Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2306/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi üzrə **********00001 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. İddiaçının yaşadığı fərdi yaşayış evinə qaz sayğacı cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda iddiaçının sayğacdan qeyri-qanuni istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8856 m3 olması müəyyən edilmişdir.
3. Həmçinin, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2020-ci ilin fevral ayı üzrə 885,6 manat məbləğində borcunun olması əks olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinə hesablanmış 3701,48 manat borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvandakı fərdi evnə quraşdırılan sayğac onun adına qeydiyyatdan keçirilmişdir. Mütəmadi olaraq qazdan istifadə ilə bağlanmış borcu hər ay ödəmişdir. Təxminən bir müddət vvəl cavabdehin əməkdaşları sayğacı dəyişərək yoxlama keçirən zaman guya sayğaca müdaxilə olunmasını bəhanə edərək cərimə yazmışlar. Halbuki, sayğaca heç bir müdaxilə edilməmiş, təbii qazdan istifadəyə görə heç vaxt problem yaranmamış və mübahisə yaranmamışdır.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
9. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
10. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
11. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
15. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
16. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
17. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.
18. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
19. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.
20. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
21. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/3-16-16/2- 3/1276 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən tətqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.
22. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı borcun iddiaçıdan tələb etməsi əsassızdır.
24. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 3701,48 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2020-ci ilin fevral ayı üzrə 885,60 manat, aprel ayı üzrə 4 manat, cəmi 889,60 manat borcun olması göstərilmişdir. Həmin borcun 885,60 manat hissəsi cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmışdır. “Qalıq və aktlar” bölməsində 2020-ci ilin aprel ayı üzrə 4 manat borcun hesablanmasının əsasları ilə bağlı isə cavadbeh heç bir sübut təqdim edə bilməmişdir.
25. Həmçinin, iddiaçı da qalan 2811,88 borcun (3701,48 - 889,60 = 2811,88) silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, iddiaçının qazdan istifadəyə görə borcu 2021-ci il üzrə 257,58 manat, 2022-ci il üzrə 996,25 manat, 2023cü ilin fevral-iyul ayları üzrə isə 1362,98 manat olmuşdur. Həmçinin, iddiaçıya yeni tarifə keçidlə bağlı olaraq 2021-ci ilin noyabr ayı üzrə 62,24 manat, 2022-ci ilin yanvar və aprel ayları üzrə 27,75 manat, 2023-cü ilin yanvar üzrə 111,02 manat borc hesablanmışdır. Lakin iddiaçı tərəfindən təbbi qazdan istifadəyə görə həm ümumi, həm də yeni tarifə keçidlə bağlı hesablanmış borc ödənilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 889,60 manat borcun silinməsi hissəsində təmin edilməlidir.
26. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
27. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsində (iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00001) dair İddiaçı hesablanmış 889,60 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı