Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2107/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh tərəfindən cərimə kimi yazılmış 777.60 manat cərimə borcun silinməsi və cərimə tətbiq olunan gündən qanunsuz olaraq iddiaçıdan tutulan məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Abşeron rayonu, Mehdabad qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi, ev-39A ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh əməkdaşları 23 iyun 2023-cü il tarixdə ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar. Yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına iddiaçının heç bir borcu olmamışdır. Bir müddət qazdan istfadə etmişdir. Lakin iddiaçı smart karta pul yüklədiyi zaman vurulan puldan tutulmanın şahidi olmuşdur. Bununla bağlı Birliyə müraciət etmiş, ona bildirmişlər ki, guya ki, iddiaçı köhnə qaz sayğacına müdaxilə etmişdir və buna görə 777.60 manat cərimə borcu var. İddiaçı cərimənin hansı əsasla yazıldığını araşdırmaq üçün Cavabdehnə müraciət etmiş və iddiaçıya bildirmişlər ki, mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı 1302AZ**********61 zavod nömrəli qaz sayğacı 23 iyun 2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Cavabdeh əməkdaşları məlumat vermişlər ki, bilirik siz sayğaca müdaxilə etməmisiz, guya ki, “sayğacın çıxış plastmas borusu deşikdir” və bu səbəbdən əsassız olaraq iddiaçı cərimə ödəməlidir. Bu səbəbdən 777.60 manat məbləğində cərimə pulu ödəməyini iddiaçıdan tələb etmişlər. Hansı ki, iddiaçının yaşadığı evdə sayğac kart sistemi ilə işləyib, bu səbəbdən də hesab edir ki, iddiaçının qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına kartla ödənişlərini vaxtı-vaxtında etmişdir və qaz sayğacına heç bir müdaxilə etməmişdir və plombu da üzərində olub. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. Sayğacın çıxış plastmas borusu deşik olması iddiaçının günahı deyil və iddiaçıya əsassız olaraq yazılan 777.60 manat məbləğində cərimə pulunun silinməsi üçün iddiaçı cavabdehə müraciət etmişdir, lakin nəticəsi olmamışdır. İddiaçı qaz sayğacına müdaxilə etməmişdir. İddiaçı hesab edir ki, Abşeron rayon X1 işçiləri tərəfindən tərtib edilən cərimə borcu əsassızdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 iyul 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacda qaz itkisi aşkar olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 777.60 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin iyul ayına abonentin 777.60 manat borcu mövcuddur. İddiaçı hazırda onun abonent hesabına əsassız olaraq yazılmış 777.60 manat borcun silinməsi və borcun silinməsi üçün tutulmuş pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, hakim verilmiş iddia tələbinin həcmində işə baxır. İddiaçı hazırda onun abonent hesabına əsassız olaraq yazılmış 777.60 manat borcun silinməsi və borcun silinməsi üçün tutulmuş pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 777.60 manat borc silinməlidir. Məhkəmə iddia tələbinin cərimə tətbiq olunan gündən qanunsuz olaraq iddiaçıdan tutulan məbləğin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, iddiaçı həmin məbləğin nə qədər olmasını iddia ərizəsində qeyd etməmiş, buna dair hissədə iddiası qeyri-müəyyən olmuşdur. Odur ki, məhkəmə, iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********15200 saylı abunə koduna hesablanmış 777.60 manat məbləğində cərimə borcu silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********15200 saylı abunə koduna hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2107/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2107/2024
05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver