Məhkəmə qərarları › İş №2(011)-2118/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2118/2025

28.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2118/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin evdə iddiaçı tək-tənha yaşayır. 27 noyabr 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları iddiaçıya məxsus olan ünvan 1 evə yaxınlaşaraq işıq sayğacını dəyişdirmişdir. Bir müddət işıq sayğacından istifadə etdikdən sonra 27 dekabr 2024-cü il tarixdə "xxxx" ASC-dən əməkdaşlar gələrək heç bir səbəb olmadan evinin işıqlarını kəsmişlər. Hal-hazırda həmin vaxtdan iddiaçının evində işıq yanmır. İddiaçı bununla bağlı "xxxx" ASC-yə müraciət etmiş, ona bildirmişdir ki, guya ki, sayğacdan kənar istifadə etdiyi üçün 1100 manat məbləğində əsassız cərimə yazmışlar. "xxxx" ASC-dən iddiaçıya şifahi olaraq bildirmişdir ki, guya ki, sayğaca baxış keçirilən zaman evə quraşdırılan sayğac sistemindən kənar xətt daxil olmuş, bunun nəticəsində də ünvan 1 evə 1100 manat məbləğində cərimə yazılmışdır. Hansı ki, iddiaçı və ailəsi elektrik sayğacına heç bir müdaxilə etməmiş, "xxxx" ASC-yə heç bir borcu olmamışdır. Ödənişlər isə vaxtlı-vaxtında qəbzlə ödənilmişdir. İddiaçı elektrik sayğacına müdaxilə etməmişdir. İddiaçı hesab edir ki, "xxxx" ASC-nin işçiləri tərəfindən tərtib edilən cərimə ədalətsiz hərəkətdir. İddiaçı göstərilənləri nəzərə alaraq, "xxxx" ASC tərəfindən qeyd edilən 1100 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkiliddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyini, lakin məhkəməyə gəlmədiyini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 23 dekabr 2024cü il tarixli aktın surətindən görünür ki, həmin aktda qeyd edilmişdir ki, istehlakçı İddiaçı ünvan 2 ünvanında sayğaca baxış keçirilmiş, mənzildə kənar xəttdən istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatlardan görünür ki, ünvan 2 ünvanında abonent İddiaçı məxsus sayğac üzrə 1107,53 manat borc yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/591 saylı, 30 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata ayrıca təqdim edilmiş İddiaçı məxsus Xətai rayonu, Əbilov küçəsi, ev 18, mənzil 44 (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 80/4) ünvanına quraşdırılmış elektrik sayğacı üzərində (gövdəsində, bağlanc vintlərində hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-trasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının” 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. «Qaydalar»ın 8.31-ci bəndinə əsasən məişət abonenti müəyyən olunmuş gündən sonra 10 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, sonrakı hər bir gün üçün ödəniş aparılan günədək, ödəniş sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verməlidir. Məişət abonenti bundan sonrakı 20 gün müddətində ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəmədikdə dəbbə (penya) tutulması hüququndan asılı olmayaraq, enerji təchizatı müəssisəsi 3 gün əvvəl xəbərdar etməklə onu enerjiyə görə borc ödənilənədək elektrik şəbəkəsindən aça bilər. Elektrik şəbəkəsindən açıldığı müddətdə məişət abonentindən dəbbə (penya) tutulmur. “X1 Qaydalarının” 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, "xxxx" ASC tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 dekabr 2024-cü il tarixli aktın surətində “mənzildə kənar xəttdən istifadə edildiyi müəyyən edildi” kimi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən kənar elektrik xəttindən istifadə ilə bağlı, həmçinin iddiaçının yaşadığı evinə dair hesablanmış 1100 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/591 saylı, 30 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata ayrıca təqdim edilmiş İddiaçı məxsus Xətai rayonu, Əbilov küçəsi, ev 18, mənzil 44 (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 80/4) ünvanına quraşdırılmış elektrik sayğacı üzərində (gövdəsində, bağlanc vintlərində hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 80/4) (Abonent kodu: **********80044) ünvanına dair hesablanmış 1100 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına hesablanmış 1100 manat məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh "xxxx" ASC-dən 31 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar