Məhkəmə qərarları › İş №2(011)-2109/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2109/2021

25.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2109/2021 25.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı İddiaçı cavabdeh “Cavabdeh” İstehsal Birliyinə qarşı “sayğaca qoyulmuş qadağanın aradan qaldırılması və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 cavabdeh “Cavabdeh” İstehsal Birliyinə qarşı “sayğaca qoyulmuş qadağanın aradan qaldırılması və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İB tərəfindən iddiaçının sayğacına qoyulmuş qadağanın aradan qaldırılması, cavabdeh tərəfindən yazılmış 1.291 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsi İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş, lakin iddia ərizəsi onun tərəfindən imzalanmamışdır. Həmçinin, X1 iddiaçının etibarnamə üzrə nümayəndəsi olmasına dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi imzalanmadan məhkəməyə verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Eyni zamanda, iddia ərizəsinin “xahiş etdi” hissəsində göstərilən tələblər qeyrimüəyyən və anlaşıqsız tərtib edilmişdir. İddianı təmin etmə tədbiri barədə ərizədə göstərilməli tələb iddia ərizəsində qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, iddia ərizəsi imzalanmadan verildiyindən, qeyri-müəyyən və bir-biri ilə əlaqəsi olmayan tələblər olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Cavabdeh” İstehsal Birliyinə qarşı “sayğaca qoyulmuş qadağanın aradan qaldırılması və cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar