Məhkəmə qərarları › İş №2(011)-211/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-211/2022

05.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-211/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi, eyni zamanda vəkili X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1782 (bir min yeddi yüz səksən iki) manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan ona məxsus ünvan 1 ünvanına gəlmiş, guya onun təbii qazdan sayğacdankənar istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1782 manat məbləğində əsassız borc yazmışdırlar. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən akt onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən ünvanda o, əsasən yay aylarında fasilələrlə qısa müddət yaşamışdır. Yaşadığı dövr ərzində təbii qazdan qanuni formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini ödəmişdir. Cavabdeh İB tərəfindən tərtib olunmuş “dəymiş ziyanın bərpasına dair tələbnamə”lərdə guya ona məxsus ünvanda PQ-4 tipli qaz peçinin, QSSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfiyyatı müvafiq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat və 1,4 kub metr/saat, orta günlük iş rejimi müxtəlif tələbnamələrdə müxtəlif formada qeyd olunmuşdur. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş tələbnamələrdə göstərilən hesablamalar işin faktiki hallarına uyğun deyildir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 02 fevral 2019-cu il tarixli tələbnamədə PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 6 saat, QSSQ-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, oıta günlük iş rejimi 8 saat, Dəmir sobanın saatlıq qaz sərfiyyatı 1,4 kub metr, orta günlük iş rejimi 18 saat götürülsə də 14 aprel 2020-ci il tarixli tələbnamədə PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat, QSSQ-nin saatlıq qaz sərfiyyatı 1,5 kub metr, orta günlük iş rejimi 24 saat, Dəmir sobanın saatlıq qaz sərfıyyatı 1,4 kub metr, orta günlük iş rejimi 24 saat qeyd olunmuşdur. Əslində aprel ayı fevral ayından daha soyuq aydır. Fevral ayında məişət qaz cihazlarının günün daha çox hissəsində işlək olması ağlabatandır. Bakı şəhərində aprel, may aylarında mənzillərin və fərdi yaşayış evlərinin isidilməsinə zərurət yaranmadığı üçün Birliyin əməkdaşları tərəfindən belə hesablamaların aparılmasını ağlabatan hesab etmir. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş 30 iyun 2020-ci il tarixli tələbnamədə hesablama aparılarkən adi riyazi hesablamara belə riayət olunmamışdır. Belə ki, tələbnamədə PQ-4 tipli qaz peçinin, QSSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfiyyatı müvafiq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat və 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 16 gün olmaqla hesablama aparılmışdır. Belə olduğu halda itirilmiş qaz sərfiyyatının ümumi həcmi 1574 kub metr olmalı idi (1,2x24x16=460; 1,5x24x16=576; 1,4x24x16=537,6.460+576+537,6=1574,6). Lakin buna baxmayaraq, Birlik bu tələbnamə əsasında ona itirilmiş qaz sərfiyyatının həcmini 5462 kub metr hesablamışdır. Birliyin əməkdaşları riyazi hesablamanı doğru formada aparsaydılar belə o, həmin məbləğ ilə də razı deyil. Ona görə ki, yay aylarında, xüsusi ilə iyun, iyul və avqust aylarında hər hansı məişət qaz cihazından 24 saat fasiləsiz istifadə etmək üçün hər hansı bir zərurət yaranmır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, biz həmin ünvanda əsasən ilin isti vaxtlarında yaşadıqları üçün həmin ünvanda istilik cihazı quraşdırılmamışdır, təbii qaz ilə işləyən cihazlardan yalnız 1 ədəd PQ-4 tipli qaz plitəsi vardır. Lakin Cavabdeh İB-nin əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya ona məxsus sözügedən ünvanda təbii qaz ilə işləyən “QSSQ” istilik cihazının və Dəmir sobanın mövcud olması qeyd olunmuş, həmin cihazlara görə müvafiq olaraq ona müxtəlif vaxtlarda müxtəlif həcmdə sərfiyyat hesablanmışdır. Cavabdeh Birlik ona mövcud olmayan cihaza görə sərfiyyat hesablamış və ona əsassız borc yükləmişdir. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. İstilik cihazları mövcud olmadığı halda, buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə göstərilən qaz sərfiyyatının, bu sərfiyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. Belə ki, Komissiya tərəfindən verilmiş rəydə PQ-4 tipli qaz cihazının saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat hesablanmaqla hesabat müddəti yuxarıda qeyd etdiyi kimi götürülmüşdür. Məhkəmənin nəzərinə onu da çatdırır ki, istənilən yaşayış sahəsində hər hansı bir qaz cihazının, o cümlədən PQ-4 tipli qaz cihazının 24 saat fasiləsiz işləməsi qeyri-mümkündür. Bu cihaza görə gündəlik qaz sərfiyyatını 200-300 kub metr, bu sərfiyyata görə ona gündəlik 2-3 manat məbləğində borcun (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 2-3 manat ekvivalentində qaz sərf edə bilməz) hesablanması heç bir halda ağlabatan ola bilməz. Yalnız PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfıyyatmm 5 manat ekvivalentindən artıq olmaması heç kimə sirr deyildir. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində ona məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh İB əməkdaşlarının hərəkətlərinin qanunsuz olduğunu düşünür. İddianın əsaslı olduğunu hesab edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilərək ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1782 (bir min yeddi yüz səksən iki) manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddiaçının məhkəmə qarşısında qaldırdığı iddia tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, iddiaçı uzun müddət təbii qazdan sayğacdan kənar qaz xətti vasitəsilə istifadə etməklə Cavabdeh İB-nə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşları tərəfindən qanuna müvafiq qaydada aktlar tərtib edilmiş, dəymiş ziyan hesabatları hazırlanmışdır. İddiaçı təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etdiyinə görə ümumilikdə 1782 manat məbləğində dəymi ziyan hesablanaraq iddiaçının **********00000 saylı kod hesabına qeyd edilmişdir. Faktlarla bağlı əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Aktlarla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edilməsi öz təsdiqini tapmışdır. Bundan əlavə həmin aktlara əsasən dəymiş ziyan hesabatları tərtib edilmiş və faktı özündə əks etdirən fotoşəkillər çəkilmişdir. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 1782 manat qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 4,1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyarfaydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X5”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Qeyd edilənlərə əsasən nümayəndə iddiaçının iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2021-ci il üçün 2937.89 manat borcu vardır. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 aprel 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/21 saylı, 14 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş ünvan 1 ünvanında qaz sayğacından kənar qoşulma təbii qazdan istifadə halı, eləcə də daşıyıcı qaz xətti üzərində sayğacdan kənar qoşulmaya xarakterik əlamətlər aşkar edilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 aprel 2020-ci il tarixli, ******* nömrəli aktda “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 1782 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/21 saylı, 14 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş İddiaçı məxsus ünvan 1 ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evə dair hesablanmış 1782 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvana (abonent kodu: **********00000) dair əsassız hesablanmış 1782 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar