Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2321/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər 2 saylı “ASAN Xidmət” mərkəzində notariat kontoruna qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasdan imtina barədə ərizənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – Mənzil) iddiaçının anası X2 mülkiyyətində olmuş, onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçının anası X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun hazırda qanun üzrə vərəsələri (övladları), iddiaçı, Şahid və üçüncü şəxsdir. xx.xx.2025-ci il tarixdə Şahid, xx.xx.2025-ci il tarixdə Azər Əliyev 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusuna ərizə ilə müraciət edərək, analarından miras qalmış Mənzilə dair onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər.
3. İddiaçı isə xx.xx.2024-cü il tarixdə ərizə ilə 2 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət edərək, anasından miras qalmış əmlakın ona çatası hissəsindən qardaşı Azər Əliyevin xeyrinə imtina etmiş, sonradan xx.xx.2025-ci il tarixdə ərizə ilə həmin notariat ofisinə müraciət edərək, xx.xx.2024-cü il tarixli miras paydan imtina etməsi barədə ərizənin ləğv edilməsini xahiş etmişdir.
4. 2 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən iddiaçıya Mülki Məcəllənin 1268.1-ci maddəsinə istinad olunmaqla ərizənin geri götürülməsinin mümkün olmaması və bu barədə ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı **********016 saylı mirasdan imtina barədə ərizənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2024-cü il tarixində 2 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət edərək mirasdan imtina barədə ərizə vermişdir. Lakin sonradan anlamışdır ki, həmin ərizənin mahiyyətini başa düşməmiş və verilmiş qərarın hüquqi nəticələrini düzgün qiymətləndirə bilməmişdir. Bununla bağlı sözügedən notariat ofisinə müraciət etsə də, müraciəti təmin edilməmişdir Tərəfindən verilmiş bu cür qərarın hüquqi nəticələrini düzgün qiymətləndirə bilməməyinin səbəbi 2-ci qrup əlil olması və görmə qabiliyyətinin ciddi şəkildə məhdud olması olmuşdur. Bu hal onun müraciət zamanı tam məlumatlı və müstəqil qərar qəbul etməyinə mane olmuşdur. Azərbaycan dilini yüksək səviyyədə bilmir və həmin ərizənin məzmununu tam başa düşməmişdir. Onu ərizə imzalamağa sövq edən vəziyyətlər barədə yanlış məlumatlandırıldığı üçün həmin sənədi imzalamışdır. Ərizənin hüquqi nəticələrini daha sonra öyrənərək başa düşmüşdür ki, bu qərar onun yaşayış yerindən məhrum olmağıyla nəticələnə bilər.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, heç bir ərizə yazmayıb, görmə qüsurlu olduğu üçün ərizə yazması mümkün deyil. Ona hazır yazılmış ərizə verildi, o, sadəcə soyadını yazaraq imza etmişdir. Onu tələsdirdilər ki, bu sənədləşmə işləri dərhal həll edilməlidir, yoxsa mənzil havada qalır. Notariat ofisində teztez azərbaycan dilində danışırdılar, o isə danışılanlardan heçnə anlamırdı. Sonradan bacısı ərizəni oxuduqda ona bildirib ki, o, əslində miras paydan qardaşının xeyrinə imtina edib. Əslində əvvəlcə qardaşı deyirdi ki, mənzildən öz payından imtina edəcək. O da kirayə qaldığına görə bununla razılaşmışdı. Onlar çoc mehriban şəkildə notariusa yaxınlaşıblar. O, qardaşına bildirdi ki, onun xeyrinə miras paydan imtina etməsi barədə ərizə yazsın. Sonradan, qardaşı düşündü ki, onu mənzildən çıxaracaq. Anasının qırx mərasimi keçəndən sonra mənzillə bağlı mübahisələr başlamışdır. O, qardaşına dedi ki, ona da mənzilin açarını versinlər.
7. Cavabdehin nümayəndəsi Sevinc Tanrıverdiyeva ərizəyə etiraz edərək bildirdi ki, iddiaçı özü ərizə ilə müraciət edərək, mirasdan imtina etdiyini bildirmiş və bunun hüquqi nəticələri iddiaçıya izah olunmuşdur.
8. Cavabdehin nümayəndəsi X6 ərizəyə etiraz edərək bildirdi ki, vərəsəlik işi açılmadan xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə müraciət edib, həmin vaxt iddiaçı öz təşəbbüsü ilə miras payından imtina etmişdir. Ondan kimin xeyrinə imtina etməsini soruşduqda, o, miras payından qardaşı Azərin xeyrinə imtina etdiyini bildirmişdir. Əgər iddiaçı deməsəydi onlar onun qardaşının adını necə bilərdilər. Ərizə elektron qaydada tərtib edilsə də, məzmunu onlar tərəfindən iddiaçıya izah olunmuş, daha sonra ərizənin məzmunun xüsusi notarius tərəfindən ona təkrar izah edilmişdir. İzah edilməklə iddiaçı ərizəni özü imzalamış və soyadını da öz xətti ilə yazmışdır. Əgər vətəndaş tam görmə qüsurludursa, onda başqa şəxsi şahid qismində dəvət edirlər. Notariat ofisində video müşahidə aparılır, lakin həmin görüntü materialları 1 ay ərzində saxlanılır. Video müşahidə altında onların kiməsə təsir göstərməsi mümkün deyil.
9. Məhkəmə iclasında şahid Hacıyeva Elnara Vaqif qızı bildirdi ki, anası vəfat etdikdən sonra onlar istədilər ki, mənzildə dair sənədləşmə işlərini aparsınlar. İddiaçı və qardaşı Azər Əliyev notariusa tək gedib. Sonradan iddiaçıdan sənədləri istəyəndə gördü ki, iddiaçı ərizə yazaraq miras paydan imtina edib. Həmin vaxt iddiaçıya deyəndə iddiaçı bildirdi ki, mənzillə bağlı sənədlərə imza etdiyini zənn edib. Dərhal notariusa gedərək ərizəni ləğv etmək istədiklərini bildirdilər, onlara məhkəməyə müraciət etməli olduqları izah edildi. İddiaçı öz payını heç kimə vermək istəmirdi. Analarının da fikri o idi ki, Mənzili iddiaçıya bağışlasın.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
11. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
12. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
13. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
14. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.
15. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
16. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.
“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Təlimat:
17. Bənd 110. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələr yazılı formada tərtib olunur və notariat qaydasında təsdiq edilir. Həmin ərizələrin daxil olan sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparıldıqdan sonra vərəsəlik işinin uçotu kitabına daxil edilir. Bu barədə vərəsəlik işinin uçotunun əlifba kitabında qeyd aparılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iddia ərizəsinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
23. İddiaçı xx.xx.2024-cü il tarixdə miras əmlakın ona çatası hissəsindən qardaşı Azər Əliyevin xeyrinə imtina etməsi barədə ərizəni 2-ci qrup əlil, görmə qabiliyyətinin ciddi şəkildə məhdud olması, azərbaycan dilini yüksək səviyyədə bilməməsi, buna görə ərizənin mahiyyətini başa düşməməsi, əizənin hüquqi nəticələri barədə yanlış məlumatlandırılması, bütün bunların nəticəsində aldadıldığı üçün yazdığını bildirmişdir. İddiaçı iddia edir ki, ərizənin hüquqi nəticələri ona sonradan məlum olmuş, bunu bildidikdən dərahl sonra həmin ərizənin ləğv edilməsi barədə noratirat ofisinə müraciət etmişdir.
24. Məhkəmə qeyd edir ki, miras payın qabulu, habelə ondan imtina şəxsin birtərəfli iradə ifadəsi ilə bağlı olduğundan (birtərəfli əqd olduğundan) hazırkı mübahisə üzrə miras paydan imtina barədə ərizənun etibarsızlığı əqdlərin etibarsız hesab edilməsinin dispozitiv şərtləri daxilində yoxlanılmalıdır. Məlumdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Tərəflərin iradə ifadəsini əks etdirən və tərəflərin arzu etdikləri hüquqi nəticələrə uyğun olan əqd etibarlı əqddir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması ilə bağlıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
25. AR Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında göstərmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
26. Etibarsız əqdlərin şərti təsnifatından da görünür ki, iradə ifadəsinə bağlı olan etibarsız əqdlərdən biri də aldtma nəticəsində bağlanmış əqddir. Mülki Məcəllənin 339.2-ci maddəsində əqdin aldatma ilə bağlanması elə bir nəticəni nəzərdə tutur ki, bununla aldadan tərəf əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə, yaxud əqdin bağlanmasını şərtləndirən hallar barədə qəsdən susmaqla digər tərəfin iradə ifadəsinin yanılmasına nail olmuş olur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir.
27. Aldatma nəticəsində bağlanmış əqd onu bağlayan tərəfin real iradə ifadəsini əks etdirmir. Əqdin tərəflərinin iradə ifadəsi isə əqdi etibarlı edən ən mühüm şərtlərdən biridir. İradə ifadəsi şəxsin əqdi bağlamaq istəyindən doğduğu halda real, başqa sözlə həqiqi (etibarlı) ola bilər. Yəni, şəxsin əqdi bağlamaq istəyi həm zahirən (görünən), həm də daxilən mövcud (arzulanan) olmalı və hər iki əlamət bir-birini tamamlamalıdır. Əks halda, əqd yalnız zahirən etibarlı kimi görünəcək, daxilən isə onu bağlayan şəxsin arzsundan doğmayacaqdır. Aldatma nəticəsində balanmış əqdlər də zahirən mövcud olsa da, daxilən onu bağlayan şəxsin arzusundan doğmayan əqdlərdəndir.
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əqdin aldatma ilə bağlanması səbəbindən etibarsız sayılması üçün göstərilən şərtlərin mövcudluğunu təsdiq edən mötəbər və kifayətedici sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Bu tələb isə Mülki Məcəllənin 339.2-ci maddəsində qeyd edilmiş “belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir” müddəasının tələbindən irəli gəlir.
29. İddiaçı miras paydan imtina etməsi barədə xx.xx.2024-cü il tarixli ərizənin elektron aydada tərtib edilməsi və ərizənin mənasını cavabdehin işçiləri tərəfindən ona izah edilməməsini bildirsə də, cavabdehin nümayəndələri məhkəmə baxışı zamanı bildirdilər ki, iddiaçı miras payından kimin xeyrinə imtina etməsini soruşduqda, o, miras payından qardaşı Azərin xeyrinə imtina etdiyini bildirmişdir. Ərizənin məzmunu iddiaçıya izah olunmuş, daha sonra xüsusi notarius tərəfindən ona təkrar izah edilmiş, razılığını öz imzası ilə təsdiq etmişdir. İddiaçı isə cavabdehin dəlilləini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, paydan imtina barədə ərizədən görünür ki, iddiaçı öz xətti ilə soyadını yazaraq ərizəni şəxsən özü imzalamışdır. Onun azərbaycan dilini yüksək səviyyədə bilməməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, ərizənin mətni sadə yazılı formada və başa düşülən, eyni zamanda konkret olaraq ona məxsus miras payın hüquqi tənzimlənməsi ilə bağlıdır. Ərizənin mətninin başa düşülməsi üçün yüksək dil bilgilərinə malik olmaq tələb olunmur. İddiaçı özü də məhkəmə iclasında azərbaycan dilində danışırdı, həmçinin miras paydan imtina barədə ərizə də onun tərəfindən azərbaycan dilində yazılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının 2-ci qrup əlil olması və özünün dediyinə görə görmə qabiliyyətinin məhdud olması onun ərizənin məzmununu başa düşməməsi hesab edilə bilməz. Eyni zamanda, iddiaçının 2-ci qrup əlil olması onun nə məhdudfəaliyyət qabiiyyətli, nə fəaliyyət qabiliyyətsiz olması demək deyil.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı