Məhkəmə qərarları › İş №2(011)-2302/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2302/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2302/2020 21.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli abunə müqaviləsi üzrə 38,47 manat əsas borcun və 20 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, telekommunikasiya operatoru olan İddiaçı MMC Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş 001508 nömrəli, xx.xx.2005-ci il tarixli Lisenziya əsasında cəmiyyətə məxsus 490/496/465/436/424/464/480/489 indeksli ATS-ləri vasitəsi ilə Bakı şəhərinin müxtəlif bölgələrində 70.000-ə yaxın abunəçilərə telekommunikasiya xidməti göstərir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli abunə müqaviləsinə əsasən iddiaçı cəmiyyəti tərəfindən Cavabdeh ******* nömrə vasitəsi ilə telefon (məftilli) və internet xidmətləri göstərmişdir. Cavabdeh iddiaçının yuxarıda qeyd olunan telekommunikasiya xidmətlərindən istifadə etmiş, lakin müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir və nəticədə 38,47 manat məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırılmış və borcu ödəmədəkdən boyun qaçırmışdır. İddiaçının nümayəndəsi mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə y03/2261/i nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ***-***-**-** saylı telefon nömrəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı MMC abunəçinin Nikişin 26, mənzil 5 ünvanına telefon çəkməyi, müxtəlif telefon rabitəsi xidmətlərini göstərməyi, abunəçi isə telefon çəkilişi, aylıq abunə, beynəlxalq və şəhərlərarası, o cümlədən mobil şəbəkələrlə, danışıqların və göstərilmiş əlavə xidmətlərin haqlarını fakturalarda göstərilən müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Aylıq abunə haqqı 2 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2016-xx.xx.2016-cı il faktura dövrü üzrə telefon danışıq fakturasından görünür ki, abunəçi Cavabdeh 35,27 manat məbləğində borcu var. İş materiallarına əlavə edilmiş, xx.xx.2017-xx.xx.2017-ci il faktura dövrü üzrə telefon danışıq fakturasından görünür ki, abunəçi Cavabdeh 3,20 manat məbləğində borcu var. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli aylıq abunə və danışıq haqlarının ödənilməsinə dair bildirişin surətindən görünür ki, İddiaçı MMC cavabdehə müraciət edərək ondan 38,47 manat borc məbləğini 10 gün müddətində ödənilməsini tələb etmişdir. Bildirişdə göstərilmişdir ki, müəyyən edilmiş müddət ərzində borc ödənilməzsə, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalacaqdır. İş materiallarında olan dövlət rüsumun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh istifadəsinə verilmiş ***-***-**-** saylı telefon xəttini əldə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən nömrənin istifadəsindən yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh göstərilən xidmətlərdən istifadə etməsinə və əldə etməsinə dair hüququndan istifadə etmiş, lakin həmin nömrədən istifadə nəticəsində yaranan borcu ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın 38,47 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsi əsaslıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, xidmət haqqı cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçınındövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıyaödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 38,47 (otuz səkkiz manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 58,47 (əlli səkkiz manat qırx yeddi qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar