Məhkəmə qərarları › İş №2(011)-225/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-225/2024

01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-225/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən **********40000 abonent kodlu “İtron” tipli, “G4” markalı, 1702AZ**********55 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 6.672,45 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının yoxlanması üçün Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus “İtron” tipli, “G4” markalı, 1702AZ**********55 saylı qaz sayğacına baxış keçirilmiş, guya təbii qaz sayğacından kənar qeyri-qanuni olaraq istifadə edildiyi üçün Dövlət Neft şirkəti Cavabdeh əməkdaşları tərəfindən 29 yanvar 2021-ci il tarixində ******* saylı, 28 fevral 2022-ci il tarixində ******* saylı, 29 aprel 2022-ci il tarixində 0363955, 28 fevral 2023-cü il tarixində ******* saylı, 31 mart 2023-cü il tarixində ******* saylı akt tərtib olunmuşdur. Bundan başqa, iddiaçı tərəfindən heç bir zaman qaz sayğacından qeyri-qanuni olaraq istifadə edilmədiyi halda əsassız hesablanmış borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsi tələb edilmişdir. Halbuki, iddiaçı tərəfindən hər hansı bir qanunsuzluğa yol verilməmişdir. Belə ki, tərtib edilmiş aktlardan da aydın olduğu kimi iddiaçı sözü gedən aktları qəbul etməmiş, imtina etmişdir. Cavabdeh orqan sözügedən əsassız aktları belə əsaslandırmışdır ki, guya iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmiş və uyğun olaraq “dəymiş zərərin bərpasına dair” tərtib olunmuş 29 yanvar 2021-ci il, 28 fevral 2022-ci il, 29 aprel 2022-ci il, 28 fevral 2023-cü, 31 mart 2023-cü il tarixli tələbnəmələrə əsasən guya iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacın düzgün istifadə edilməməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfiyyatına görə iddiaçıya borc hesablanmışdır. Sözügedən “Dəymiş ziyanın bərpasına dair” tələbnəmələrdən göründüyü kimi sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanaraq ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra edilməsi qərara alınmışdır. İddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən hər hansı bir müdaxilə olmadığı üçün həmin qaz sayğacına dair iddiaçıdan tələb edilən borc qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya məxsus qaz sayğacı həyətdə yerləşir. İddiaçı yaşadığı ərazidə isə ümumi olan qaz borusuna hər hansı bir müdaxilə olunmasının iddiaçıya məxsus qazla heç bir əlaqəsi yoxdur. Dəfərlərlə bununla bağlı olaraq iddiaçı cavabdeh orqana bildirsə də, qaz xəttinin ümumi qaz borusu olduğunu, iddiaçıya məxsus qaz sayğacı ilə heç bir əlaqəsinin olmadığını bildirsə də, buna məhəl qoyulmamış, iddiaçıdan əsassız olaraq hesablanmış borc tələb edilmişdir. İddiaçıya aidiyyatı olmayan qaz xətinə görə iddiaçı nə üçün məsuliyyət daşımalıdır? Buna görə iddiaçı nə üçün 6.672,45 manat məbləğində əsassız yerə borc hesablanaraq iddiaçıdan tutulur? Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və iddiaçı tərəfindən vaxtlı-vaxtında sərf edilmiş qazın dəyəri qismində pul ödənilmişdir. Belə ki, iddiaçı bu günədək istifadə edilmiş qaz sərfiyyatına görə onun dəyərini tam şəkildə ödəmişdir. Bundan başqa, qaz sərfiyyatına görə ödənilmiş ödənişlər iddiaçıya təqdim edilmiş gasrepdə öz əksini tapsa da, abonentin saldosunda nədənsə sözü gedən ödənişlər qeyd edilməmişdir. Bu fakt da cavabdeh orqan tərəfindən iddiaçıya qarşı qanunsuzluğa yol verilməsinin bariz nümunəsidir. Odur ki, bütün qeyd edilənlərə əsasən qanusuz tələb olunan pulun silinməsi üçün iddiaçının bir tək ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalır. Məhz buna görə də yuxarıda göstərilənləri əsas götürərək, iddiaçıdan qanunsuz olaraq tələb olunan itirilmiş qaz sərfiyyatına görə hesablanmış cari 6.672,45 manat məbləğində əsassız hesablanmış borcun silinməsini məqsədəmüvafiq hesab edir. Tərəflərin izahatları: İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 yanvar 2021-ci il tarixli, ******* saylı; 28 fevral 2022-ci il tarixli, ******* saylı; 29 aprel 2022ci il tarixli, ******* saylı, 28 fevral 2023-cü il tarixli, ******* saylı və 31 mart 2023-cü il tarixli, ******* saylı aktların surətindən görünür ki, iddiaçının yaşadığı evdə yerləşən sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, təbii qazdan qeyri-qanuni istifadə etməsi əsas gətirilərək abonentə 2021-ci ilin yanvar ayında 885.60 manat, fevral ayında 1.620 manat, aprel ayında 1.080 manat, 2023-cü ilin fevral ayında 2.073,60 manat, mart ayında 734.40 manat olmaqla, ümumilikdə 6.393,60 manat cərimə yazılmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 06 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İddiaçı hal-hazırda 6.672,45 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı onun abonent hesabına əsassız olaraq yazılmış 6.672,45 manat borcun silinməsini xahiş etsə də, iş materiallarından borcun ümumilikdə 6.393,60 manat təşkil etdiyi görünür. Odur ki, məhkəmə 6.393,60 manat məbləğə münasibətdə iddiaya qiymət verilməsini və qətnamə qəbul edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 6.393,60 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı **********40000 saylı abunə koduna hesablanmış 6.393,60 manat məbləğində cərimə borcu silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 manat müəyyən edilmişdir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 83.94 manat məbləğində dövlət rüsumu, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 64 manat Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********40000 saylı abunə koduna hesablanmış 6.393,60 (altı min üç yüz doxsan üç manat altmış qəpik) manat məbləğində cərimə borcu silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 83.94 (səksən üç manat doxsan dörd qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 64 (altmış dörd) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar