Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2171/2022 03.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız yazılmış borcun silinməsi və borca görə tutulmuş vəsaitin geri qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı istifadəsində olan Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Azon” məhəlləsində yerləşən bağ evlərində olan fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh tərəfindən cərimə kimi yazılmış 1803.80 manat cərimə borcunun silinməsi və borca görə tutulmuş 68.60 manat məbləğində pulun və ödənilmiş 50 manat məbləğində pulun geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Azon” məhəlləsində yerləşən bağ evlərində olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları onun mənzili üçün əsassız olaraq külli miqdarda borc yazmışdırlar. Guya o iki min manatlıq qazdan qanunsuz istifadə etmişdir. xx.xx.2021-ci il tarixində ona heç bir xəbərdarlıq edilmədən ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək guya onun təbii qazdan qeydiyyatsız istifadə etməyini qeyd ediblər. Buna görə də ona 756 manat hesablanmışdır. Həmin akt tərtib ediləndə iştirakçı olmamışdır və guya aktı imza etməkdən də imtina etmişdir. Halbuki həmin akt onun mənzilində tərtib edilməyib. 2018-ci ilin mart ayının 27-də də eyni oyunu başına açıblar. Belə ki, ******* saylı akt tərtib edərək onun təbii qazdan guya qanunsuz istifadə etdiyini qeyd ediblər və guya iddiaçı akta imza etməkdən imtina etmişdir. Buna görə də ona 1166.40 manat borc yükləmişdirlər. Bu ağ yalandır. Bütün bunlar əsas götürülsə, ona cəmi 1922.40 manat məbləğində əsassız borc yazılmışdır. Ona heç bir xəbərdarlıq edilmədən ödədiyi puldan ondan 68.60 manat məbləğində pulu borca görə tutublar. Həmçinin özü də 50 manat məbləğində ödəniş həyata keçirmişdir. Bu ödənişi o, borcdan xəbəri olmadan həyata keçirmişdir. Hal-hazırda isə borcdan tutulanlar nəzərə alınsa, abonent saldosuna görə onun 1803.80 manat qalıq borcu qalmaqdadır. Onun bu qədər təbii qazdan iki il ərzində istifadə etməyi sadə məntiqlə uyğun gəlmir. Bu aktların saxta olduğunu hesab edir və ləğv edilməsini istəyir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Azon” məhəlləsində yerləşən bağ evlərində olan fərdi yaşayış evinə (abonent kodu: **********00103) dair qaz sərfiyyatının saldosundan görünür ki, 1803.80 (bir min səkkiz yüz üç manat səksən qəpik) manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarda qeyd edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Aktlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, həyət evində təbii qazdan sayğacdan kənar boru çəkilməklə istifadə edilib. Bundan sonra Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1803.80 (bir min səkkiz yüz üç manat səksən qəpik) manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmiş və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün müvafiq tədbirlər görülməsi müəyyənləşdirilmiş və dəymiş ziyan kimi 1803.80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçının ünvanına - Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Azon” məhəlləsində yerləşən bağ evlərində ünvanında yerləşən fərdi yaşayış evinə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əlavə edilmiş fotoşəkillər iddiaçının fədri yaşayış evinin ünvanına aiddir. Həmin fotoşəkillərdə əks edilmiş sayğacdan kənar boru təbii qazın keçdiyi borudur. Boru iddiaçının həyətindən onun fərdi yaşayış evinə çəkilmişdir. Hal-hazırda həmin ünvanda sayğac quraşdırılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1166,40 manat məbləğində borcu çıxaraq, qaz sərfinə görə iddiaçıya hesablanmış 756 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya 118,6 manat məbləğində pulu cavabdeh təşkilat Cavabdehndən tutularaq iddiaçıya geri ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə Cavabdeh tərəfindən hesablanmış 1166,40 manat məbləğində borcun əsaslı olduğu qənaətinə gəldiyinə görə, həmin borca görə aparılan tutmaları da əsaslı hesab edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan çox olduğundan, yəni 2422,4 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 44.22 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Azon” məhəlləsində yerləşən fərdi yaşayış evi (abonent kodu: **********000103) üzrə İddiaçı hesablanmış 756 (yeddi yüz əlli altı) manat məbləğində borc silinsin. Cavabdehndən 44.22 (qırx iki manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2171/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2171/2022
03.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver