Məhkəmə qərarları › İş №2(011)-2180/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2180/2025

22.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2180/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar Filimanova Xalidə Mahmudovnanın və İddiaçı2 , Cavabdeh iştirakı ilə, İddiaçı Filimanova Xalidə Mahmudovnanın və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 19 saylı evin 45 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, giriş 121, M8, m1) (bundan sonra - Mənzil) əvvəllər iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olmuşdur. Onların mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. xx.xx.2024-cü il tarixdə Mənzilə dair İddiaçı2, İddiaçı1 və cavabdeh arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.

3. Alqı-satqı müqaviləsinə görə Mənzilin qiyməti 120000 manat müəyyən edilmiş, Mənzilin qiymətinin 60000 manat hisssəsi Xalidə Flimanovaya, 60000 manat pulun isə Xalidə Flimanovya notariusun bankda açılan hesabı vasitəsi ilə ödənilməsi nəzərdə tutulmuşdur.

4. Cavabdeh tərəfindən iddiaçılara Mənzilin qiymətinin 2000 manat hissəsi ödənilməmişdir. Müqavilə bağlandıqdan sonra cavabdehlər 2024-cü ilin sentyabr ayının 4dək Mənzildə yaşamışlar, bu müddətdə onların istifadə etdikləri, lakin ödənilməmiş, ümumilikdə 127,75 manat borcları yaranmışdır. Həmin pul cavabdeh tərəfindən ödənilmişdir.

5. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-938/2025 saylı, cavabdehin iddiaçılara, habelə X6, Minbaşı Caffar Adel oğluna, Minbaşı Ceysan Adel oğluna, Minbaşı Cammel Adel oğluna və X1rşı “yaşayış istifadə hüququnun itirilməsi” barədə iddiası qismən təmin edilərək İddiaçı2, İddiaçı1, X2 və X4 Mənzilidən dair istifadə hüquqlarının itirilməsi, digərlərinə münasibətdə isə rədd edilməsi qət edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçılar aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibasız hesa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçılar sonradan iddia ərizələrini dəyişərək 2000 manat pulun və ösənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasən mülkiyyətlərində olan Mənzili qarşılıqlı razılaşmaya əsasən cavabdehə 160000 manata satmışlar. Cavabdehin xahişinə əsasən vergi ödənişinin az olması səbəbi ilə əmlakın dəyəri 120000 manat göstərilmişdir. Müqaviləyə və razılaşmalarına əsasən müqavilə bağlandıqdan sonra cavabdeh qalmış 40000 manat borcu ödəməli, həmin ödəniş olunduqdan sonra onlar Mənzildən qeydiyytadan çıxmalı idilər. Lakin cavabdeh 38000 manat pulu ödəmiş, 2000 manat isə ödəyəcəyini bildirsə də, sonradan imtina etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçılar məhkəmə baxışı zamanı iddia ərizələrinə uyğun izahat verdilər və əlavə olaraq bildirdilər ki, müqaviləyə əsasən onlar xx.xx.2024-cü il tarixədək Mənzili cavabdehə təhvil verməli idilər. Aralarındakı razılaşmaya əsasən onlar Mənzili təhvil verərkən saxlanılan 2000 manat puldan bütün xərclər çıxıldıqdan sonra qalan pul onlara verilməli idi. Onlar 2024-cü ilin sentyabr ayının əvvələində mənzildən çıxmış, lakin qalan pulu cavabdehdən ala bilmirlər. Cavabdehə dəfələrlə bildirmişlər ki, çəkdiyi xərclərlə bağlı qəbzləri təqdim etsin, hansı xərci çəkmişsə onları çıxıb qalan pulu versin. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdilər.

11. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Mənzili 120000 manat pula almışdır. Qarşılıqlı razılaşmalarına əsasən Mənzilin pulundan 2000 manat pul saxlamışdır. Bunu o mqəsədlə etmişlər ki, iddiaçılar müqavillə bağlandıqdan bir ay sonra Mənzili ona təhvil verəcəklərindən istifadə etdikləri kommunal xidmətlərə görə xərclər, habelə digər xərclər (iddiaçılara aid zir-zibilin, soyuducunun daşnması və s.) çıxıldıqdan sonra qalan pul vəsaiti iddiaçılara qaytarılsın. Qeyd edilərə əsasən iddianın rədd edilmsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

13. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

17. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

25. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

26. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

27. Mübahisə tərəflər arasında mənzil alqı-satqı barədə bağlanmış müqavilə üzrə cavabdehin öhdəliyinin tam icra olunmaması ilə bağlıdır. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında Mənzilin aqlı-satıqısı barədə xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmış, müqavilə ilə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşdür. İddiaçılar digər öhdəlikləri ilə bərabər müqavilədə göstərilən müddətdə (xx.xx.2024-cü il) mənzili cavabdehə təhvil verməli, cavabdeh müqavilədə göstərilən məbləğdə pulu (mənzilin dəyərini) iddiaçıaya tam ödəməli idi.

28. Yuxarıda qeyd edilən maddi hüquq normalarında müqaviləyə verilən anlayışdan da görünür, müqavilə iki və ya bir neçə şəxsin özlərinin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada azad iradə seçimləri ilə uzlaşan razılaşmasıdır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə dayanır və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu, şərtlərini, habelə görmək istədiyi (arzuladığı) hüquqi nəticəni sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). İradə ifadəsi əqli dərketməyə dayanmalı və müqavilə tərəflərinin görmək istədiyi (arzuladığı) hüquqi nəticə ilə üst-üstə düşməlidir (uzlaşmalıdır). Əks halda iradə ifadəsi ya ümumiyyətlə olmayacaq, ya da natamam (zədələnmiş) olacaqdır.

29. Məhkəmə araşdırması zamanı tərəflər arasında Mənzilə dair alqı-satqı müqaviləsinin qanuna, yaxud tərəflərin iradə azadlığına zidd olaraq bağlanması ilə bağlı hallar müəyyən edilməmişdir. Cavabdeh də bununla bağlı hər hansı məzmunda etirazını və dəlillərini məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə müqavilənin etibarlılıq prezumpsiyasından çıxış edərək qeyd edir ki, tərəflər hər biri müqavilədə göstərilən öhdəliklərini tam yerinə yetirməli idi.

30. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasındakı şifahi razılaşmaya əsasən cavabdeh Mənzilin qiymətindən 2000 manat hissəsini saxlamışdır. Razılaşma isə ondan ibarət olmuşdur ki, Mənzil cavabdehə tam təhvil verilənədək (müqaviləyə görə Mənzilin təhvil verilməsi onun bağlanmsından bir ay sonra olmalı idi) iddiaçıların kommunal xidmətlərə görə, yaxud yarana biləcək digər xərclər çıxıldıqdan sonra qalan pul iddiaçılara ödənilməli idi. Lakin yaranmış xərclərlə bağlı tərəflər arasında kompramis əldə olunmamış, belə ki, cavabdeh iddia etdiyi bəzi xərclərlə bağlı sübutlarını iddiaçılara təqdim etməmişdir.

31. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıların əvəzinə (həm müqavilədən əvvəl yaranmış, həm də müqavilədən sonra Mənzil təhvil verilənədək) ödənilmiş pul vəsitləri ilə bağlı bəzi qəbzlər təqdim etmişdir ki, həmin qəbzlər əsasında kommunal xidmətlərə görə 127,75 manat pul ödənildiyi müəyyən olunur. Cavabdeh tərəfindən digər xərclərə görə (zibilin daşınması və s.) ödənilmiş pul vəsaitləri barədə sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər çıxıldıqdan sonra qalan məbləğ cavabdeh tərəfindən iddiaçılara ödənilməlidir, çünki həmin pulun ödənilməsi cavabdehin öhdəliyinə daxildir.

32. Məhkəmə 2000 manat pulun sonradan veriıməsi ilə bağlı tərəflərin razılaşmasının müqavilədə əks olunmamasına münasibətdə qeyd edir ki, həmin şifahi razılaşma müqavilədə nəzərdə tutulmasa da, bu tərəflərin müqavilədən sonrakı münasibətlərinin davamı olmuşdur, buna görə də 2000 manat pulun qaytarılması da cavabdehin öhdəliyi olmuşdur. Mülki Məcələnin 404.2-ci maddəsində göstərilir ki, müqavilə şərtləri təfsir edilərkən bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

33. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh sözügedən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini pozmuş və Mənzilin dəyərini, aralarındakı şifahi razılaşmanın şərtləri nəzərə alınmaqla, iddiaçılara tam ödməmişdir. Halbuki, üz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Məhkəmə, hesab edir ki, iddiaçı dövlət rüsum da cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 1872,25 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq X5 və İddiaçı2nya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar