Məhkəmə qərarları › İş №2(011)-2290/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2290/2022

16.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2290/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 Cavabdehnə qarşı ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********20010) ilə bağlı Cavabdeh tərəfindən hesablanmış 1478,25 (min dörd yüz yetmiş səkkiz manat, iyirmi beş qəpik ) manat məbləğində əsassız borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 13.12.2021-ci il tarixdə Qaz sayğacı işləmədiyi üçün onun şikayəti əsasında Cavabdeh əməkdaşları yaşadığı ünvana gələrək könə qaz sayğacını yenisi ilə əvəz emişlər. Yeni qaz sayğacını quraşdırdıqda yeni qaz sayğacında heç bir borcu olmamışdır. Bir müddət qazdan istifadə etdikdən sonra Cavabdeh əməkdaşları ona bildirmişlər ki, onun 1478,25 manat borcu var. O borcun hansı əsasla yazıldığını araşdırmaq üçün Cavabdehnə müraciət etmişdir, ona bildirmişlıər ki, iddiaçıya məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış İtron markalı 1202AQ**********5 zavod nömrəli qaz sayğacı 13.12.2021-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlanmaya göndərilmişdir. Metrologiya Departamentinin aktında qeyd edilib ki, guya İtron markalı 1202AQ**********5 nömrəli sayğacın LCD ekranında rəqəmlər rəqəmlər qarışıb, yivli birləşmələri korroziyaya uğrayıb. Cavabdeh əməkdaşları ona məlumat vermişlər ki, o sayğaca müdaxilə etmişdir, “sayğacın yivli birləşmələri korrosiyaya uğrayıb” və bu səbədən də, əsassız olaraq cərimə ödəməlisiniz. Ona görə də iddiaçıdan 1478,25 manat borcun ödənilməsini ələb edirlər. Ancaq iddiaçının qaldığı evdə sayğac kart sistemi ilə işləyir və o hesab edir ki, qaz sayğacına heç bi borcu olmayıb.Sayğacın yivli birləşmələrinin karroziyaya uğraması onun günahı deyil və ona əsassız olaraq yazılan 1478,25 amant məbləğində borcun silinməsi üçün Cavabdehnə şifahi olaraq müraciət etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən Cavabdeh tərəfindən əsassız olaraq yazılmış 1478,25 manat borcun silinməsi barədə qətnamə qəbul eilməsini xahiş edir. İddiaçı ərizə ilə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində işin həqiqi halları ilə müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı qaz sayğacı yoxlanılmış və abonent barədə “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” 13.12.2021-ci il tarixli, ******* saylı akt tərtib edilərək müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan qaz sayğacının sayğac qaz buraxmır, sayğacın alt hissəsində çat var. Həmin akt əsasında iddiaçının yaşadığı ünvan üzrə Cavabdeh İB tərəfindən abonentə 1478,25 manat məbləğində borc hesablanmışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1478,25 (min dörd yüz yetmiş səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 34,78 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent X2 (abonent kodu: **********20010) hesablanmış 1478,25 (min dörd yüz yetmiş səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində borc silinsin. 34,78 (otuz dörd manat, yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar