Məhkəmə qərarları › İş №2(011)-2297/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2297/2021

19.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2297/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50,3 kv/m, yaşayış sahəsi 29.42 kv/m, yardımçı sahəsi 20,88 kv/m olan 2 otaqlı mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanması barədə notariat qaydada təsdiq olunmuş, 4-Ə/739 reyestr nömrəli 05 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1967-ci ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan 21.12.1968-ci ildə böyük oğlu X3, 15.05.1970-ci ildə isə X4 doğulmuşdur. Həmin dövrdə əri və uşaqları ilə birlikdə Xətai rayonu, Boru keçiddəki 6 saylı özbaşına tikintidə yaşamışlar. Keçmiş əri Mirzərəhim Cavadovdan boşandıqdan sonra yenə həmin ünvanda oğlanları ilə yaşamağa davam edərək, özbaşına tikilini sökərək yerində oğlanları ilə birlikdə yaşayış sahəsi 91 kv.m, köməkçi sahəsi 129,9 kv.m olan iki mərtəbəli fərdi yaşayış evini tikmişdirlər. 10.12.1974-cü il tarixdə X6 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Şəfahət Xəlilovun yaşamağa yeri olmadığından o, iddiaçının oğullarına məxsus atalarından qalma evdə onlarla bərabər yaşamağa başlamışdır. Oğlu Rizvan və qardaşı oğlu Məzahir sahəsi kifayət qədər böyük olan torpaq sahəsini zəbt etmişlər. 1993-cü ildə oğlanları həmin torpaq sahəsində 2 mərtəbəli ev tikdilər. 1997-ci ildə onlar yeni tikilmiş təzə evə köçmüşdür. Oğulları keçmiş əri X1 qalma evi sataraq X8 maşın aldılar. xx.xx.1979-cu il tarixdə bu nikahdan qızı Cavabdeh doğulmuşdur. İddiaçıdan və oğullarından xəbərsiz olaraq həmin özbaşına tikintinin əri Şəfahət Xəlilovun adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında 1997-ci ildə əri tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin Başçısına müraciət olunmuş, Xətai rayonu Boru keçiddəki 6 saylı özbaşına tikintinin əri Şəfahət Xəlilovun adına hüquqi qeydiyyatdan keçirilməsi barədə 16.09.1997-ci il tarixli 1007 saylı sərəncam verilmişdir. Həmin sərəncamdan sonra 06.02.1998-ci il tarixdə Bakı şəhəri icra hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 123935 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. 01.05.2018-ci il tarixdə də həmin qeydiyyat vəsiqəsinin əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* saylı çıxarış verilmişdir. Əri Şəfahətlə iddiaçının birgə mülkiyyətində olan çıxarışlı ev hal-hazırda iki mərtəbədən ibarət olmaqla, uzun illərdir istifadəsində olan eni 25-30 metr uzunluğu 50 metr olan təqribən 1700 kv.m torpaq sahəsinin üzərində yerləşir. Həmin torpaq sahəsinin 100 kv.m hissəsində uzun illər oğlu Rövşənin şəxsi vəsaiti ilə tikdiyi mebel sexi olmuşdur. Sonradan ailəliklə gəldikləri ümumi razılığa əsasən həmin mebel sexini sökərək yerində qızı Səidəyə iki mərtəbəli ev tikmişlər. Hazırda yaşayış sahəsi 91 kv.m, köməkçi sahəsi 129,9 kv.m olan Xətai rayonu S.Əhmədov küçəsi 6 saylı evdə birinci mərtəbədə iki otaqda əri Şəfahət Xəlilov yaşayır. Birinci mərtəbədə digər iki otaqda nəvəsi 26.01.1992-ci il təvəllüdlü X10 öz ailəsiylə yaşayır. Rəşad Cavadzadə həmin evdə də qeydiyyatdadır. İddiaçı isə oğlu Rövşən və ailəsi ilə birlikdə ikinci mərtəbədə yaşayırlar. Uzun illər XXİİ qurultay KPSS adına BNZ (Bakı Neft Zavodu)-da əmək fəaliyyəti olub. Həmin illərdə əri Şəfahət də çalışdığı zavodda ev növbəsində olub. Əri Şəfahətə də işlədiyi dövrdə zavoddan Xətai rayonu, Babək prospekti 1130-1133 məhəllə ünvanında yerləşən 8 saylı evdən, 104 saylı (2 otaqlı) mənzil verilmişdir. Eyni zamanda həmin binadan 3 otaqlı mənzil də verilmişdir. Həmin mənzillərin verilməsi üçün qeyri-rəsmi xərcləri və mənzillərin təmiri üçün xərcləri oğlanları ödəmişdir. Həmin 2 otaqlı mənzil mülkiyyət hüquqlarına dair sənədlərə əsasən uzun illər iddiaçının mülkiyyətində olub. Mənzildə qeydiyyatda da heç kim olmayıb. Eyni zamanda, 03.09.1993-cü tarixdə diserebral sindrom tez-tez təkrarlanan krizlərlə, görmə sinirinin abiotrofiyası diaqnozu ilə əmək qabiliyyətsiz hesab olunduğumdan, 040131 saylı iş üzrə (DSMF) 2-ci qrup əlilliyə görə 233.20 (iki yüz otuz üç manat 20) manat ömürlük pensiya alır. Nizami rayonu 11 №-li Birləşmiş Şəhər Xəstəxanasından alınmış məlumatda təsdiq olunur ki, 28.01.2009-cu il tarixdən Nizami rayonu 11 №-li Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində “Şəkərli diabet tip 2, insulin tələbli” diaqnozu ilə endokrinoloji kabinetdə dispanser qeydiyyatdadır, mütəmadi olaraq “İnsulatard HM” pereparatını qəbul edir, dəfələrlə həkim-nevropotoloqun müayinəsində olmuş, diaqnoz “Diabetik neyropatiya”, həkim oftolmoloqun müayinəsində olmuş, diaqnoz “OD-tor” qişanın qopması, cərrahi əməliyyat olunmuş, OS-katarakta, diabetik angiopatiya”, İddiaçı ömürlük İİ dərəcəli əlildir. Prime Hospitalda gözünün cərrahi əməliyyat olunması üçün oğlu Rövşən tərəfindən 2500 manat pul ödənilmişdir. Son 4-5 ildə çox şiddətli ağrıları olur, bəzi hallarda yaddaşını itirir, heç kimi və heç nəyi xatırlamır. Belə vəziyyətlərə düşdüyü vaxtlarda oğlanlarından başqa heç kim, yəni əri Şəfahət və qızı Səidə tərəfindən ona heç bir qayğı göstərilməmiş, səhhəti ilə maraqlanmamış, dərman vasitələrinin alınmasında maddi köməklik olunmamışdır. İddiaçının bu günə qədər qayğısını oğlanları çəkmiş, gəlini- Rövşənin həyat yoldaşı X14 hər gün ona qulluq etmiş, dərmanlarını, yeməyini, içməyini vermişdir. Yuxarıda qeyd etdiyi xəstəlikləri ilə əlaqədar olaraq bir çox hallarda yaddaş pozuntuları olur, demək olar ki, özü özünü bir çox hallarda idarə edə bilmir. Təqdim etdiyi sənədlər üzrə hər halda ehtiyac olacaqsa müvafiq ekspertizalar təyin olunacaqdır. Yaşı ilə, xəstəlikləri ilə və qəbul etdiyi dərman vasitələrinin təsiri ilə əlaqədar olaraq özünü idarə edə bilməməyindən yararlanmaq istəyən qızı Cavabdeh 18 iyul 2018-ci il tarixdə onu Bakı şəhəri 14 saylı notariat ofisinə apararaq orda hansısa sənədlərə imza etməyinin lazım olduğunu bildirmişdir. Artıq müqavilələrin mətni hazırlanmış hətta dövlət rüsumları belə ödənilmişdi. Notariat ofisinin əməkdaşı həmin sənədlərə imza etdiyi halda yəni Xətai rayonu, Babək prospekti 1130-1133 məhəllə ünvanında yerləşən 8 saylı evin, 104 saylı (2 otaqlı) mənzilə olan mülkiyyət hüququndan məhrum olacağını bildirdi. Bu halda o qızıma etiraz edərək ona bərk əsəbləşmiş, hətta mübahisə də etmişdir. Sonradan notariusun əməkdaşları onları sakitləşdirməyə çalışdılar, lakin o qızına etiraz edərək notariusu tərk etmişdir. 05 sentyabr 2019-cu il tarixdə yenidən onu ünvan 3 apararaq əri Şəfahətlə onun birgə mülkiyyətində olan Xətai rayonu, Babək prospekti 1130-1133 məhəllə ünvanında yerləşən 8 saylı evin, 104 saylı (2 otaqlı) mənzilə qızı Səidənin qeydiyyata düşməsi üçün bəzi sənədlərə imza etməyinin lazım olduğunu bildirdi. İddiaçı da həqiqətən də qeydiyyata düşməklə bağlı sənədlərə imza etdiyini zənn edərək, gözləri zəif gördüyündən oxuya bilmədiyindən, həmçinin notariat ofisinin əməkdaşları tərəfindən ona imza etdiyi təqdirdə hansı hüquqi nəticələrin yarana biləcəyi izah edilmədiyindən, qızı tərəfindən aldadılaraq həmin sənədə imza etmişdir. Bununla bağlı ünvan 3 vəkil sorğusu verilmiş, Bakı şəhəri 6 saylı notariat ofisində rəsmiləşdirilmiş, 4-Ə/739 reyestrli bağışlama müqaviləsi və həmin müqaviləyə aid olan sənədlərin təsdiq olunmuş surətləri əldə olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi, yaşadıqları həyət evində (torpağa dair mülkiyyət hüququ dövlət reyestri xidmətində qeydiyyata alınmamış) hal-hazırda 4 ailə birlikdə yaşayırlar. Daha dəqiqi, yaşayış sahəsi 91 kv.m, köməkçi sahəsi 129,9 kv.m olan Xətai rayonu S.Əhmədov küçəsi 6 saylı evdə birinci mərtəbədə iki otaqda əri Şəfahət Xəlilov yaşayır. Birinci mərtəbədə digər iki otaqda nəvəsi 1992-ci il təvəllüdlü X10 öz ailəsiylə yaşayır. İkinci mərtəbədə isə iddiaçı oğlu Rövşənin ailəsilə birlikdə yaşayırlar. Həmin həyətdə qızı Səidəyə tikdikləri 2 mərtəbəli evdə isə Səidə ərindən boşandıqdan sonra oğlu Ülvi ilə birlikdə yaşayır. Hər gün eyni məhəllədə qızı Səidəni görürlər və o da onları görür. Lakin, aylar keçməsinə baxmayaraq bir dəfə də olsun qızı Səidə evə dair mülkiyyət hüququnun artıq onun adına keçdiyi barədə iddiaçıya və oğlanlarına heç bir söz deməmişdir. 2020-ci il dekabr ayının əvvəllərində (dəqiq tarixi xatırlamır) evin ikinci mərtəbəsində divanda oturub çay içdiyi və həmişəki kimi həkim tərəfindən yazılmış dərmanlarını qəbul etdiyi zaman əsəbi halda otağa daxil olan qızı Səidə onunla mübahisə etməyə başladı və bildirdi ki, artıq onların evləri, həyət, həmçinin Xətai rayonu, Babək prospekti 1130-1133 məhəllə ünvanında yerləşən 8 saylı evin, 104 saylı (2 otaqlı) mənzili onun mülkiyyətidir və istədiyi vaxt onları burdan qovacaqdır. İddiaçı və oğlanları bu hadisədən sonra bilmişdir ki, həqiqətən də daşınmaz əmlaklara dair mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara əsasən cavabdehin adına qeydiyyata alınmışdır. Həmin gürə qədər qızı Səidə tərəfindən bu barədə onlara və heç kimə bu barədə heç bir söz deyilməmiş, bu məsələnin gizli qalmasını istəmişdir. Artıq onun 70 yaşı vardır, ömrünün ahıl çağlarına qədəm qoymuşdur. Bu hadisəyə qədər övladları arasında heç birinə fərq qoymamışdır. Fərq qoymamağının sübutu odur ki, ailəliklə gəldikləri razılığa əsasən qızı Səidəyə yaşadıqları həyətdə iki mərtəbəli ev tikmişdir. Həmin evin tikintisində oğlanları Rövşənin və Rizvanın çox dəstəyi olmuşdur. Demək olar ki, həmin evi əsasən oğlu Rövşən tikdirmişdir bunu təsdiq edən şahidlər də vardır. Yaşlı insana daim qulluq və qayğı lazımdır. Həmçinin dərmanlarını almağa aldığı təqaüd yetmədiyindən daim maddi dəstəyə də ehtiyacı vardır. Hal-hazırda ona qulluq və qayğını, eyni zamanda maddi dəstəyi oğlu Rövşən, ailəsi və oğlu Rizvan göstərir. İddiaçı halhazırda oğlanlarına, nəvələrinə gələcəkdə buraxacağı əmlakdan qızı Səidənin onu aldatması nəticəsində məhrum olmuşdur. 14 noyabr 2019-cu il tarixdə iddiaçını ünvan 3 apararaq əri Şəfahətlə iddiaçının birgə mülkiyyətində olan çıxarışlı evin yerləşdiyi, uzun illərdir istifadəsində olan eni 25-30 metr uzunluğu 50 metr olan təqribən 1700 kv.m torpaq sahəsinin üzərində qızı Səidəyə tikdikləri 2 mərtəbəli evin onun adına sənədləşdirilməsi üçün bəzi sənədlərə imza etməyinin lazım olduğunu bildirmişdir. İddiaçı da həqiqətəndə həmin evin sənədlərinə imza etdiyini zənn edərək, gözləri zəif gördüyündən oxuya bilmədiyindən, həmçinin notariat ofisinin əməkdaşları tərəfindən iddiaçıya imza etdiyi təqdirdə hansı hüquqi nəticələrin yarana biləcəyi izah edilmədiyindən, qızı tərəfindən aldadılaraq həmin sənədə imza etmişdir. Qeyd olunan fərdi yaşayış evinin bağışlanması ilə bağlı Xətai Rayon Məhkəməsinə müqavilənin etibarsız hesab edilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir. 22.11.2000-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin 383 saylı sərəncamı ilə yaşadığı evin yaxınlığında, işsizliyi ilə əlaqədar olaraq köşk tikilməsinə icazə verilməsi barədə sərəncam verilmişdir. Uzun illər daşdan tikilmiş həmin köşk iddiaçının istifadəsində olmuşdur və oradan gələn qazanc da ona çatmışdır. Qonşu ilə aralarında yaranan məhkəmə mübahisəsindən sonra, qızı Səidə yenə iddiaçını aldadaraq, yaşını bəhanə gətirərək hər dəfə məhkəməyə gedib gəlməmək üçün həmin köşkün müvəqqəti olaraq onun adına keçirilməsini istəmişdir. İddiaçı da ona inanaraq məhkəmə mübahisəsi bitənədək köşkü onun adına keçirilməsinə etiraz etməmişdir. Qeyd olunanlara baxmayaraq, köşkün icarə haqqını 2020-ci ilin dekabr ayına kimi ya iddiaçı almış, ya da oğlanları. 05.12.2020-ci il tarixdə oğlu Rizvan tərəfindən köşkün icarə haqqı alındığı üçün qızı Səidə tərəfindən Xətai RPİ-nin 37-ci PŞ-nə şikayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin bu günə qədər məhkəmə mübahisəsinin bitməsinə baxmayaraq həmin köşkə dair hüquqların iddiaçıya qaytarılmasına dair heç bir hərəkət etməmişdir. Əgər qızı Səidə onu aldatmasaydı, gələcəkdə qanuni vərəsə ola biləcək övladlarını Rövşən və Rizvanı qanunla onlara çata biləcək mülkiyyətdən heç vaxt məhrum etməzdi. Heç bir ana övladlarına düşəsi paydan övladlarını məhrum etməz. Bu hal da onu göstərir ki, qızı Səidə onu aldadaraq Xətai rayonu, Babək prospekti 1130-1133 məhəllə ünvanında yerləşən 3 saylı evin, 104 saylı (2 otaqlı) mənzil üzrə (ərlə arvadın birgə mülkiyyəti) paylı mülkiyyətdə olan payına göz dikmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili X17 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 Saylı Notariat Ofisinin 06.01.2021-ci il tarixli 12 nömrəli məktubuna əsasən, Bakı şəhəri 14 saylı notariat ofisinə, 18.07.2018-ci il tarixdə, İddiaçı Mlraga qızına məxsus, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1130-1133-cü məhəllə ünvanında yerləşən 8 saylı evin, 104 nömrəli mənzili Cavabdeh adına bağışlanma müqaviləsi rəsmiləşdirilməsi üçün sənədlər təqdim edilmişdir. Müqavilə notariat tərəfindən tərtib edilmiş və 4Ə reyestr jurnalında qeydə alınmışdır. Lakin tərəflərin arasında mübahisə yarandığından bağışlanma müqavilsəsi rəsmiləşdirilməmiş, sənədlər geri qaytarılmış və 4Ə reyestr jurnalında müvafiq qeydiyyat aparılmışdır. İş materillarında olan X11 ilə Cavabdeh arasında bağlanılmış 01.02.2002-ci il tarixli “Mənzil bağışlama müqaviləsi”nin surətindən görünür ki, hədiyyə verən X11, mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50,3 kv.m., yaşayış sahəsi 29,42 kv.m, yardımçı sahəsi 20,88 kv.m olan 2 otaqlı mənzilin tam hissəsini hədiyyə alan Cavabdeh mülkiyyətinə verir. Müqavilə reyestrdə 4-Ə/58 nömrə ilə qeyd edilmişdir. İş materillarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 04.10.2012-ci il tarixli “Mənzil bağışlama müqaviləsi”nin surətindən görünür ki, hədiyyə verən Cavabdeh, 03.04.2012-ci il tarixdə ƏMDK-nin yanında DƏDRX tərəfindən ona verilmiş çıxarışa əsasən mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50,3 kv.m., yaşayış sahəsi 29,42 kv.m, yardımçı sahəsi 20,88 kv.m olan 2 otaqlı mənzilin tam hissəsini hədiyyə alan İddiaçı bağışlamışdır. Müqavilə reyestrdə 4Ə-635 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AR ƏMDK-nin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 2, İddiaçı xüsusi mülkiyyəti kimi 18.10.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 3 ünvanladığı ərizəyə əsasən İddiaçı, ona məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2-ə dair məhdudiyyətin olub-olmaması barədə arayış verilməsini xahiş etmişdir. İş materiallarında olan ünvan 3 ünvanladığı ərizəyə əsasən X11, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2-ün bağışlanmasına etiraz etmir. İş materiallarında olan AZ-İİ seriyalı, 124665 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən X11 və X2 nikahının bağlanması haqqında 10.12.1974-cü il tarixdə 610 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 972852 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh 07.06.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X11, anası İddiaçıdır. İş materillarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 05.09.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən İddiaçı, 18.10.2012-ci il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona verilmiş çıxarışa əsasən mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50,3 kv.m., yaşayış sahəsi 29,42 kv.m, yardımçı sahəsi 20,88 kv.m olan 2 otaqlı mənzilin tam hissəsini hədiyyə alan Cavabdeh mülkiyyətinə verir. Müqavilə reyestrdə 4Ə-739 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AR ƏMDK-nin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 4 X5 xüsusi mülkiyyəti kimi 01.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 3 ünvanladığı ərizəyə əsasən, X11, ona məxsus ünvan 4-ya dair məhdudiyyətin olub-olmaması barədə arayış verilməsini xahiş etmişdir. İş materiallarında olan ünvan 3 ünvanladığı ərizəyə əsasən İddiaçı, X8 məxsus ünvan 4-nın bağışlanmasına etiraz etmir. İş materiallarında olan X11 ilə Cavabdeh arasında bağlanılmış 14.11.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən X11, 01.05.2018-ci il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona verilmiş çıxarışa əsasən mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 221,1 kv/m olan fərdi yaşayış evinin tam hissəsini hədiyyə alan Cavabdeh mülkiyyətinə verir. Müqavilə reyestrdə 4Ə-947 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ünvan 3 ünvanladığı ərizəyə əsasən Cavabdeh ünvan 4-nın özgəninkiləşdirmə nəticəsində yaranan hüququn qeydiyyatı ilə əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun 15 gün ərzində verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayonu Xidmət Nümayəndəliyinin 14.12.2020-ci il tarixli arayışına əsasən İddiaçı, 040131 nömrəli iş üzrə 2-ci qrup əlilliyə görə 233.20 (iki yüz otuz üç manat 20 qəp.) manat ömürlük pensiya alır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 11 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 17.12.2020-ci il tarixli 248 nömrəli məktubuna əsasən hal-hazırda mövcud olan tibbi sənədlərinə əsasən İddiaçı 28.01.2009-cu ildən Nizami rayonu 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində “Şəkərli diabet tip 2, insulin tələbli” diaqnozu ilə endokrinoloji kabinetdə dispanser qeydiyyatdadır, mütəmadi olaraq “İnsulatard HM” preparatını qəbul edir. Xəstə dəfələrlə həkim-nevropatoloqun müayinəsində olmuş, diaqnoz “Diabetik neyropatiya”, həkim-oftalmoloqun müayinəsində olmuş, diaqnoz “OD- tor qişanın qopması, cərrahi əməliyyat olunub, OS-katarakta, diabetik angiopatiya”. İddiaçı ömürlük İİ dərəcəli əlildir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-461/2019 nömrəli 13.02.2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh X8 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylar müəyyən olunmaqla bölünməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardada əsasən iş üzrə icraata xitam verilməsi üçün səbəb İddiaçı ərizə ilə müraciət edərək iddiadan imtina etməsi olmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X21 09.04.2021-ci il tarixli 2553 nömrəli arayışına əsasən 09.04.2021-ci il tarixli müayinəyə əsasən İddiaçı “damar mənşəli demensiya F 01” diaqnozu təyin edilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X18 məhkəmə iclasında ifadə verərək bildirdi ki, cavabdehin keçmiş əridir, iddiaçı şəkər xəstəsi olmuşdur. Cavabdehin atası X11 zavodda işlədiyi vaxt növbəyə duraraq 2 mənzil əldə etmiş və birini qızının, digərini oğluna vermişdir. Qızı Cavabdeh adına verilən evi onun Cavabdeh ilə boşanması prosesində əmlak mübahisəsi olmaması üçün Cavabdeh anası İddiaçı adına rəsmiləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış borc müqaviləsinin etibarlılığını şübhə altına yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iddiaçı tərəfin, Bakı şəhəri, Xətai rayonu, ünvan 1-ün İddiaçı tərəfindən Cavabdeh bağışlanması barədə notariat qaydada təsdiq olunmuş, 4-Ə/739 reyestr nömrəli 05 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsini imzalayarkən İddiaçı həmin müqavilənin mahiyyətini dərk etmədən, habelə həmin müqaviləni imzalayarkən pxisi xəstəliyi olmasını və hərəkətlərinin mənasını dərk etmədiyi ilə bağlı dəlillərini araşdıraraq qeyd edir ki, qeyd edilən hallar məhkəmə tərəfindən inandırıcı hesab edilmir və bu halları təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. O cümlədən, iddiaçının mübahisəli bağışlama müqaviləsini imzalayarkən notarius tərəfindən həmin müqavilə və onun hüquqi nəticələri barədə tərəflərə izah etməsi ilə iddiaçının həmin müqavilənin mahiyyətini bilməməsi halı təkzib edilir. Belə ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 38-ci bəndinə əsasən Notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar İddiaçı tərəfindən ona təyin edilmiş “damar mənşəli demensiya F 01” diaqnozu isə xəstəliyin kəmağıllılıq, hərəkətlərinin mənasını dərk etməmək və s. psixi xəstəliklər sırasına aid olub-olmamasından asılı olmayaraq 2021-ci il tarixdə təyin edilmiş diaqnoz olduğundan, iddiaçının mübahisəli müqavilə imzalanan tarixdə hərəkətlərinin mənasını dərk etmədiyi halını təsdiq etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50,3 kv/m, yaşayış sahəsi 29.42 kv/m, yardımçı sahəsi 20,88 kv/m olan 2 otaqlı mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanması barədə notariat qaydada təsdiq olunmuş, 4-Ə/739 reyestr nömrəli 05 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar