Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2369/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən ünvandan çıxarılmış qaz sayğacına görə Cavabdeh İB tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında yaşayış evinə dair qaz sərfıyyatına görə abonent hesabına əsassız yazılmış 777.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı oğlu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində fərdi yaşayış evində yaşayır. 09 avqust 2018-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin qazla təmin edilməsi barədə Cavabdeh İB ilə iddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, müqavilə bağlanandan sonra evin qazla təmin edilməsi üçün küçədə qaz sayğacı quraşdırılmışdır. Həmin vaxtdan artıq 6-cı ildir ki, iddiaçı sərf etdiyi qaza görə vaxtlı-vaxtında ödənişləri həyata keçirir. 10 iyul 2023-cü il tarixdə iddiaçı və oğlu evdə olmayanda Cavabdeh İB-nin işçiləri tərəfindən iddiaçıya heç bir xəbərdarlıq edilmədən, xəbəri və iştirakı olmadan evinə aid olan qaz sayğacı küçədən açılıb aparılmış, əvəzində təzə qaz sayğacı quraşdırılmışdır. Bu yaxınlarda qaz sərfiyyatına görə pulu ödəyəndə iddiaçı aşkar etmişdir ki, şəxsi abonent hesabına ödədiyi məbləğdən 10 manat pul silinmişdir. Qaz sərfiyyatına görə abonent hesabıma ödədiyi pul məbləğinin nə üçün silinməsini araşdırmaq üçün iddiaçı yaşadığı ərazi üzrə Binəqədi rayon Qaz İstismar İdarəsinə getmiş, oradan iddiaçıya 31 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın kserosurəti verilmişdir. Həmin aktla tanış olanda iddiaçı görmüşdür ki, iddiaçının xəbəri və iştirakı olmadan tərtib edilmiş həmin aktda yazılıb ki, “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən kəskin fərqlidir”. Eyni zamanda Cavabdeh İB tərəfindən tərtib edilib verilmiş 10 iyul 2023cü il tarixli abonentin saldosundan müəyyən edilir ki, iddiaçının abonent hesabına əsassız olaraq 777.60 manat borc yazılmışdır. Təbii ki, bu, absurddur, əsassız yazılmış bir borc məbləğidir. Belə ki, iddiaçının həyət evindən kənarda küçədə quraşdırılmış qaz sayğacına əgər doğurdan da müdaxilə olunmuşdursa, onda hansı səbəbdən Cavabdeh İstehsalat Birliynin işçiləri, labaratoriya işçiləri hansı səbəbdən iddiaçının evinə məxsus qaz sayğacına baxış keçirərkən iddiaçını maraqlı şəxs kimi dəvət etməmişlər, iddiaçının iştirakını təmin etməmişlər? Nə üçün iddiaçının ünvanına onun iştirakı olmadan baxış keçirmişlər? Buradan açıq-aşkar aydın olur ki, Birliyin işçiləri vəzifə səlahiyyətlərindən suiistifadə edərək mənim xəbəri, iştirakı olmadan yaşadığı evdən kənarda küçədə quraşdırılmış qaz sayğacını çıxardıb aparmış, qaz sayğacını iddiaçının xəbəri, iştirakı olmadan birtərəfli yoxlamış, iddiaçının iştirakı olmadan əsassız olaraq birtərəfli akt tərtib etmişlər. Guya qaz sərfıyyatına görə iddiaçının 31 iyul 2023-cü il tarixə 777.60 manat borcu yaranmışdır. Göründüyü kimi Birliyin əməkdaşları qanunsuzluğa yol vermişlər, çünki belə olmasa idi, evin qaz sayğacını iddiaçının xəbəri, icazəsi olmadan çıxarıb aparmazdılar, iddiaçını dəvət etmədən sayğaca baxış keçirtməzdilər. Nəticədə, iddiaçının istehlakçı hüquqları pozulub, ona 777.60 manat əsassız borc yazılıb. İddiaçı hesab edir ki, Cavabdeh İstehsalat Birliynin 31 iyul 2023-cü il tarixli, ******* saylı aktı etibarsız hesab edilməlidir və iddiaçının xəbəri və iştirakı olmadan tərtib edilmiş həmin akt əsasında yazılmış 777.60 manat məbləğində əsassız borc iddiaçının abonent hesabından silinməlidir. Cavabdehin bu kimi qanunsuz hərəkətləri iddiaçıya çox pis təsir etmişdir, onların qanunazidd hərəkətləri nəticəsində iddiaçının istehlakçı hüquqları pozulduğundan iddiaçı ağır sarsıntılar-iztirablar keçirmiş, sağlamlığıma ağır zərər yetirilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi ünvana yazılmış 777.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 iyul 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənginin qoruyucu örtüyün rəngindən kəskin fərqli olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 777.60 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin iyul ayına abonentin 777.60 manat borcu mövcuddur. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, X4 iddiaçının oğludur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 777.60 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı X1 **********04421 saylı abunə koduna hesablanmış 777.60 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X1 **********04421 saylı abunə koduna hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2369/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2369/2024
05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver