Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2108/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış pəncərə və qapının bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – cavabdeh tərəfindən qanunsuz açılmış qapı və pəncərənin cavabdehin hesabına bağlanması və qonşu ilə aralarında olan hasar sərhəddin müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı öz ailə üzvləri ilə birgə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ona məxsus Bakı şəhəri, Xətai rayonu, İdmançı küçəsi, ev 44, mənzil 1 ünvanında yaşayırlar. Yaşadıqları mənzil həyət evidir və həyəti yan tərəfində ünvan 1 ünvanında yaşayan qonşusu Cavabdeh məxsus giriş-çıxışı digər küçəyə olan mənzil yerləşir. Qonşunun bir pəncərəsi onların həyətə tərəf düşdüyündən müvəqqəti olaraq öz həyətindən bir hissəsini qonşunun istifadəsinə vermişdir. Lakin, qonşu bu yaxşı niyyətdən istifadə edərək əlavə olaraq onun həyətinə qapı açmışdır. Beləliklə, onun hüquqlarını məhdudlaşdırmışdır. Dəfələrlə qeyd edilən qapının bağlanmasını tələb etsələr də, buna məhəl qoymamışdır. Belə olan halda əvvəlcə tərəfindən tikilmiş daş hasar sökülmüşdür. Lakin, cavabdeh bu dəfə də qapını bağlamamış və hüquqlarını məhdudlaşdırmağa davam etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan, AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 175138 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, İdmançı küçəsi, 44 saylı evin, 14,0 kv.metr yaşayış sahəsindən ibarət, 1 otaqlı, 1 saylı mənzili X1 mülkiyyətindədir. İş materiallarında olan, AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 075584 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, İdmançı küçəsi, 44 saylı evin, 78,0 kv.metr ümumi sahədən ibarət, 2 otaqlı, 1 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, İdmançı küçəsi, 44 saylı evin yerində müayinəsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İdmançı küçəsi, 44 saylı mənzildə iddiaçıya məxsus 44 saylı evin, 14,0 kv.metr yaşayış sahəsindən ibarət, 1 otaqlı, 1 saylı mənzil və həmin mənzilin yanında Cavabdeh məxsus 78,0 kv.metr ümumi sahədən ibarət, 2 otaqlı, 1 saylı mənzil mövcuddur. Qeyd edilən mənzillərin arasında yerləşən torpaq sahəsinə dair tərəflərin hüquqmüəyyənedici sənədləri yoxdur. Məhkəmə, iddia tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı ünvan 1 ünvanında yaşayan qonşusu Cavabdeh məxsus yaşayış evindən iddiaçıya məxsus həyət sahəsinə qapı açdığını iddia etsə də, mülki işin məhkəmə araşdırması zamanı qeyd edilən sahə ilə bağlı hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Məhkəmə iclasında verdiyi ifadəsində iddiaçı həmin sahənin onun mülkiyyətinə və ya istifadəsinə verildməsi ilə bağlı sənədlərinin mövcud olmadığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, İdmançı küçəsi, ev 44, mənzil 1 ünvanında yerləşən evin qarşısında olan torpaq sahəsinə dair iddiaçının mülkiyyət və ya istifadə hüquqları yaranmadığından, onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Adişirin qızının Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz açılmış qapı və pəncərənin cavabdehin hesabına bağlanılması və qonşu ilə aralarında olan hasar sərhəddin müəyyən edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2108/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2108/2021
19.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver