Məhkəmə qərarları › İş №2(011)-2367/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2367/2023

29.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2367/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən qeydiyyatsız fərdi yaşayış evi İddiaçı məxsusdur və iddiaçı zərurət olmadığı üçün həmin ünvanda uzun müddətdir ki, yaşamır. Bu səbəbdən də həmin ünvanda təbii qazdan böyük miqdarda sərfiyyat edilməmişdir. 2022-ci ilin mart ayında sayğacdan sonra qoşulan qaz xəttində nasazlıq-sızma olduğu üçün həmin ayda sərfiyyat çoxalmışdır. İddiaçı qeyd edir ki, yaşadığı müddət ərzində o vaxtı-vaxtında həmin ünvana aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir və həmin ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh əməkdaşları tərəfindən iddiaçının məlumatı olmadan həmin ünvana baxış keçirilmiş və təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək İddiaçı itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 4252.78 manat məbləğində borc yazılmışdır. Sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Cavabdeh əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, fotoşəkillər sözügedən ünvanda çəkilməmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli rəydə iddiaçıya məxsus ünvanda mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə “PQ-4”, “QSQ” və “Dəmir soban”ın olması qeyd olunmuşdur. “PQ-4” tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, “QSQ”nin saatllıq qaz sərfiyyatı 1,5 kub metr, “Dəmir soban”ın saatlıq qaz sərfiyyatı 1,4 kub metr, orta günlük iş rejimi isə bütün cihazlar üçün 24 saat olmaqla hesabat 360 gün üçün aparılmışdır.

2. İddiaçı həmin ünvanda uzun müddət yaşamadığı üçün “QSQ” və “Dəmir soban”ın həmin ünvanda quraşdırılması üçün zərurət olmamış, qeyd edilən cihazlardan yalnız PQ-4” tipli qaz plitəsi mövcud olmuşdur. Bundan başqa komissiyanın rəyində qeyd olunan cihazların 360 gün ərzində 24 saat fasiləsiz işləməsi qeyd olunsa da, aydındır ki, hər hansı bir qaz cihazının 360 gün müdətində fasiləsiz işləməsi mümkün deyildir.

İddiaçının tələbi:

3. İddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********02002) ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpasə məqsədi ilə hesablanmış 4252.78 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, Cavabdeh tərəfindən əsassız borc yazıldığını bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq, əmək məzuniyyətində olduğu üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və xx.xx.2022-ci il tarixdə tərtib olunmuş ******* saylı aktın əsasında dəymiş ziyanın həcmi 35424 m3 hesablanmışdır;

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğu aşkar olunmuş, İddiaçı aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir;

8. Abonentin saldosundan görünür ki, 2022-ci ilin noyabr ayında abonentin qalıq və aktlar üzrə 4250.88 manat borcu mövcuddur;

9. xx.xx.2023-cü il tarixli 10/3340 saylı ekspert rəyinə əsasən, qaz xətlərinə hər hansı sayğacdan kənar qoşulmanın olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyildir. Əvvəllər qanunsuz qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyildir. ARDNŞ-nin Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarına 2 nömrəli əlavə “Qaz işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimat”ın və ARDNŞ “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən təsdiq edilmiş “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələr”in tələblərinə əsasən PQ-4 (duxovkalı) tipli qaz avadanlığının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 1.2 m3/saat, 18000 Kkal/saat gücündə qənaətli su qızdırıcısının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 2.25 m3/saat, dəmir sobanın 1 saat ərzində sərf etdiyi qazın miqdarı isə 1.4 m3/saat qəbul edilmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evində (abonent kodu:**********02002) qaz xəttinə sayğacdan kənar qoşulmanın olduğu müddət müəyyən edildikdən sonra, sayğacdan kənar qaz xəttinə qoşulma nəticəsində Cavabdeh İB-nə dəymiş ziyan hesablana bilər;

10. Ekspertiza xərclərinə dair bildirişə əsasən, aparılmış mühəndis-texniki ekspertizasının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir;

11. xx.xx.2023-cü il tarixli 3/770 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

12. Ekspertiza xərclərinə dair bildirişə əsasən, aparılmış məhkəmə-trasoloji ekspertizasının dəyəri 65 manat məbləğində müəyyən edilmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu.

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”. 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

21. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* №-li aktda “mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olundu” qeyd edilmiş, lakin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsində nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tərbirlər tam görülməmişdir (§15). Həmçinin xx.xx.2023-cü il tarixli 3/770 saylı ekspert rəyinə əsasən təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. (§11) Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 2022-ci il noyabr ayına abunə koduna hesablanmış 4250.88 manat məbləğində borc silinməlidir

22. Məhkəmə qeyd edir ki, abonentin saldosunun “Qalıq və aktlar” qrafasında iddiaçıya 2022-ci ilin aprel ayına 1.90 manat, 2022-ci ili noyabr ayına 4250.88 manat məbləğdə borc, ümumilikdə ilin sonu üçün 4252.78 manat məbləğdə borc qeyd edilmişdir. İddiaçının təqdim etdiyi sübutlar 2022-ci ili noyabr ayına 4250.88 manat məbləğində borcun qeydə alınması ilə bağlı halları sübuta yetirir. İddiaçı tərəfindən 2022-ci ilin aprel ayı üçün yazılmış borc məbləğinin tələb edildiyini sübut edən əlavə dəlilləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə yalnız təqdim edilmiş sübutlara, akta əsasən noyabr ayı üzrə hesablanmış 4250.88 manat məbləğdə borcun silinməsini məqsədəmüvafiq və ədalətli hesab edir.

23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, qanunsuz kənar xəttin qoşulma halı sübuta yetirilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimə silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir.

24. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********02002 saylı abunə koduna hesablanmış 4250.88 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 62.51 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, mühəndis-texniki ekspertizası üzrə 100 manat, məhkəmə-trasoloji ekspertizası üzrə 65 manat olmaqla, cəmi 165 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdeh tərəfindən İddiaçı **********02002 saylı abunə koduna hesablanmış 4250,88 (dörd min iki yüz əlli manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin.

3. Cavabdehdən 62,51 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

4. Ekspertiza tədqiqatının dəyəri 165 manat Cavabdeh tərəfindən X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

5. İddia tələbi qalan hissədə təmin edilməsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar