Məhkəmə qərarları › İş №2(011)-2103/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2103/2024

05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2103/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyan kimi iddiaçıdan tələb etdiyi 1.555 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və iddiaçı tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. İddiaçı ailəsi ilə birlikdə 2023-cü ilin mart ayına qədər əsasən qış aylarında həyat yoldaşı X1 adına olan Əhmədli qəsəbəsi, Telnov küçəsində yerləşən, "xxxx" MTK-nın tikdiyi yüksək mərtəbəli yaşayış binasının 47-ci mənzilində yaşamış və D2012989-AB nömrəli Sayğac əsasında sərf olunan qaza görə uyğun olaraq 2016-cı ildə 51 manat, 2017-ci ildə 111 manat, 2018-ci ildə 76 manat, 2019cu ildə 101 manat, 2020-ci ildə 110 manat, 2021-ci ildə 147 manat, 2022-ci ildə 119 manat, 2023-cü il yanvar-fevral ayları üçün 39 manat ödəniş etmişdir. Yuxarıda qeyd olunan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində əsasən yay aylarında və istirahət günlərində yaşamışdır. 2022-ci ilin mart ayından sonra nəzarətçi tərəfindən sayğacın göstəriciləri qeyd olunmadığına baxmayaraq ayrı-ayrı vaxtlarda, il ərzində 90 manat, 2023cü ilin fevral ayında 20 manat, mart ayında 20 manat ödəmişdir. 18 aprel 2023-cü ildə cavabdehin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin qaz sayğacı istismar müddətinin bitməsi əsas gətirilərək yenisi ilə əvəz olunmuşdur. Çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akt tərtib edilərək iddiaçı tərəfindən imzalanıb. İmzalanan aktda sayğacla bağlı hər hansı nöqsanın olduğu qeyd olunmamışdır. Yeni quraşdırılmış smart tipli qaz sayğacının kartını qeydiyatdan keçirərkən çıxarılmış sayğacın son göstəricisinə əsasən 17530m3 -15671m3 = 1859m3 qaz sərfinə görə əlavə 216 manat borcun olduğu bildirilmiş və həmin məbləğ yerindəcə ödənilmişdir. Təxminən 2023-cü ilin dekabr ayının əvvəlləri iddiaçı yeni sayğacın kartına ödənilən məbləğin bir hissəsinin silindiyini aşkar etmişdir. Cavabdeh İB-nin Bakı şəhəri Xətai rayonu QİS-dən məlumat alarkan bildirdilər ki, Birliyin Metrologiya Departamentinin 27 aprel 2023-cü il tarixli MSK 14-2-2/3-5-4349-1 nömrəli aktında göstərilən “Müdaxilə” qərarını, 2022-ci ildə sayğacın göstəricilərin vaxtlı-vaxtında göstərilmədiyini və ödənişin əvvəlki ildə az olduğunu əsas gətirərək iddiaçının ünvanına qeyri-qanuni olaraq saatda 6 m3, 24 saat, 90 gün hesabı ilə 6x24x90=12960 m3 olmaqla 1.555 manat borc yazılıb və bu günə qədərdə ödənilən pulun 2/3 hissəsi borca silinir. 18 aprel 2023-cü ilə qədər mənzildə əvvəlki qaz sayğacı olub və həmin tarixə qədər həmin sayğac işləyib, sayğacın göstəriciləri əsasında iddiaçı təbii qaza görə haqq ödəmişdir. Əgər həmin sayğac işlək deyilsə, o halda iddiaçı o sayğacı necə işlədə bilərdi və mənzilə təbii qaz necə gələ bilərdi? 18 aprel 2023-cü ildə cavabdehin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin qaz sayğacının yenisi ilə əvəz olunduğu vaxt çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib edilərək iddiaçı tərəfindən imzalanan ******* nömrəli akt sonradan dəyişdirilərək istehlakçının nümayəndəsinin imza yerində imtina yazmışlar. Əgər sayğac işlək deyildirsə, həmin sayğac yeni qaz sayğacı ilə əvəz olunarkən, cavabdeh qurumun əməkdaşları bu faktı aşkar edə bilərdi və tərtib edilmiş aktda bu barədə müvafiq qeyd apara bilərdilər. Buna görə də cavabdehin iddiaçıdan 1.555 manat tələb etməsi tamamilə qanunsuzdur. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombların kəsildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1.555,20 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayına abonentin 1.555,20 manat borcu mövcuddur. İddiaçı hazırda 1.555 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, abonent saldosunda iddiaçının 2023-cü ilin aprel ayına 1.555,20 manat borcunun olduğu görünsə də məhkəmə işə verilmiş iddia tələbinin həcmində baxmalı olduğundan hazırkı iş üzrə silinməsi tələb edilən 1.555 manat borca münasibətdə məhkəmə iddiaya qiymət verə bilər. Məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.555 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********40000 saylı abunə koduna hesablanmış 1.555 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 35.55 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********40000 saylı abunə koduna hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 35.55 (otuz beş manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar