Məhkəmə qərarları › İş №2(011)-2303/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2303/2022

05.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2303/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu: **********00000) qaz sərfiyyatına görə hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, doğulduğu gündən ünvan 1 ünvanında yaşayır. 13.09.2021-ci il tarixdə ona heç bir xəbərdarlıq edilmədən köhnə qaz sayğacı X2 əməkdaşları tərəfindən çıxarılıb aparılmış, əvəzində elə həmin günü yeni sayğacla əvəz edilmişdir. Həm köhnə sayğacla, həm indi istifadəsində olan sayğacla vaxtlı vaxtında hər ay pul ödəmişdir. 23.02.2022-ci ildə, yenə heç bir xəbərdarlıq edilmədən mənzilə gələn qazı qanunsuz olaraq dayandırıblar. Güya ki, köhnə qaz sayğacımıza baxış keçirilən zaman sayğaca müdaxilə olub. Sayğac birinci mərtəbədə həyətdə yerləşdirilib, o isə 2-ci mərtəbədə yaşayır. Digər tərəfdən 2021-ci ilin sentyabr ayında laboratoriyadan keçən sayğacın zədəli olması haqda niyə 2022-ci ilin fevral ayında xəbər olunur, o da ki qazı kəsdikdən sonra. Qaz idarəsinə heç bir borcu heç vaxt olmayıb, sayğacın onun və ailə üzvlərindən heç kimin iştirakı olmadan çıxarılan zaman kim, necə, hansı vəziyyətdə açması və yenisini bağlaması bu faktı göstərir ki, sayğacı çıxaran hər kimdirsə o sayğacı zədələmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmış, ziyanın məbləğinin 432 manat olması müəyyən edilmişdir. İddiaçı həmin məbləği Azəriqaz İB-yə ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanı abonent kodu **********00000 olmaqla abonent kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin İstismar İdarəsi tərəfindən tərtib edilmiş 30.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 13.10.2021-ci il tarixli 29/1710-03777-1 №-li aktına əsasən G-4 markalı ******* №li sayğacın plastmas ekranınında kənar təsir izinin olduğu, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu, sayğacdan qaz keçdiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4320 m3 qaz itkisinə görə dəymiş zərərin tələb edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan onun 432 manat məbləğində borcunun olması görünür. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Ona görə də, məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00000) qaz sərfiyyatına görə hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsi cavabdeh X3 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar