Məhkəmə qərarları › İş №2(011)-2132/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2132/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2132/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli 29/1710- 01032 saylı aktın, xx.xx.2019-cu il tarixli tarixli ******* saylı aktın və onun əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dari tələbnamənin etibarsız hesab edilməsi, həmin qərar əsasında ünvan 1 ünvanına (Abonent kodu: **********00061) hesablanan 4860 kub. metr itirilmiş təbii qazın və onun dəyəri miqdarında debitor borcun silinməsi, ödənilmiş vəsaitdən debitor borca silinmiş məbləğin onun hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı Regional Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş İtron G-4 a tipli sayğacına baxış keçirilmiş, ilkin olaraq aktda sayğacın klapanının işləməməsi qeyd edilmiş (sonradan digər qələmlə bilinməyən vaxtda yazılmış “hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi və ona zidd olaraq “hesablama mexanizminin plastmas örtüyünün üst sol küncündən çatlaması" qeydi ilə akt tərtib edilmiş) aktı tərtib edənlər tərəfindən imzalansa da sonradan əlavə edilməklə onun imza qrafasına imtina qeydi yazılmışdır. Halbuki qaz sayğacı sökülən zaman o və həyat yoldaşı orada olmuş və onlar heç bir problemin olmadığı bildirilmişdir. Qeyd edilən akt heç tanışlıq üçün belə təqdim edilməmişdir. Qeyd edilən qanunsuz tərtib edilmiş akt əsasında qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək sayğac götürülmüş, əvəzində isə onun yeni sayğac quraşdırılmışdır.Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə əldə edilmiş “aktlar və tələbnaməyə əsasən guya kənar təsir nəticəsində sayğacın hesablama mexanizminin müdaxilə edildiyi müəyyən edilmişdir. Ona görə də xx.xx.2019-cu il tarixli ******* saylı aktın əsasında qəbul edilmiş xx.xx.2019cu il tarixli dəymiş ziyanın bərpasına dari tələbnamə və komissiyanın qərarına əsasən 4860 kub.metr itirilmiş təbii qaz onun hesabına işlənmiş və həmin miqdarda təbii qazın dəyəri müqabilində debitor borcun hesabında birc kimi əks etdirlmiş və ödənişlərdən əsasız olaraq silinmişdir. Bildirir ki, tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir, istifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun və tam şəkildə mütəmadi olaraq ödəmişdir. Əgər sayğacda aşkar edilmiş qüsur çoxdan olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənar yerləşdiyi üçün onun sayğacın kənar təsirlərinə nəzarət etmək imkanı olmamışdır. Beləliklə işin hallarından göründüyü kimi baxış zamanı sayğacların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qaz paylayıcısı tərəfindən “sayğacın hesablayıcı mexanizminin plastmas qapağının alt hissədən deşilməsi” müəyyən edilsə də, həmin tamlığın pozulmasının məhz onun səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır, həmçinin sayğac dəyişdirilən tarixədək hər dövrü müddət üçn yoxlayıcı tərəfindən aşkar edilməmişdir. Həmçinin hesab edir ki, sayğac çıxarılandan sonra məhz onu dəyişən və ya aparan şəxslər tərəfindən qüsur meydana çıxmışdır ki, bu da həmin şəxslərin səhlənkarlığı və digər şəxslərin sair maraqları üzündən baş vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmış, ziyanın məbləğinin 486 manat olması müəyyən edilmişdir. İddiaçı həmin məbləği Cavabdeh İB-yə ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cavabdeh” X2 və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasının xx.xx.2019-cu il tarixli 29/1710-01032 saylı aktının surətindən görünür ki, ünvan 1 ünvanında quraşdırılmış1402AZ**********59 nömrəli qaz sayğacının klapanının üzərindəki kipləşdirici təbəqə aşkar olunmamış, hesablama mexanizminin qoruyucu şüşəsinin deşici alətlə deşilmiş, göstərici çarxının üzərində cızıq izi aşkar olunmuş, hesablama mexanizminin plastmas örtüyü üst sol küncündən çatlamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin deşici alətlə deşilməsi və nəticədə sayğacın klapanının işləməməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evdə İTRİ “Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyası”nın qaz sayğacının yoxlanılması barədə xx.xx.2019 tarixli 29/1710-01032 nömrəli aktına əsasən itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmış və cavabdeh tərəfindən iddiaçıdan 4860 kub metr itirilmiş qazın bərpası məqsədilə borc tələb edilir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan onun 486 manat məbləğində borcunun olması, iddiaçı tərəfindən ödənilmiş məbləğdən borca tutulduğu görünür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 -ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddia tələbi əsaslı və qanunu olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfmə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli 29/1710-01032 saylı aktı, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın və onun əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dari tələbnamə etibarsız hesab edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına (Abonent kodu: **********00061) hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 145 (bir yüz qırx beş) manat cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq iddiaçıya geri qaytarılsın. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar