Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-219/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, 27V saylı fərdi yaşayış evi (bundan sonra – Fərdi yaşayış evi) üzrə X2 **********200000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı Əhmədağa Xəlilovun qızıdır. Əhmədağa Xəlilov xx.xx.2018-ci il tarixdə ölmüşdür.
2. Abonent saldosuna əsasən iddiaçının yaşadığı fərdi yaşayış evinə qaz sayğacı sonuncu dəfə xx.xx.2011-ci il tarixdə quraşdırılmışdır. İddiaçının yaşadığı Fərdi yaşayış evinə 2018-ci ilin yanvar ayından 2019-cu ilin noyabr ayınadək 21 dəfə akt tərtib edilmişdir. Tərtib edilmiş aktların hamısınıda iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilməsi barədə qeyd aparılmaqla, itirilmiş qazın bərpası məqsədilə Bakı Regional Qazın Satışı Departamenti tərəfindən hesabat aparılmışdır.
3. Həmçinin, iddiaçının yaşadığı fərdi yaşayış evinə dair abonent saldosunun “qalıq və aktlar” bölməsində 2018-ci il üzrə 2168,20 manat, 2019-cu il üzrə 828 manat borcun olması, “GASREP” saldosunun “borca görə tutulma” bölməsində isə cəmi 460,67 borcun tutulması əks olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 0148059, 0167769, 0171864, 0183906, 0187189, 0180168, 0192211, 0118899, 0204545, 0210389, 0214819, 0225826, 0227707, 0232800, 0234411, 0239866, ******* və ******* saylı aktların ləğv edilməsi, həmin aktlardan irəli gələn 2968,73 manat borcun abonent kodundan silinməsi, qeyri-qanuni tutulmuş 460,67 manat pulun iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixdə cavabdeh tərəfindən ünvan 1 ünvanına abonentin, X1 iştirakı ilə küçədə SMART G-4 İTRON DİAFRAQMA tipli, 1102AQ**********7 İ\k li sayğac quraşdırılmış, plomb vurulmuş, **********30000 Ne li kod verilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmiş, lakin abonent ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2018-ci il tarixdə abonentin iştirakı olmadan (abonent xx.xx.2018-ci ildə vəfat etmişdir) cavabdeh tərəfindən qeyd edilən ünvanında xx.xx.2011-ci il tarixdə quraşdırılmış 1102AQ**********7 N-li qaz sayğacına baxış keçirilərkən guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-video çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edimiş, itirilmiş 454 m3 qazın dəyərinin hesablanmasına dair ******* li akt tərtib edilmiş, lakin həmin AKT heç kimə təqdim edilməmişdir. Sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməlidir. Cavabdeh "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 N-li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 15 mart 2018-ci il tarixli, "X7"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyriqanuni qaz xəttinin ləğv edilməsi qeyd olunsa da, Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Ceyhun Qədimov və Kənan Abdullayev abonentin vəfat etdiyini və qeyd olunan ünvanda heç kimin yaşamadığına görə qəsdən həmin ünvana qonşuları dəvət etmədən akt tərtib etmişlər.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə iclasının vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən, eləcə də, mülki işin uzun müddətdir məhkəmənin icraatında olmasını, iş üzrə araşdırmalar aparılmasını, kifayət qədər sübutlar təqdim edilməsini, ekspertiza keçirilməsi ilə bağlı halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxıla bilər.
8. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək rədd edilməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
11. 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
12. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur).
16. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
19. İddiaçının iddia tələbi üç hissədən ibarətdir: birinci, 0148059, 0167769, 0171864, 0183906, 0187189, 0180168, 0192211, 0118899, 0204545, 0210389, 0214819, 0225826, 0227707, 0232800, 0234411, 0239866, ******* və ******* saylı aktların ləğv edilməsi; ikincisi, həmin aktlardan irəli gələn 2968,73 manat borcun silinməsi; üçüncü, qeyri-qanuni tutulmuş 460,67 manat pulun iddiaçıya qaytarılması.
20. Məhkəmə hesab edir ki, iddiaçının birinci tələbi qismən əsaslıdır. Belə ki, işin faktiki hallarından və iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı Fərdi yaşayış evinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qazdan isitfadə qaydalarının pozulması – kənar xətdən istifadə ilə bağlı 21 dəfə akt tərtib edilmiş, aktların hər birində istehlakçı kimi X2 qeyd edilməklə, aktları imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədağa Xəlilov xx.xx.2018-ci il tarixdə ölmüşdür.
21. Məhkəmə qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, sözü gedən aktlar iddiaçının atasının adına tərtib edilmiş və həmin aktları Əhmədağa Xəlilovun imzalamaqdan imtina etməsi barədə qeyd aparılmış, halbuki, hələ xx.xx.2018-ci il tarixdə tərtib edilmiş birinci aktdan 19 gün əvvəl Əhmədağa Xəlilov ölmüşdür. Bu halda onun aktın tərtib edilməsində, hətta aktı imza etməkdən imtina etməsi necə mümkün ola bilərdi.
22. Məhkəmə hesab edir ki, qazdan istifadə qaydalarının pozulması barədə aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür (Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi). Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəaları da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır.
23. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi, cavabdeh tərəfindən tərtib edilmiş 0148059, 0167769, 0171864, 0183906, 0187189, 0180168, 0192211, 0118899, 0204545, 0210389, 0214819, 0225826, 0227707, 0232800, 0234411, 0239866, ******* və ******* saylı aktlar, həmçinin iddia tələbində qeyd edilməyən digər aktlar da qanunvericiliyin tələblərinin pozulması, eyni zamanda guya ölmüş şəxsin iştirakı ilə tərtib edildiyindən etibarsız hesab edilməlidir.
24. Məhkəmə hesab edir ki, iddiaçının ikinci tələbi qismən təmin edilməlidir. Əvvəldə cavabdeh tərəfindən tərtib edilmiş aktların etibarsız hesab edilməsi barədə ətraflı şərh edilmişdir. Bu hal həmin aktlar əsasında hesablanmış borcun da əsassız olması qənaətinə gəlməyə tam əsas vermiş olur. Bundan başqa, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/1853 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən tətqiqata təqdim edilmiş qaz sayğacının və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə və əlavə xətt aşkar edilməmişdir.
25. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Həmçinin, cavabdeh akt əsasında hesablanmış borcun sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını da təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin iddiaçı 2968,73 manat məbləğdə pulun borcun silinnısini tələb etsə də, “GASREP” saldosunun “borca görə tutulma” bölməsindən görünür ki, iddiaçı tərəfindən qazdan sayğac əsasında istifadəyə görə edilmiş ödənişlərdən aktlar əsasında hesablanmış borcun əvəzinə cəmi 460,67 manat pul tutulmuşdur. Eyni zamanda, iddiaçı həmin pulun cavabdehdən tutularaq ona qaytarılması barədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, qazdan istifadə qaydalarının pozulması nəticəsində cavabdeh tərəfindən hesablanmış borcun tam silinməsi, eyni zamanda da borca görə tutulmuş pulun qaytarılması iddiaçının əsassız varlanması ilə nəticələnə bilər. Odur ki, iddia həmin hissədə qismən təmin edilərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2508,06 manat məbləğində borc silinməlidir.
26. Məhkəmə hesab edir ki, iddiaçının üçüncü tələbi tam təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş qaydaların pozulması ilə tərtib edilmiş aktlar əsasında iddiaçıya əsassız borcun hesablanması barədə ətraflı şərh edilmiş, məhkəmə cavabdeh tərəfindən tərtib edilmiş aktların etirabsız hesab edilməsi və həmin aktlar əsasında hesablanmış borcun qismən silinməsi barədə nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən tutulmuş 460,67 manat pul isə əsassız hesablanmış borcun əvəzləşdirilməsi məqəsdilə iddiaçı tərəfindən sayğacın qaz sərfiyyatı əsasında qanuni ödənilmiş puldan tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, borca görə tutulmuş həmin pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır, çünki cavabdeh həmin pulu iddiaçıdan tutması qanuni olmamışdır.
27. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
28. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 49,69 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, 27V saylı fərdi yaşayış evinə (abonent kodu: **********200000) dair hesablanmış 2508,06 manat məbləğində borc silinsin. Borca görə tutulmuş 460,67 manat pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tutularaq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. 49,69 manat məbləğində dövlət rüsumu və 64 manat ekspertiza xərci Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı
-