Məhkəmə qərarları › İş №2(011)-2138/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2138/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2138/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12 noyabr 2020-ci il tarixli 100131 nömrəli podrat müqaviləsi üzrə 7.000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 noyabr 2020-ci il tarixdə ünvan 2də yerləşən “Xəzri Residence” yaşayış kompleksində həyat yoldaşı X2 məxsus olan mənzilin təmiri üçün Cavabdeh MMC-yə müraciət etmişdir. 12 noyabr 2020-ci il tarixdə cəmiyyətin direktoru X1 ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən villada təmir üçün 100131 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən ilkin olara ümumi məbləğin (14.000 manat) 50 faizi 7.000 manatı podratçı tərəfindən verilən qəbz əsasında ödənilmişdir. Məbləğin ödənilməsi zamanı iddiaçının həyat yoldaşı X3 şahid qismində iştirak etmişdir. Müqavilədə göstərilən Əlavə 1 iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, Rauf Allahverdiyev hər zaman müxtəlif texniki səbəblərlə izah etmiş və əlavəni tərtib edib göndərəcəyinə söz vermişdir. Lakin indiyə qədər Əlavə 1 iddiaçıya verilməmişdir. Rauf Allahverdiyev təmir işlərinin ən gec 2 aya bitib təhvil veriləcəyini desə də, mənzildə təmir işləri demək olar görülməmişdir. Yalnız indiyə qədər elektrik işləri ilə kombiyə aid olan borular natamam vəziyyətdə qurulmuşdur. İddiaçı 15 yanvar 2020-ci il tarixdə verdiyi pulu, habelə mənzil və blokun açarlarını tələb etmək üçün R.Allahverdiyev və həyat yoldaşı Afaq adlı şəxsin mobil telefonlarına zəng etməsinə baxmayaraq, həmin şəxslər müxtəlif bəhanələr gətirmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə onun mənzilində təmir-tikinti işlərinin aparılmasını, cavabdeh isə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 12 noyabr 2020-ci il tarixdə iddiaçı tərəfindən ilkin ödəniş olaraq məbləğin yarısı-7.000 manat cavabdehə ödənilmişdir. Lakin cavabdeh cəmiyyət tərəfindən müqavilənin şərtləri pozulmuş, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi bu günədək yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır, yəni podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi- hazırkı halda mənzildə təmir-tikinti işləri aparmağı, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında podrat münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə əsasən cavabdeh iddiaçıya aid mənzildə təmir-tikinti işlərini aparmağı, iddiaçı isə xidmətin dəyərini ödəməli olmuşdur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan görülmüş xidmətin dəyərini almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin iddiaçıya tam şəkildə göstərilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətin dəyərini almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidməti göstərməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilən ünvan üzrə təmir işləri aparılmışdır.Qeyd edilən işlərin həcmini müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən “Xəzri Residence” yaşayış kompleksində yerləşən 2 otaqlı mənzil üzrə qismən elektrik və santexnika işləri görüldüyü və həmin işlərin ümumi dəyəri 1.100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddiaçı tərəfin ödədiyi 7.000 manat vəsaitdən ekspert rəyinə əsasən görülmüş işlərin dəyəri kimi müəyyən edilmiş 1.100 manat çıxılmalı, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 5.900 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza xərci 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 12 noyabr 2020-ci il tarixli 100131 nömrəli podrat müqaviləsi üzrə 5.900 (beş min doqquz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh MMC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar