Məhkəmə qərarları › İş №2(011)-2149/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2149/2023

15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2149/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İddiaçıya məxsus ünvan 1 fərdi yaşayış evində cavabdehin əməkdaşları tərəfindən qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra iddiaçıya 486 manat borcunun olmasını bildirmişlər. İddiaçının cavabdeh təşkilata müraciətindən sonra cavab olaraq bildirmişlər ki, tərəfindən sayğaca müdaxilə olunduğu üçün 486 manat məbləğində cərimə və 235,88 manat sayğacın dəyəri hesablanmışdır. İddiaçının tələbi: İddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən evinə hesablanmmış 486 manat borcun və 235,88 manat sayğacın dəyərinin silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2019-cu il tarixli Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə №-li ******* Akt; xx.xx.2019-cu il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* №-li Akt; Sumqayıt Regional Qaz İstismarı İdarəsi tərəfindən tərtib edilmiş dəymiz ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamə; xx.xx.2019-cu il tarixli Qaz sayğacının yoxlanılması barədə № MSK -29/1710-00924-2 Akt; Abonentin saldosu. Tətbiq edilən hüquq: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

“Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar” 5.1. İİ hissəsi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən evinə hesablanmmış 486 manat borcun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarına əsasən iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir. Məhkəmə iddia tələbinin 235,88 manat sayğacın dəyərinin silinməsi hissəsini araşdırıraq qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərlə 235,88 manat məbləğdə sayğacın dəyərinin cavabdehdən tələb edilməsi, tutulması və ya hər hansı başqa hal subuta yetirilməmişdir. Belə ki, iddiaçının iddia etdiyi 235,88 manat məbləğdə sayğacın dəyəri ilə bağlı təqdim edilmiş sənədlərdə hər hansı borc qeydi aparılmamışdır. Həmçinin sayğacın dəyərinin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli iddiaçının ərizəsinə verilmiş cavab məktubunun surətinə əsasən oğurlanmış qaz sayğacının əvəzinə yeni sayğacın quraşdırılması vətəndaşın öz vəsaiti hesabına müvafiq qaydada təmin edilməli olduğu bildirilmişdir. Lakin iddiaçıdan nəyin əsasında, 235,88 manat məbləğdə vəsaitin tələb edildiyini, iddiaçı tərəfindən 235,88 manat məbləğin ödənildiyini təsdiq edən hər hansı sənəd və ya başqa sübut məhkəməyə təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, iddia tələbinin bu hissəsində tələbin əsası kimi istinad edilə biləcək hallar sübuta yetirilmədiyindən tələb bu hissədə əsassızdır.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00760) qaz sərfiyyatına görə hesablanmış 486 manat borc (dörd yüz səksən altı) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar