Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən, bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Məcəllənin 95.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının “Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşadığı 7 a nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdeh "xxxx" MMCnin hesabına sökülərək ilkin vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri dövlət rüsumundan azad olunmayan iddiaçıya aid edilməli, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşadığı 7 a nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdeh "xxxx" MMC-nin hesabına sökülərək ilkin vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat pul məbləği tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar