Məhkəmə qərarları › İş №2(011)-2250/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2250/2024

08.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2250/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi və aktın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi və aktın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona hesablanmış 4.823 manat borcun silinməsini və ******* saylı aktın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 1 ünvanında fərdi yaşayış evi vardır. Həmin ünvan üzrə abonent kodu onun adınadır. Ona bildiriş gəlmişdir ki, qaz təchizatına görə 4.823 manat borcu vardır. Borcun nədən yarandığını öyrənmək üçün qaz idarəsinə getdikdə sayğaca müdaxilə olunması barədə bildirdilər və itirilmiş qazın bərpası üçün hər saata 4 kub olmaqla 90 günlük itirilmiş məbləğin 5.760 kub metr qaz üçün 4.823 manat borc yazıldığını bildirmişlər. Sayğacın küçədə olduğunu nəzərə alaraq, həmin müdaxilənin onun tərəfindən edilməsi öz təsdiqini tapmamışdır. Heç bir tədbir görülmədiyini gördükdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Akt üzrə onun tərəfindən müdaxiiə edilməsi göstərilir, lakin həmin aktın tərtibində onun iştirakı olmamışdır, aktı imzalamamışdır. Cavabdehin nümayəndəsi X2 məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O bildirmişdir ki, eyni predmet üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-6233/2023 saylı qanuni qüvvəsini almış qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulan müddəalara əsasən eyni predmetə, eyni tərəflərin iştirakı ilə təkrar məhkəmə baxışı həyata keçirilə bilməz. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan vəsatət təmin edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-6233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İB-nin İddiaçı qarşı 4.823,40 manat məbləğində dəymiş zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 400 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 68,24 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5291,64 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin iddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2022-ci il tarixində A-7387 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00021 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək), “Qazdan istifadə Qaydalarfnın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 691,20 manat, X.06.2023-cü il tarixli X saylı akt əsasında 2073,60 manat, ümumilikdə 4.838,40 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən həyata keçirilən aylıq ödənişlər və borca görə tutulmalardan sonra Cavabdeh İB-nə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 4823,40 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində Cavabdeh İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6233/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Cavabdeh İB-nin iddia tələbləri təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Göründüyü kimi, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 691,20 manat, X.06.2023-cü il tarixli X saylı akt əsasında 2073,60 manat ümumilikdə 4838,40 manat məbləğində borcun hesablanması ilə bağlı tərəflər arasında yaranmış mübahisə daha əvvəl Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən araşdırılmışdır. Bununla da, hazırda silinməsi tələb olunan borcun yaranması əsaslarına (xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 691,20 manat, X.06.2023-cü il tarixli X saylı akt əsasında 2073,60 manat ümumilikdə 4838,40 manat məbləğində borcun hesablanması) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir, həmin qətnamə hüquqi qüvvəsini almışdır. İşdən görünür ki, silinməsi tələb edilən 4.823 manat borc daha əvvəl Cavabdeh İB tərəfindən qaldırılmış iddiada olan 4.823 manat borcla eynilik təşkil edir. Məhkəmə vurğulayır ki, daha əvvəl 4.823 manat borcun silinməsi tələbi irəli sürələrkən həmin borcun əsaslı olub-olmaması işə mahiyyəti üzrə baxan məhkəmənin araşdırma predmeti olmuşdur. Belə ki, məhkəmə tərəfin irəli sürdüyü hüquqi əsaslandırmaya bağlı deyil. İddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir. Odur ki, əsassız olması səbəbilə müəyyən bir borc məbləğinin tutulmasına dair irəli sürülmüş tələb məhkəmə tərəfindən həll edildikdə, həmin qərar iddianın mümkün hüquqi əsasları yoxlanılmaqla çıxarılmış hesab edilir. Bu səbəbdən borcun tutulmasının rədd edilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra eyni borcun və ya onun bir hissəsinin silinməsinə dair başqa bir hüquqi əsasla yenidən iddia qaldırılması hüquqi müəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bununla da, eyni tərəflər arasında xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, X.06.2023-cü il tarixli X saylı aktlar əsasında, yəni eyni əsaslara söykənən ümumilikdə 4.838,40 manat məbləğində borcun hesablanmasının qanuniliyinin yoxlanılması ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 6233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mövcud olduğundan iddia tələbləri üzrə icraata xitam verilməlidir. 0372618 saylı aktın etibarsız hesab edilməsi barədə hazırki iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli ******* saylı aktı əsasında borcun hesablanmasının qanuniliyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən araşdırılarkən həmin aktın da etibarlılığı məhkəmə tərəfindən yoxlanılmışdır. Belə ki, oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının 15 və 16-cı bəndlərində qeyd edilmişdir. Həmin bəndlərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir. Bununla da, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli ******* saylı aktı əsasında yaranmış borcun tutulması barədə iddia araşdırılarkən həmin aktın etibarlılığı ilə bağlı hüquqi əsaslara da Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qiymət verilmişdir. Buna görə də qeyd olunan hissədə də iddia tələbləri üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim mülki iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, qaz təchizatına görə borcun hesablanması üzrə mülki işə daha əvvəl məhkəmənin icraatında baxılmaqla, yekun məhkəmə aktı çıxarıldığından və artıq həmin məhkəmə aktı qanuni qüvvəsini aldığından, hazırki iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün ********** saylı qəbzə əsasən “Hökumət ödəniş portalı” vasitəsilə ödəmiş olduğu 68,63 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi və aktın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış mübahisə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-6233/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün ********** saylı qəbzə əsasən “Hökumət ödəniş portalı” vasitəsilə ödənilmiş 68,63 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar